“Bağanıs Ayrım faciəsini dünyaya hələ də lazımi səviyyədə çatdıra bilməmişik”
"10 aylıq körpəni yanan oda atan erməni faşistlərindən intiqam almalıyıq. Əminəm ki, o gün gələcək. Qazax camaatı da həmin günü həsrətlə gözləyir"
Qazax rayonunun Bağanıs Ayrım kəndinin işğalından 30 il ötür. Bağanıs Ayrım 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlı quldurları tərəfindən işğal edilib.
Təpədən dırnağadək silahlanmış düşmən gecə ikən kəndə hücuma keçib. Evləri qarət etdikdən sonra od vurub, günahsız insanları qətlə yetirib, kənd sakinlərini diri-diri ocaqda yandırıb. Ermənilərin işğalı nəticəsində 5 nəfərdən ibarət bir ailə - Əsliyev Dadaş, həyat yoldaşı Pakizə, qızları Havaxanım, Aliyə, nəvəsi Hafiz və daha bir nəfər kənd sakini Alməmməd Məhərrəmov, 6 nəfər kənd sakini yandırılıb.
Tarixçi-alim Dilavər Əzimli "Sherg.az"a açıqlamasında bildirib ki, Qazax rayonunun 7 kəndi erməni faşistləri tərəfindən işğala məruz qalıbdır.
O bildirib ki, əslində, erməniləri hərtərəfli müdafiə edən Rusiya Qazaxın yeddi kəndini işğal etməyə şərait yaradıb:
"Qazax rayonunun Bağanıs Ayrım kəndi mənim üçün çox doğmadır. İlk gündən orada gedən proseslərin şahidiyəm. O kəndlə bizim qohumluq əlaqələrimiz var idi. Gənclik illərimdə tez-tez o kənddə olardım. Çox səfalı bir kənd idi. Əhalisi qətiyyətli, mərd və döyüşkən idi. Erməni faşistləri Rusiyanın hesabına təpədən dırnağa qədər silahlanmışdılar. Amma o zaman Bağanıs Ayrım kəndinin əhalisinin əlində bir neçə tüfəng var idi. Bu tüfənglərlə də erməni faşistlərinə qarşı dayana bilirdilər. Martın 24-ü gününü yaxşı xatırlayıram. Əslində, həmin gün Bağanıs Ayrım faciəsi kimi tarixə düşməlidir. Rusiya zabitlərinin iştirakı ilə hücuma keçən erməni faşistləri həmin gün kənd əhalisindən 10 nəfəri qətlə yetirdilər, 15 nəfərdən çox isə müxtəlif dərəcəli yaralar aldılar. Qətlə yetirilən insanlar içərisində 10 günlük körpə də var idi. Bu əsl vəhşilik, vandalizmdir. O zaman Moskva qarşısında nökərçiliyini yerinə yetirən Azərbaycan rəhbərliyi Bağanıs Ayrım kəndinə lazımi səviyyədə kömək etmədi. İndi bu faciədən 30 il ötür. Ölkəmizdə neçə faiz bu faciə haqqında məlumatlıdır? Orta məktəb dərsliklərində bu faciə əksini necə tapıb? Kütləvi informasiya vasitələrinin bundan xəbəri yoxdurmu? Ümumiyyətlə, Qazax rayonun 7 kəndinin işğalı məsələsi beynəlxalq səviyyədə necə təqdim olunur? Sanki, Qazax rayonunun işğal olunan kəndlərini yaddan çıxarmışıq".
Tarixçinin sözlərinə görə, Bağanıs Ayrım faciəsini dünyaya hələ də lazımi səviyyədə çatdıra bilməmişik:
"Əslində, bu faciənin təqdimatı kifayətdir ki, erməni xisləti, erməni murdarlığı ifşa olunsun.
10 aylıq körpəni yanan oda atan erməni faşistlərindən intiqam almalıyıq. Əminəm ki, o gün gələcək. Qazax camaatı da həmin günü həsrətlə gözləyir. Təəssüf edirəm ki, Bağanıs Ayrım faciəsinin 30 illiyi bizdə çoxlarının diqqətindən kənarda qalıb. Millət unutmamalıdır ki, soyqırımı, faciəni unutsa, başına yeni faciələr, soyqırımlar gələcək. Bu faciəni yada saldığınız üçün sizlərə minnətdaram!"