Bağanıs Ayrım kəndinin işğalından 30 il keçir - İÇACIDAN FOTOLAR


Qazax rayonunun Bağanıs Ayrım kəndi martın 23-dən 24-nə keçən gecə erməni silahlı quldurları tərəfindən işğal edilib. Təpədən dırnağadək silahlanmış düşmən gecə ikən kəndə hücuma keçib, evləri qarət etdikdən sonra od vurub, günahsız insanları qətlə yetirib, kənd sakinlərini diri-diri ocaqda yandırıb. Ermənilərin işğalı nəticəsində 5 nəfərdən ibarət bir ailə - Əsliyev Dadaş, həyat yoldaşı Pakizə, qızları Havaxanım, Aliyə, nəvəsi Hafiz və daha bir nəfər kənd sakini Alməmməd Məhərrəmov, 6 nəfər kənd sakini yandırılıb, kəndi qoruyan milis işçisi Məcid Əhmədov qətlə yetirilib. Bundan başqa, daha 1 milis işçisi və 1 nəfər kənd sakini isə yaralanıb.

Bağanıs Ayrım kəndiQazax rayonunun Əskipara inzibati ərazi vahidində yerləşirdi. XVIII əsrin əvvəllərində yaranmış, keçmiş adı Seyid Ayrım olmuş bu kənd zaman-zaman ermənilərin hücumlarına məruz qalmış, nəticədə məcburiyyət qarşısında öz ilkin yerini dəyişməli olmuşdur. Bu dəyişmələr zamanı erməni riyakarlığı və rusların onlara dəstək olması da az rol oynamamışdır. Ermənilərin məkrli niyyətləri sovet dövründə də davam etmiş, 1984-85-ci ildə Qazax rayonundan 2105 hektar torpaq sahəsi Ermənistana verilmiş, Bağanıs Ayrım kəndinin 42 hektar torpağı onlara "bağışlanmışdı”. Bu səbəbdən də Bağanıs Ayrım erməni kəndlərinin əhatəsində qalmışdı.

İşğal olunana qədər kənddə 450 nəfər adam yaşayırdı. Bağanıs Ayrımda 101 ev, 113 təsərrüfat var idi. Əhalinin şəxsi mal-qarasının, davarının sayı 300-dən çox olardı. Camaat əsasən, maldarlıq və arıçılıqla məşğul idi. Kənddə ibtidai məktəb, tibb məntəqəsi, klub, kitabxana, 2 mağaza var idi.

Aşağı Əskipara və Yuxarı Əskipara kəndləri ilə birlikdə M.Ə.Sabir adına üzümçülük sovxozuna tabe olan Bağanıs Ayrım kəndinin təsərrüfatı əvvəllər tütünçülük, 1975-ci ildən sonra isə üzümçülük olmuşdu. Dağlıq ərazisində yerləşməsinə baxmayaraq, kəndin əkinə yararlı 400 hektara qədər torpağı var idi. Onun 70 hektarında taxıl, 30 hektarında isə yazlıq bitkilər əkilirdi. 150 hektarı biçənəkdə 100 başdan çox mal-qara otarılırdı. Qalan hissəsi isə üzüm bağları ilə əhatə olunmuşdu.

Bağanıs Ayrım kəndindən 2 km uzunluğu olan bir ərazidən Gürcüstanla Ermənistanı birləşdirən magistral yol keçirdi. Bu yol ermənilər üçün olduqca əhəmiyyətli və gərəkli idi.

Bağanıs Ayrım Qazax rayonunun ermənilər tərəfindən ilk işğal olunan və ilk faciə, soyqırım törədilən ilk Azərbaycan kəndidir. 30 il bundan qabaq erməni quldurları günahsız kənd sakinlərini, qocanı, uşağı öldürmüş, yandırmışlar. Yandırılan kənd sakininin böyüyü 75 yaşında, kiçiyi isə 39 günlük körpə uşaq olmuşdur.

Bağanıs Ayrım kəndinin işğalı ilə əlaqədar rayonda çıxan "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl 1999-cu ildə "Bu, əsl faciə idi”, millət vəkili Qənirə Paşayeva və "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə 2010-cu ildə "Ermənilərin törətdiyi soyqırımın qurbanı-Bağanıs Ayrım” adlı kitablar yazmış, baş vermiş vandalizmi dünya ictimaiyyətinə çatdırmışlar.

Onu da qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Elçin İsmayılın Bağanıs Ayrımın işğalının 30 illiyinə həsr olunmuş "İlk şəhid kənd” adlı yeni tarixi-publisist kitab yaxın günlərdə oxucuların ixtiyarına veriləcək.