Tarix İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilib.

Tarix İnstitutundan "Sherg.az"a verilən məlumata görə, iclasda elmi müəssisənin fəaliyyəti müzakirə olunub.

Elmi müəssisənin direktoru, akademik Yaqub Mahmudov deyib ki, Tarix İnstitutunun əməkdaşları hazırda öz elmi tədqiqatlarını evdən davam etdirirlər. Tarixçi alimlər müxtəlif mövzular üzərində tədqiqat aparırlar.

Onlayn iclasda, həmçinin institutun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fazilin 80 illiyi qeyd olunub.

Bildirilib ki, Şahin Fazilin 37 kitabı və 300-dən çox elmi məqaləsi çapdan çıxıb. Görkəmli alim elmi fəaliyyəti dövründə Azərbaycan tarixinə dair yeni əlyazmaları, ilk mənbələri aşkara çıxarmış, onları tədqiqatçıların ixtiyarına vermişdir. O, orta əsr müəllifləri Həsən bəy Rumlu, İsgəndər bəy Münşi, Jozef Tiflisi və Yan Tadeuş Kruşinskinin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Onun Azərbaycan tarix elminin inkişafına verdiyi töhfələrdən biri İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixe-aləmaraye-Abbasi”) əsərini fars dilindən Azərbaycan dilinə tərcümə etməsidir. Şahin Fazilin 80 illiyinə həsr olunan xatirələr kitabı üzərində iş gedir.

Sonda Elmi Şura Şahin Fazilin Azərbaycan tarix elminin inkişafına verdiyi töhfələri nəzərə alaraq, onun təltif edilməsi ilə bağlı məsələ qaldırıb.