Burak Ənvər: "Azərbaycandakı qardaşlarımız bunu əsla unutmasınlar – Türkiyənin və bütün türk millətinin duaları sizinlədir"
Türkiyə-Azərbaycan arasında qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Tarixin hər dövründə bir-birimizə arxa çıxıb, dayaq durmuşuq. 1918-ci il Azərbaycan Xalq Cümhuriyətinin daxili-xarici hücumlardan müdafəsində və möhkəmlənməsində ozamankı Osmanlı dövlətinin misilsiz köməyi olub. Qafqaz İslam Ordusu ağır döyüşlərdə rus-bolşevik, daşnak qoşunlarını darmadağın edərək Bakını, bütövlükdə Azərbaycanı xilas edib. Bakının azad olunduğu 15 sentyabr günü tariximizin ən şanlı səhifələrindən sayılır.
Bu gün də qardaş Türkiyə bütün imkanları ilə Azərbaycanla birlikdə olduğunu, torpaqlarımızın azadlığı uğrunda apardığımız Vətən müharibəsində bizə dəstək verdiyini bütün dünyaya göstərir. Yüz il öncə tərəddüd etmədən ölkəmizə yardım əlini uzadan türk qardaşlarımızın varisləri yüz il sonra eyni həyəcan və ruhla Ordumuzun zəfər xəbərlərini izləyirlər.
Haqq savaşımıza şanlı babalarımızın yadigarları da dəstək ifadə edirlər. Onlardan biri doğma qardaşı, xilaskarımız Nuru Paşanı tam səlahiyyətlə Azərbaycanın imdadına göndərən Ənvər Paşanın nəticəsi Burak Ənvər bəydir. Burak Ənvər “Şərq”ə müsahibəsində Türkiyə dövlətinin və qəhrəman türk millətinin hər zaman, istənilən şəraitdə qardaş Azərbaycanın yanında olduğunu söyləyib.
Burak bəylə söhbətə keçməzdən öncə qısaca bildirək ki, böyük bir imperiyanın – Osmanlının taleyini on il boyunca əlində saxlayan Ənvər Paşa hərb naziri və Baş Komandan vəkili vəzifəsində çalışıb. 21 yaşında Balkan dağlarında başlayan ziddiyətli həyatını Vətən və millətin müdafiəsinə həsr edib. “Ədirnə fatehi” ünvanını daşıyan məşhur Paşa Çanaqqalada, Qalitsiyada, Kut-ül Amarədə, Bakı və başqa bölgələrdə tarixi zəfərlər qazanıb. Daha sonra imperializm əleyhinə mübarizəsini Türküstanda bolşeviklərə qarşı sürdürüb və 1922-ci ildə, 41 yaşında şəhidlik zirvəsinə ucalıb.
- Burak bəy, öncə Azərbaycan xalqının hər zaman xüsusi hörmətlə yad etdiyi qəhrəman Ənvər və Nuru paşalarla necə qohum olduğunuzu, hansı işdə çalışdığınızı öyrənmək istərdik.
- Mən Ənvər Paşanın nəvəsi Arzu Ənvər Əroğanın oğluyum. Nuru Paşanın varisi olmadığı üçün həm Ənvər Paşadan, həm də Nuri Paşadan geriyə qalan yeganə kişi varisəm. Muzeylərin birində arxiv araşdırmaçısı olaraq çalışıram. Araşdırma sahəm isə Birinci Dünya müharibəsidir.
- Ananız Arzu xanım Ənvər Azərbaycana gəlib, Bakıda olub. Təbii olaraq ölkəmizdə xilaskar paşaların yadigarı kimi böyük sevinc və sayğı ilə qarşılanıb. Bəs siz Azərbaycanda olmusunuzmu?
- Anam bir neçə dəfə Azərbaycanda olub. Əfsuslar olsun ki, hələlik qardaş ölkəyə getmək mənə nəsib olmayıb. Qarabağda savaş başlayanda Azərbaycan hökumətinə xüsusi müraciətlər ünvanladım, rica etdim ki, məni Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın Gəncədəki qərargahına aparsınlar. Çünki Azərbaycan ordusuna və xalqına dəstək olmaq və ruh yüksəkliyi vermək istəyirdim. Hələlik müraciətimə cavab almamışam.
- Sadəcə Azərbaycan deyil, ümumən türk xalqları üçün dəyərli şəxsiyyətlər sayılan Ənvər və Nuru paşalar barədə hansı xatirələri eşitmisiniz? Onlar barəsində nələr bilirsiniz?
- Ənvər Paşanın vəzifə başında sərt, evində, ailəsinin yanında isə sakit təbiətli, mehriban xasiyyətli olduğu deyilirdi. Nuru Paşa isə xarakter etibarı ilə çox sakit, təmkinli və rahat insan olub. Əlbəttə, hər iki şəxsin həyatının böyük hissəsi cəbhələrdə, döyüşlərdə keçib. Evdə, ailələrinin arasında çox zaman keçirə bilməyiblər. O səbəbdən ev və ailə xatirələri çox deyil.
