Polyak tələbələrə Azərbaycan tarixi onlayn rejimdə tədris edilir


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, Polşadakı Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova Varşava Universitetinin tələbələrinə Azərbaycan tarixini onlayn rejimdə tədris edir.

Tarix İnstitutundan "Sherg.az"a verilən məlumata görə, Nərgiz Axundova “Azərbaycanın orta əsrlər tarixi”, “Azərbaycan çar və sovet Rusiyasının işğalı dövründə”, “Azərbaycanın xarici siyasəti” və “Azərbaycanın beynəlxalq əlaqələri” fənləri üzrə onlayn mühazirələr keçir.

Elmi müəssisənin şöbə müdirləri Nigar Maksvell “Böyük Britaniyanın Cənubi Qafqazda “erməni məsələsi” prizmasından siyasəti (1918-1919)” və “Böyük Britaniyanın Milli Arxivinin Qafqaz tarixi üzrə sənədləri (1918-1920)”, Elmar Məhərrəmov “Xalq qəzeti”nin 100 illiyinə həsr olunan “Azərbaycan tarixinin bir əsrlik salnaməsi” və Mais Əmrahov “Erməni terrorçu-daşnak faşistləri alman faşizminin xidmətində (1939-1945-ci illər)” və “Azərbaycan SSR İkinci Dünya müharibəsində (1939-1945-ci illər)” kitabları üzərində işləyirlər.

Bundan başqa, tarixçi alimlər Nərgiz Axundova “Səfəvi dövlətinin idarəetməsində Azərbaycan-türk əyanlarının rolu”, Vasif Qafarov “Azərbaycan Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında iqtisadi əlaqələr”, “Trabzon konfransında gizli müzakirələr və onların təfərrüatı” və “Osmanlı-Azərbaycan hərbi ittifaq müqavilə layihələri”, Aygün Əzimova “1917-1918-ci illərdə Bakıda gedən siyasi mübarizədə ingilis amili” və “1917-1918-ci illərdə Azərbaycanda gedən siyasi mübarizədə aqrar amilin rolu” və Şəhla Məmmədli “XX əsrin I yarısında qloballaşmanın iqtisadi-siyasi problemləri və Azərbaycan” və “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında münasibətlərin siyasi-hüquqi əsaslarının yaranması” mövzuları üzərində tədqiqat aparırlar.

Xatırladaq ki, Polşadakı Azərbaycanşünaslıq Mərkəzi Varşava Universiteti, Azərbaycanın Polşadakı səfirliyi, AMEA-nın Tarix İnstitutu və Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) birgə əməkdaşlığı çərçivəsində yaradılıb.