Kefli İsgəndərin yaşadığı Ağcabədinin Hüsülü kəndindən REPORTAJ


XX əsr Azərbaycan ədəbiyyatının böyük sənətkarlarından olan Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı “Ölülər” pyesi ədəbiyyatımızın şah əsərlərindəndir. Mirzə Cəlil əsərin baş qəhrəmanı Kefli İsgəndər obrazından istifadə etməklə cahilliyi, avamlığı, elmsizliyi tənqid edib. Pyesdə Kefli İsgəndər fırıldaqçı Şeyx Nəsrullaha qarşı qoyulur. Kefli İsgəndər Şeyx Nəsrullahın "ölü diriltmə” yalanına inanmır, onu ifşa edir. Ancaq camaat həmişə içki içən, doğruları söyləyən İsgəndərə inanmayaraq ona dəli adı verir.

Cəlil Məmmədquluzadə məqalə və xatirələrində Kefli İsgəndərin yüzlərlə ayrı-ayrı ziyalının ümumiləşmiş obrazı olduğunu bildirib. Lakin Kefli İsgəndər obrazının real prototipləri barədə müxtəlif versiyalar var. Onlardan biri Kefli İsgəndərin prototipinin Ağcabədi rayonunun Hüsülü kəndində yaşamış İsgəndər Hacı Həsən oğlundan götürülməsi versiyasıdır.



Məlum olduğu kimi, Cəlil Məmmədquluzadə 1907-ci ildə Həmidə xanım Cavanşirlə ailə həyatı qurub və ömrünün xeyli hissəsi Qarabağda - Ağcabədinin Kəhrizli kəndində keçib. Həmidə xanımın qeyd etdiyi kimi, Mirzə Cəlil "Anamın kitabı" pyesinin müəyyən hissəsini, "Molla Nəsrəddin" jurnalı üçün baş məqalələrin bir çoxunu, həmçinin "Ölülər" pyesini Kəhrizli kəndində yazmışdı. "Ölülər" pyesinin qəhrəmanı Kefli İsgəndər, eləcə də əsərin bir neçə prototipi Ağcabədinin Hüsülü kəndindən götürülmüşdü.



Həmidə xanım xatirələrində yazır: "Pyesin qəhrəmanına qohumumuz rəhmətlik atamın yaxın dostu, fars dilini gözəl bilən böyük mərifət sahibi İsgəndər Hacı Həsən oğlunun adını verilmişdi. İsgəndər Hüsülü kəndində yaşayırdı. Böyük üzüm bağları var idi. Yerli ruhanilərin və başqa insanların rəyini vecinə almadan şampan şərabına bənzər əla çaxır çəkirdi. O, içən olduğundan "Kefli İsgəndər" ləqəbi ilə tanınırdı".

AZƏRTAC-ın bölgə müxbiri Kefli İsgəndərin prototipinin yaşadığı Ağcabədinin Hüsülü kəndinə gedərək sakinlərin fikirlərini öyrənib. Qeyd edək ki, İsgəndərin məzarı da Hüsülü kənd qəbiristanlığındadır.

Hüsülü kənd sakini Məhəmməd Quliyevlə söhbət zamanı bildirib ki, dövrünün ziyalılarından olan İsgəndər Hacı Həsən oğlu Avropada təhsil alıb, Hüsülü kəndində yaşayıb: “O, Həmidə xanım Məmmədquluzadənin qohumu idi. Belə ki, Həmidə xanımın əmisi qızı Bahar xanım İsgəndərin həyat yoldaşı olub. Eyni zamanda, Həmidə xanımın atası Əhməd bəy Cavanşirlə dostluq əlaqələri vardı. İsgəndərin böyük üzüm bağları olub. XIX əsrin sonlarında üzümdən şərab istehsal edib. İsgəndərin oğlu Xudadat Qori müəllimlər seminariyasında təhsil almışdı və Mirzə Cəlillə yaxın münasibətləri var idi. İsgəndər 1902-ci ildə dünyasını dəyişib. Odur ki, Mirzə Cəlil İsgəndəri görməyib. Ancaq onun haqqında eşitdiklərini, bildiklərini İrəvan və Naxçıvandakı əhvalat və tiplərlə ümumiləşdirərək qələmə alıb".

İsgəndərin və atası Hacı Həsənin dağılıb itməkdə olan məzarları kənddə yaşayan qohumları İlham Novruzov tərəfindən bərpa edilib. "Mənim babam Fərrux bəy İsgəndərin atası Hacı Həsənlə dayıoğlu-bibioğludur. İsgəndərin və atası Hacı Həsənin qəbirləri itmək üzrə idi. Ona görə bərpa etdik. İsgəndərin şəklini Leninqradın arxivlərindən axtarsaq da tapa bilmədik. Bildiyimizə görə, İsgəndərin oğlu Azərbaycanda sovet hakimiyyəti qurulanda Fransaya mühacirət edib və hazırda nəvələri orada yaşayır. Ancaq heç bir əlaqəmiz yoxdur", - deyə İlham Novruzov bildirib.

Qeyd edək ki, Kefli İsgəndər obrazının real prototipləri barədə digər versiyada Cəlil Məmmədquluzadənin Naxçıvanda yaşayan Paşa bəy Sultanov adlı bir vəkili nəzərdə tutduğu bildirilir.