Deputat Qazaxın işğaldakı kəndlərindən DANIŞDI:”Adamın ürəyi parça-parça olur”

Səməd Seyidov:“Barmağın beşi də mənimkidir, fərq etməz hansı barmaq ağrayır. İşğal olunmuş torpaqların hamısı da Azərbaycan xalqının ağrısıdır”




Məlumdur ki, Dağlıq Qarabağ və ətraf rayonlarla yanaşı Qazaxın 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 
Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edilib. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulub, 10 nəfər dünyasını dəyişib,15 nəfərdən çox insan isə yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Kənddə işğal oluna zaman 600 nəfər yaşayırmış. 
Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər.Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlı da 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir xətti də yolu ermənilər tərəfindən partladılır. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilir. 
1992-ci ilin martın 8- də Xeyrimli, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edildi. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli oldu. 

Bir sözlə, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmayıb. Onların işğalçı siyasəti digər bölgələri də əhatə edib. Dağlıq Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən, artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı və sonda işğal olundu. Amma iddialar var ki, nədənsə, bu işğal faktı o qədər də qabardılmır. 
Beynəlxalq təşkilatların hesabatlarına salınmır. Məsələn, biıdirilir ki, Qazax rayonunun işğal altında olan kəndləri barədə ümumiyyətlə beynəlxalq tribunalarda müzakirələr aparılmır. Maraqlıdır, işğalda olan bu 7 kənd barədə ATƏT və digər təşkilatlarda hansısa məsələ qaldırıla bilərmi?

İddia və ittihamlara cavab verən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Qazaxdan seçilən millət vəkili  Səməd Seydiov “Sherg.az”a açıqlamasında bildirib ki, söylənilən iddialar əsassızdır. Millət vəkilinin sözlərinə görə, beynəlxalq təşkilatlar bəzən ikili standartlar nümayiş etdirsə də, işğal altında olan bütün ərazilər dövlətimiz üçün eynidir:

“İşğal olunmuş torpaqlarımız bir-birindən fərqlənmir. Qazax rayonunun millət vəkili olaraq sərhədyanı kəndlərdə dəfələrlə şahidi olmuşam ki, orada necə qəhrəman insanlar  yaşayır. Sözün əsl mənasında Qazaxdakı vətəndaşlarımız qəhrəmandırlar. Düşmən hiyləgərdir, onlar hər an hansısa provakasiyanı həyata keçirə bilər. Ona görə də Qazaxda yaşamaq və normal həyat sürmək çətindir. Həmin sərhəd kəndlərinə yolların çəkilməsi, normal işığın olması orada yaşayan insanlara böyük köməklik göstərir. Demək olar ki, sərhədaynı bütün kəndlərdə bu problemlər öz həllini tapıb. Sadəcə 1-2 kənddə çatışmazlıqlar var. Fərəhli kəndində olanda sözün əsl mənasında qəhrəmanlarla söhbət apardım. Həmin kəndə yolun çəkilməsi nəzərdə tutulur. Təəssüf ki, koronavirus bu işləri bir az ləngitdi. Amma bütün bunlar regionların inkişaf proqramına daxil edilmiş məsələdir. Hazırda rayonda gedən quruculuq və abadlıq işləri göz qabağındadır. Buna özüm canlı olaraq şahid olmuşam. 

İşğal olunmuş kəndlərimizə baxanda adamın ürəyi parça-parça olur. Amma söylənilən iddialar əsassızdır. Əminəm ki, bu gün Azərbaycan xalqının və dövlətinin arasında elə möhkəm tellər yaranıb ki, dövlətimiz möhkəmlənib. Vaxtı çatanda torpaqlarımızın işğaldan azad olmasının şahidi olacağıq. Təbii ki, düşmən hiyləgərdir, beynəlxalq təşkilatlar da ikili standartlartdan çıxış edir. Ona görə vəziyyət bir az çətindir. Amma hesab etmirəm ki, Qazaxın 7 kəndi diqqətdən kənarda qalsın. Barmağın beşi də mənimkidir, fərq etməz hansı barmaq ağrayır. İşğal olunmuş torpaqların hamısı da Azərbaycan xalqının ağrısıdır. Ona görə də hər bir kəndin ürəyimizdə xüsusi yeri var”.