Kərəm Məmmədov: “Qondarma adlar dəyişdirilərkən yaxşı olar ki, tarixçilərin fikri nəzərə alınsın. Bu məsələlərdə Milli Məclis və ad qoyma ilə məşğul olan dövlət qurumları diqqətli olmalıdır”
Azərbaycanın coğrafi obyekt adları tədqiq olunur. Məlumata görə, ilk növbədə Aran zonası üzrə toponimlər tədqiq edilib. Tədqiqatlar Salyan və Saatlı rayonları toponimlərinin materialları əsasında aparılıb.
Saatlı rayonuna aid toponimlər müxtəlif məxəzlərdən toplanıb və tədqiq olunub. İlkin nəticələrə əsasən məlum olub ki, əsas toponimik fon Azərbaycanca (türkcə) olsa da, tək-tək ərəb və fars sözləri iştirak edən toponimlər də var.
Məsələyə münasibət bildirən tarix elmi üzrə fəlsəfə doktoru Kərəm Məmmədov “Sherg.az”a bildirib ki, qədim zamanlarda ərazilərimizdə türk xalqları ilə yanaşı başqa xalqlar da yaşayıb. Ona görə başqa xalqların sözlərindən ibarət toponimlər də mövcuddur:
“Azərbaycanda İrandilli və Qafqazdilli xalqlar yaşayıb. Düzdür, istər Ərəb, istər Sasani, istərsə də Rusiya işğalları zamanı ərazilərimizə qondarma adlar da qoyulub. Təbii ki, qondarma adlar işğalçıların gətirdiyi sözlər idi.
Əvəllər Əlibayramlının adı ilə bağlı müzakirə yarananda əvvəlcə tarixçilərə müraciət etdilər. Təəssüf ki, sonra tarxiçilərin sözünə baxmadılar. Bölgənin qədim adı Qırx Çıraq idi. Nədənsə o boyda Şirvan mahalının adını bir şəhərə qoydular. Əlbəttə, bu, düzgün deyil.
Yaranan qondarma adlar dəyişdirilərkən yaxşı olar ki, tarixçilərlə məsləhətləşsinlər və onların fikri nəzərə alınsın. Bu məsələlərdə Milli Məclis və ad qoyma ilə məşğul olan dövlət qurumları diqqətli olmalıdır”.