Şah İsmayıl Xətainin Azərbaycan dövlətçilik tarixində rolu böyükdür
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə
Tarix həmişə zəngin olub. Qalibiyyətlərlə, məğlubiyyətlərlə. İtkilərlə, qazanclarla. Dünya görmüş qocaların sözüdü: əsas tarixdən dərs çıxarmaqdır. Həm də keçmişə güllə atmamaqdır – gələcək topa tutmasın deyə. Nə xoş ki, xalqımız tarixinə sahib çıxıb həmişə. Fərqi yoxdur, qələbəmiz çoxdur, ya məğlubiyyətimiz. Əsas, məğlubiyyətdən sınmamaq, gücünə arxayın olub, irəli atılmaq və haqq etdiyin qələbəni qazanmaqdır. Necə ki, Azərbaycan ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən savaşında düşməni tam və qəti məğlubiyyətə uğratdı və işğal altındakı torpaqlarımızı azad etdi, ölkənin ərazi bütövlüyünü və dövlət sərhədlərini bərpa etdi. Bununla da tarixə qəhrəman xalq olaraq adını əbədi həkk etdi. Bəs niyə belə duyğulu giriş etdik?.. 23 avqust – Çaldıran döyüşünün ildönümüdür, ona görə. Duyğulu davranmaq üçün yetərli, hətta çox yetərli bir səbəbdir. Kimsə inkara qalxmayacaq.
Səfəvi dövləti, Şah İsmayıl Xətai, Azərbaycan dövlətçiliyinin bərqərar olması, Çaldıran döyüşü, bu döyüşdən sonra da möhkəmliyini itirməyən güclü bir dövlət... Hamısı hər bir azərbaycanlının qürur mənbəyidir. Çaldıran döyüşü barədə qısaca xatırladaq ki, bu döyüş Səfəvilər və Osmanlılar arasında 1514-cü il avqustun 23-də Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) baş vermişdi.
Ağqoyunluların süqutundan sonra Səfəvilər qısa zamanda tarixi Azərbaycan torpaqlarını və ona yaxın əraziləri birləşdirməklə kifayətlənməyib, Asiyanın bir hissəsini, Xorasan və İraq kimi vacib regionları da özlərinə tabe etdilər.
Qısa zamanda bu cür yüksəliş Səfəvilər dövlətinin qərb sərhədlərində yerləşmiş və sürətlə böyüməkdə olan başqa bir türk mənşəli sülalənin maraqları ilə toqquşurdu. Və nəhayət avqustun 23-də ağır döyüş baş verdi. Bu döyüşdə hər iki tərəf ağır itkiyə məruz qaldı. Heç bir odlu silahı və topu olmayan qızılbaş ordusu sayca Osmanlılardan xeyli az idi. Müharibəyə kifayət qədər hazırlaşmayan I Şah İsmayıl yaxın adamlarının məsləhətinə baxmayaraq düşməni qəflətən yaxalayaraq məğlubiyyətə uğratmaq üçün gözlənilmədən hücum etməkdən boyun qaçırmışdı.
Şah İsmayıl döyüşdə şəxsən iştirak edib. Osmanlı sultanını təkbətək döyüşə çağırıb, ikinci imtina edib. Şah İsmayılın ordusu məğlub olduqdan sonra yaralanmış I Şah İsmayıl ölkənin daxilinə doğru çəkilib.
Hücuma keçən Osmanlı qoşunu Xoy, Mərənd və Təbrizi tutub. Lakin Osmanlı ordusu Təbrizdə cəmi 6 gün qala bilib. Səbəb orduda, xüsusən yeniçərilər arasında narazılığın artması idi. Belə ki, yeniçərilərin böyük bir qismi sufi-dərviş ordeni olan bəktaşiliyə itaət edirdi. Bəktaşiliyin sütunları isə Səfəvi dini ideologiyasına çox yaxın idi. Döyüşdə həlak olanların sayı barəsində mənbələrdə məlumatlar ziddiyyətlidir. Şərəf xan Bitlisi "Şərəfnamə"də qızılbaşların itirdikləri görkəmli sərkərdələrdən əlavə 5 min süvari itkisi barəsində məlumat verir. Səfəvi səlnaməçiləri isə cəmi 5 min nəfərin öldüyünü və onlardan 2 mininin qızılbaş, 3 mininin isə osmanlı olduğunu vurğulayırlar. Osmanlı səlnaməçiləri isə bu rəqəmin türklərdə 30-40 min, qızılbaşlarda isə bundan iki dəfə çox olduğunu bildirirlər. Bidlisinin rəqəmləri daha düzgün hesab olunur. Deyilənə görə, bu döyüşdəki məğlubiyyətdən sonra I Şah İsmayıl bir daha şəxsən hər hansı vuruşda iştirak etməmişdir.
Nasir, publisist, tərcüməçi və senarist, Səfəvilər dövləti haqqında “Taclı” Şah, Şah (Bəyim), Şah(Zadə)” roman-triptix-nin müəllifi Nəriman Əbdülrəhmanlı Çaldıran döyüşünü “türklüyün yaddaş yarası” adlandırır. “Şərq”ə açıqlamasında yazıçı qeyd etdi ki, Şah İsmayıl Xətainin Azərbaycan dövlətçiliyi tarixindəki rolu danılmazdır:
- Qısaca bunu deyə bilərəm ki, Şah İsmayıl çökməkdə olan, yaxud, artıq çökmüş Ağqoyunlu səltənətinin xarabalıqları üzərində pərən-pərən düşmüş türkman tayfalarının sayəsində yeni dövlət qurdu, həm də varisi olduğu Ağqoyunlu imperiyasının mirasını yaşatdı. Üstəlik, Xətai Osmanlı imperiyası ilə münasibətləri nə qədər yaxşı saxlamağa çalışsa da, türkmanların mənafeyini hər şeydən uca tutdu, hətta şiəlikdən də o mənafe üçün istifadə elədi. Buna görə də Şah İsmayılın təkcə Azərbaycan yox, həm də bütövlükdə türk dövlətçiliyi tarixində müstəsna yeri var. Tarixdə çox ordular məğlub olub, ən güclü, özünə, gücünə güvənən dövlətlər məğlubiyyət acısı dadıb. Şah İsmayılı fərqləndirən budur ki, o, Çaldıran döyüşündə məğlub olsa da, bu məğlubiyyət onun böyüklüyünə zərrə qədər xələl gətirmədi.
Şah İsmayıl tarixdə güclü və qurucu hökmdar olaraq qaldı və qalmaqdadır.