Təhsil Nazirliyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində “Arsak” toponiminin yer alması ilə bağlı məsələyə münasibət bildirib. Nazirlikdən deyilib ki, tarixi həqiqət təhrif olunaraq, əsassız şəkildə Azərbaycan tarixinin ayrılmaz parçası olan qədim Albaniyanın 12 vilayətindən biri - Arsakın guya ermənilərə aid olması ilə bağlı yanlış və heç bir mənbəyə əsaslanmayan şərhlər verilir. Vurğulanıb ki, bir çox tarixçi alimlərin (M.Kalankatuklu, A.A.Bakıxanov, Z.Bünyadov, F.Məmmədova, Q.Qeybullayev və b.) sübut etdiyi kimi, Arsak yer adı tamamilə qədim Azərbaycana aid olan məkan və addır və işğalçı qonşuların Azərbaycanın bir çox tarixi yer adları kimi bu adı da özününküləşdirmə cəhdi sadəcə tarixi saxtakarlıq nümunəsidir:
“Acınacaqlısı budur ki, bir çox sosial şəbəkə yazarları özəl nəşriyyat tərəfindən çap olunan tarixi məlumat kitabçası ilə Təhsil Nazirliyinin nəşr etdirdiyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyini qarışdıraraq mətləbdən tamamilə uzaq düşüb. Məsələnin nə yerdə olduğundan xəbərsiz olaraq sosial şəbəkə istifadəçilərinə yanlış məlumat veriblər”.
Qeyd olunub ki, əslində isə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində yer alan tarixi məlumatlar tarixçi alimlər tərəfindən səhih tarixi mənbələrə istinad edilərək təsbit olunub:
“Digər “dərslik” kimi təqdim olunan kitab isə nəinki dərslik deyil, hansısa özəl nəşriyyat tərəfindən ali məktəblərə hazırlaşanlar üçün çap edilmiş soraqçadır. Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur. Bu, aşağıda göstərilən foto nümunədə də öz əksini tapır”.
Tarixçi-alim Elmar Həsənli “Şərq”ə açıqlamasında tarixi məsələlərdə diqqətli olmağın zəruri olduğunu deyib. Onun sözlərinə görə, bu cür problemlərin gündəmə gəlməsi müəyyən səbəblərlə bağlıdır:
“Ümümilikdə bizdə vahid tarixi konsepsiya olmadığı üçün həmişə belə problemlər ortaya çıxır. İstər dövlət tərəfindən nəşr olunan tarix kitablarının, istərsə də özəl nəşrlərin hamısına xüsusi diqqət yetirilməlidir. Çünki nəzarətsiz qalanda belə problemlər yaranır. Tarix yeganə elmdir ki, vətəndaş yetişdirir. Bunun üçün daha diqqətli və həssas olmalıyıq. Olmalıyıq ki, düşmən bizdən səhv tutmasın. Yazdığımız və dediyimiz hər sözün məsuliyyətini daşımalıyıq”.