"Çox istəyərdim Məhəmməd Əmin Rəsulzadənin də heykəli olsun"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. Abidə metronun “İçərişəhər” stansiyasının qarşısındakı meydanda ucaldılıb. Prezident İlham Əliyev açılışda Zeynalabdin Tağıyevin boyük şəxsiyyət olmasından söz açıb:
"Mən Zeynalabdin Tağıyevin şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşmışam. Hələ 2000-ci illərin əvvəllərində, - mən hələ Prezident deyildim, - onun qəbrinin yerləşdiyi Pirhəsən ziyarətgahı mənim təşəbbüsümlə abadlaşdırıldı və qəbrin ətrafında olan ərazi yeni görkəm aldı.
Prezident seçiləndən sonra dərhal mənim təşəbbüsümlə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edildi, həm onun yaşadığı evin bir hissəsi muzey kimi qaldı, eyni zamanda, Tarix Muzeyində bizim tariximizin müxtəlif dövrlərini əhatə edən eksponatlar nümayiş etdirilir. Bu gün mən çox şadam ki, Zeynalabdin Tağıyevin abidəsi Bakıda ucaldılıb. O, buna layiq idi. Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır”.
Mövzu ilə bağlı AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, dosent Fərhad Cabbarov “Şərq”ə danışıb. O bildirib ki, bu çoxdan gözlənilən hadisə idi:
“Çox sevindirici hadisədir. Hamımız bunu çoxdan gözləyirdik. Heykəlin yeri bəlli idi, amma vaxtı hələ ki, bilinmirdi. Nəhayət ki, bu gün (dünən) heykəlin qoyulmasının açılış mərasimi oldu. Bu, bir daha Zeynalabdin Tağıyevin xeyriyyəçilik irsinə qarşı göstərilən hörmətdir. Cənab prezident açılış mərasimində Tağıyevin Azərbaycan tarixində rolu haqqında çox geniş nitq söylədi. Əlbəttə ki, bu bizim hamımızı ruhlandırır”.
Fərhad Cabbarov Bakıda görmək istədiyi heykəllərdən də danışıb:
“Əhməd bəy Ağaoğlunun mütləq şəkildə heykəlini görmək istəyərdim. Çox istəyərdim Məhəmməd Əmin Rəsulzadənin heykəli olsun. Bu iki şəxsiyyətlərə heykəlin ucalmasını istəyərdim”.
Çimnaz Şahlar