Bu vəziyyəti Ənvər Paşanın həyat yoldaşı Naciyə Sultanın ona yazdığı məktublarda açıq görmək mümkündür. Ənvər Paşa ilə əlaqədar dinlədiyi ən qiymətli xatirəni 2009-cu ildə Osmanlı xanədanından olan hörmətli şahzadə Ərtoğrul Osman Osmanoğlu əfəndi anladıb. Şahzədə Ərtoğrul Ənvər Paşanın onları arabası ilə gəzdirdiyini, paşanı çox sevdiklərini deyirmiş.
Hətta bir gəzinti sırasında Ənvər Paşanın qucağında oturarkən onun medallarından birini çəkib qopartdığını söyləyirdi. Paşa bu hərəkətə nəinki əsəbiləşib, əksinə, gülümsəyib. Mərhum Ərtoğrul Osman Osmanoğlu 90 il zaman keçməsinə rəğmən Ənvər Paşanın o gülümsəməsini heç vaxt unutmadığını bildirirdi.
- Məlum olduğu kimi, Azərbaycan Ordusu düşmən işğalındakı torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlar aparır. Müzəffər ordumuzun haqq savaşını necə dəyərləndirirsiniz?
- Azərbaycan Ordusu qəsb edilmiş Vətən torpaqları üçün qanun tanımayan, insanlıqdan nəsibi olmayan bir terror dövləti – Ermənistana və onun cinayətkar rejiminə qarşı haqlı mücadilə verir. Şanlı Azərbaycan ordusunun əzici gücü qarşısında tab gətirə bilməyən erməni zabitləri öz əsgərlərinin əl-ayaqlarını maşınlara zəncirlə bağlayaraq qaçır. Cəbhə bölgəsində mövqeləri qoyub qaçan düşmən arxadan sivilləri, mülki şəxsləri bombalayır. Ermənilər barbar hərəkətləri ilə öz xislətlərini ortaya qoyur, özü-özünü dünya ictimaiyyətinin nəzərində ifşa edirlər. Haqq Azərbaycanın tərəfindədir. Qarabağın haqq etdiyi kimi azadlığına qovuşacağına və yenidən Azərbaycana qatılacağına zərrə qədər şübhəm yoxdur.
- 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə qəhrəman türk əsgəri Azərbaycanın imdadına yetişdi. Yüz il sonra qardaş Türkiyənin bütün imkanları ilə bizimlə bərabər olmasını, “masada da, savaşda da yanınızdayıq” mesajını necə şərh edərdiniz?
- İstanbul nə qədər mənim evimdirsə, Bakı da o qədər evimdir. Əgər qardaşım “yardım et” deyərsə, öz qardaşıma əl uzatmaqdan, onun yanında olmaqdan təbii nə ola bilər?! 100 il əvvəl bu beləydi, yüz il sonra da belə olacaq. İstəyir bütün dünya üzərimizə gəlsin, dəyişən heç nə yoxdur. Qardaşın yalnız bıraxıldığı türk tarixində nə zaman görülüb?
- Qafqaz İslam Ordusu işğal altındakı Qarabağı 1 ay müddətinə azadlığa qovuşdurmuşdu...
- Nuru Paşa cismən orada olmasa da, ruhu Qarabağdadır. Əmin olun, sizlərlə birlikdə düşmənə qarşı savaşır. Ən qısa zamanda böyük zəfər gününün çatacağına, tam qələbə qazanacağımıza inancım tamdır.
- Türkiyə-Azərbaycan birliyinin hər zaman indiki kimi olması arzulanır. Zamanla bu qardaşlığın və milli vəhdətin bütün türk dünyasını bir araya gətirəcəyinə inanırsızmı?
- Bu çox önəmli məsələdir. “Türkün türkdən başqa dostu yoxdur” şüarını bütün dünya ölkələri çox yaxşı anladı və türk vəhdətinin real gücünü gördü. Ona görə də hər kəs bu birliyin formalaşmasını və güclənməsini əngəlləməyə çalışır. Fəqət son nəticədə böyük və güclü türk birliyinin qurulacağından əminəm. İçimdən bir səs Türk birliyinin Bakıdan başlayacağını söyləyir.
- Müharibə tərəflərinə, daha doğrusu, konkret Azərbaycana “yenidən masaya qayıdın” çağırışları edilir. Düşmən təslimçi sülhə razı olmadan savaşı dayandırmaq məntiqlidirmi?
- İstənilən halda ədalətli sülhün bərqərar olunması önəmli və dəyərlidir. Belə sülhə Azərbaycan tərəfi də “xeyr” demir. Fəqət Qarabağ aid olduğu Azərbaycana qatılmadıqca müzakirə ediləcək bir şey olduğuna inanmıram. Çünki Ermənistan işğalçı tərəfdir və hələ də təcavüzünü davam etdirir. İnşallah, Azərbaycan ordusu işgal altındakı türk torpaqlarını ən tez zamanda azad edəcək.
Buna türk birliyinə inandığım kimi könüldən inanıram. Azərbaycandakı qardaşlarımız bunu əsla unutmasınlar – Türkiyənin və bütün türk millətinin duaları sizinlədir.