Gədəbəy Dədəbəy olsun ! - Mütəxəssislər təkliflə razıdırlarmı ? 


Elmar Həsənli: “Mənası qədim türkcə böyük  qüdrətli deməkdi. Sonradan bu söz deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib”


Əziz Əlibəyli: “İndiki mənası ilə keçmişdə əxz etdiyi mahiyyət arasında fərq var. Nəticədə rayonun adının “Gədəbəy” olması yaxşı bir mesaj ötürmür”


 

Xural TV-nin “Siyasət meydanı” verilişində sözügedən TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı Gədəbəyin adının dəyişdirilib,  Dədəbəy olması təklifi ilə çıxış edib. O hətta bu mövzu ilə bağlı kampaniya da keçirəcəyini qeyd edib.



Bu  rayonun adı birmənalı qarşılanmır deyə, Gədəbəyin adının dəyişdirilməsini  istəyən ictimaiyyət nümayəndələri zaman-zaman bu cür təkliflərlə çıxış edirlər.

Tarixçi, tədqiqatçı Elmar Həsənlinin dediyinə görə, Gədəbəy sözünün mənası haqqında onlarla rəvayət mövcuddur:



“Alban tarixçisi Mixtar Qoşun " Albaniya xronikası " əsərində Gədəbəy əyalətinin adı " Getabey " kimi işlənib. Mənası qədim türkcə böyük  qüdrətli deməkdi. Sonradan bu söz deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. Gədəbəy isə Qədim türkcə gədə -keşikçi və bək -təpə ( gözətçi təpə) anlamına gəlir”. 

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli  də doğulub boya-başa çatdığı Gədəbəyin adının dəyişdirilməsinin tərəfdarıdır: 

“Hələ 5-6 il əvvəl gənclər olaraq, rayonun adının dəyişdirilməsi ilə bağlı məsələ qaldırsaq da, Gədəbəy ictimaiyyətindən, xüsusilə də ziyalılardan heç bir dəstək əldə edə bilmədik. Çünki mənası  bərbad qəbul edilən bu ad çoxdan əhalinin altşüurunda özünə yer tapıb və heç bir etiraz hissi doğurmur.
Bəzi tarixçilər rayonun adının etimologiyasına baş vurur, arxaikləşmiş sözün (məsələn, “gədə” – “kiçik”, “gəda”, “namussuz, əxlaqsız” və s. kimi məna çalarları arasında variasiya – müs.) indiki mənası ilə keçmişdə əxz etdiyi mahiyyət arasında fərq olduğunu müdafiə edirlər, hətta alban dövrünün etimoloji çalarları ilə eyniləşdirirlər, amma izahı olsa da, nəticədə rayonun adının “Gədəbəy” olması yaxşı bir mesaj ötürmür.
Deyilənə görə, ad “gədə” və “bəy” sözlərinin birləşməsidir. Qədim türk tayfaları yaşayan ərazilərdən biridir. Hətta “kət” və “bək” sözlərindən yaranan coğrafi adlar Orta Asiya türk dövlətlərində də var. Qədim türkcədə “kət” sözünün əks tapdığı həmin yerlərdə, əhalini düşmənlərin qəfil basqınlarından xəbərdar etmək məqsədilə bir çox qarovulxana, keşikçi – gözətçi məntəqələri mövcud olub.
Yaxud da alban tarixçisi Muxtar Qoş “Albaniya xronikası” əsərində (1206-cı il) Gədəbəy əyalətinin adını “Getabey” kimi işlədib. Ehtimal edirlər ki, “Gettabey” sözü sonradan deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. 

Qədim türkcə böyük, qüdrətli adam mənasında işlədilib. Coğrafi relyefinə görə bura qədimdə döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türkcə gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir və “gözətçi təpəsi” deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Tarixi mənbələrdə adı ilk dəfə 12-ci əsrdə çəkilən Gədəbəy qalasının xarabalıqları rayonun Təpəlik sayılan yuxarı hissəsindədir. Başqa bir ehtimala görə isə, Dədəbəy sözü deformasiyaya uğrayaraq Gədəbəy olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. Gədəbəy, Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy adlı kəndlər var. Bək – təpə sözü ilə əlaqədar olaraq Gədəbəy oyko-niminin haqqında da danışmaq lazımdır. Gədəbəy qədim türk dillərindən ket – keşik, gözətçi və türk dillərindəki bək – təpə sözlərindən ibarət olub gözətçi (keşikçi) təpəsi mənasını daşıyır.
Yəni bunlar sözlə də ifadə etsək, yalnız izahdır, başqa bir şey deyil, hazırkı başa düşülən məna isə bunlardan qat-qat uzaqdır”.



Ə. Əlibəylinin fikrincə, ölkənin ən böyük rayonlarından biri, ən qədim insan məskənləri ilə məşhur, yeraltı və yerüstü sərvətlərə zəngin, dağları, meşələri, möhtəşəm təbiəti və nəhayət, strateji mövqeyi olan – Qədim Albaniyanın, qədim türk yurdunun  bir parçasını özündə daşıyan bu bölgənin adının Gədəbəy olması anormallıqdır: 

"Gədəbəy Güney Qafqazda dəmir yolu, Su Elektrik Stansiyası, işıq yarımstansiyası, Rusiya ərazisində  misi elektrik üsulu ilə əritmək və s. kimi ilklərin rayonudur. Bu zaman Avropanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi. Bu cür rayonun mənası mənfiyə yozulan bir adla hallanması xoşagələn deyil”.

Təklif olunan adlara gəldikdə isə Ə. Əlibəyli təqdim edilən bütün adların özünəməxsus əhəmiyyət daşıdığını deyib:
“Dədəbəy”, “Mədən”, “Qalakənd”, “Misyurdu”, “Qızıl Torpaq, “Dədə Qorqud” və s. kimi adlar səsləndirilir.  Bu adlardan hər biri ola bilər. Əsas odur,  1930-cu ildən naməlum formada “Gədəbəy” adlandırılan rayonun adı dəyişdirilsin”.