Keçmiş döyüşçü: “Ordumuz qələbəyə köklənmiş ordudur”

“Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır”. Bu sözləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edərkən səsləndirib. Dövlət başçısı vurğulayıb ki, bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır və unu Azərbaycan xalqı bilir, görür: “Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”. 

Ölkə rəhbəri qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir: “Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq.

Çünki biz real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq. Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Eyni zamanda, mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır”. 



Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Əlisahib Hüseynov “Sherg.az”a açıqlamasında deyib ki, bu gün hamımız üçün mübarək bir gündür. Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür. Partiya sədri bildirib ki, qürur mənbəyimiz, and yerimiz olan Silahlı Qüvvələrimizin yaranmasından 102 il ötür: 

“Bizim ordumuz çox mürəkkəb bir tarixi şəraitdə yaranıb, formalaşıb. İlk hərbi hissəmiz Cümhuriyyətimizlə yaşıddır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. Ordumuzun təməlini Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi əfsanəvi generallarımız qoyublar. 1998-ci il 22 mayda Ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələri bərpa edilib və 26 iyun Silahlı Qüvvələr Günü elan olunub.

Həmin vaxtdan etibarən xalqımız hər il müstəqilliyimizin, suverenliyimizin qarantı olan Azərbaycan Ordusunun  yaranma gününü təntənə ilə qeyd edir. 102 illik şərəfli bir tarixi olan Milli Ordumuz bu gün dünyanın 50 ən güclü ordusu sırasındadır. Silahlı Qüvvələrimiz ən çətin döyüş tapşırıqlarını belə yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir. Biz bunu 2016-cı ilin məşhur Aprel döyüşləri zamanı da əyani olaraq gördük. Mən özüm də həmin vaxt cəbhə bölgəsindəydim. Qazilərimizlə, Milli Qəhrəmanlarımızla birlikdə ön cəbhədəki əsgər və zabitlərimizə mənəvi dəstək verməyə getmişdik. Hərbçilərimizin döyüş ruhu, qələbə əzmi çox yüksək idi”. 

Keçmiş döyüşçü vurğulayıb ki, ordumuz qələbəyə köklənmiş ordudur: 

“Bu orduya ancaq və ancaq qələbə yaraşır. Əminəm ki, hər bir əsgərimiz və zabitimiz üçrəngli bayrağımızı Şuşada, Xankəndində dalğalandırmağa hazırdır. Qarabağ müharibəsində son sözü işğalçı ermənilər deyil, məhz Azərbaycan Silahlı Qüvvələri deyəcəkdir. Heç kimin buna şübhəsi olmasın! Azərbaycan Ordusunun bütün şəxsi heyətini, qazilərimizi 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ordumuza Qələbə paradı, xalqımıza isə Qələbə sevinci arzulayıram!”.