Sabir Rüstəmxanlı: "Dünya təcrübəsində bunun örnəyi var. Gözəl bir addımdır"
Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəslə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan görüş otaqlarına və iclas salonlarına milli adlar verilib. İclas salonları müvafiq olaraq - “İstiqlal”, “Respublika”, “Qarabağ”, “Xəzər” və “Xarı bülbül” bağı, görüş otaqları isə “İpək yolu” və “Odlar yurdu” olaraq adlandırılıb.
Bununla yanaşı, Milli Məclisin inzibati binasında deputatların fəaliyyəti üçün müasir texnologiyaların nailiyyətlərindən istifadə etməyə imkan verən plenar İclas zalı və müstəqil Azərbaycanın memarı olan ümummilli liderin adını daşıyan, müxtəlif eksponatlara və nəşrlərə malik Heydər Əliyev xatirə zalı da fəaliyyət göstərir.
Salon adları ilə bağlı fikirlərini “Şərq”ə paylaşan millət vəkili Sabir Rüstəmxanlı bunun gözəl təşəbbüs olduğunu deyib. Deputatın sözlərinə görə, Milli Məclisdə, sadəcə, Azərbaycan vətəndaşları olmur, tez-tez xarici qonaqlar da parlamentə gəlirlər:
“Dünya təcrübəsində bunun örnəyi var. Gözəl bir addımdır. Xaricdən gələn parlamentarilər, siyasətçilər Milli Məclisdə, komitələrdə keçirilən görüşlər zamanı bu adlarla tanış olarlar, maraqlanarlar.
Bilərlər ki, Qarabağ Azərbaycanındır. Həm də bir növ təbliğat xarakteri daşıyar. Tədbirlərin hansı salonda keçirilməsi də çox vacibdir. Məncə, doğru və vaxtında atılmış addımdır”.