Nə qədər ki, 15 sentyabr Bakı qələbəsi, Çanaqqala zəfərinin ruhu ölməyib, bu birliyə kimsə zərər yetirə bilməyəcək
Sentyabrın 15-də Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlət başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib. Dövlət başçısı qeyd edib ki, əcdadlarımızın əziz xatirəsinə göstərilən sadiqliyin nümunəsi olaraq, 15 sentyabr tarixi bir bayram kimi bu gün də qeyd olunur.
Bununla əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirilir. Prezidentlər ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğulayıblar. Telefon danışığı zamanı Bakının azad edilməsinin 100 illiyi münasibətilə iki il əvvəl keçirilmiş hərbi parad da xatırladılıb.
Azərbaycan və Türkiyə əsgərlərinin iştirak etdiyi hərbi paradın hər iki ölkənin prezidentləri tərəfindən birgə izlənməsi xoş təəssüratlarla qeyd edilib. Bu gün ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.
Qeyd olunan məqamları “Şərq”ə dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Türkiyə-Azərbaycan münasibətləri sıradan iki müstəqil ölkə münasibətləri deyil. Partiya rəhbərinin sözlərinə görə, bu münasibətlər yüz illərdən bəri şəhid qanları və qardaşlıq bağları ilə yoğrulmuş münasibətlərdir:
“Əbəs yerə deyil ki, həm Azərbaycanda, həm də Türkiyədə bütün xalq “Bir millət, iki dövlət” prinsipini ürəyinə həkk edib və bir-birinə bu prizmadan yanaşır. Dönəm-dönəm iki qardaş ölkə arasına nifaq salmağa çalışan qüvvələr çox olub və bu gün kifayət qədərdir. Ancaq hər iki dövlətin xalqları sayəsində aramızda olan qardaşlıq bağları heç zaman qopmadı. Hətta SSRİ kimi şər və terror quruluşu belə bu qardaşlığı və həmrəyliyi zədələyə bilmədi. 15 sentyabr şanlı Osmanlı əsgərlərindən ibarət Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusuyla birgə daşnak-bolşevik quldurlarının Bakını azad etməsi bu qardaşlığın tariximizdə sadəcə bir epizodudur”.
T.Abbaslı bəyan edib ki, hər iki ölkənin şanlı tarixi qardaşlıq nümunələri ilə doludur:
“Bu gün üzərimizə düşən əsas iş odur ki, minillik tarixdən gələn dostluq və qardaşlıq münasibətlərini daha da dərinləşdirək və bizdən sonrakı nəsillərə ötürək. Nə qədər ki, 15 sentyabr Bakı qələbəsi, Çanaqqala zəfərinin ruhu bizim xalqlarda ölməyib, bu qardaşlığa kimsə zərər yetirə bilməyəcək. Mən bu mübarək gün müddətilə xalqımızı təbrik edirəm və uca Allahdan bütün Türk-islam dünyasına əminamanlıq, inkişaf və daimi zəfərlər arzulayıram”.