Qaradağdakı karvansara baxımsız vəziyyətdədir! – REAKSİYA: “Bağışlanılmaz səhvdir”  

“Belə abidələr yüz illər ərzində xalqın dünyagörüşünün formalaşmasına, onun keçmişlə əlaqəsinin saxlamasına təsir göstərir”

“Ona görə də onun qorunub saxlamılması olduqca zəruridir"


Hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsidir.Bu səbəbdən də maddi mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyətli işdir. Tarixi abidələrin restavrasiyası barədə məlumatlarla rastlaşırıq.  Lakin Qaradağ rayonunda yerləşən karvansara baxımsız vəziyyətdə qalıb. 

Rayon ərazisində yerləşən karvansara Şirvanşahlar dövrünə aiddir. Eni 5, uzunluğu 15 metrdir. İçərisində bir otaq var. Eyni zamanda, divarlarda heyvanları bağlamaq üçün yerlər var. Karvansara divarlarının hiss olması orada uzun müddət qonaq olanların qalmasından xəbər verir. Hazırda tikili məhv olmaq üzrədir. “Global Photo Stock”un əməkdaşı karvansaranın son vəziyyətini kamerasının yaddaşına köçürüb.

Tarixçi-alim Boran Əzizli mədəni irsin qorunması ilə bağlı "Sherg.az"a danışıb:

"Adıçəkilən karvansaranın durumundan məlumatsızam. Amma tarixi abidələrin diqqətdən kənarda qalması, uçub dağılmasına göz yumulması bağışlanılmaz səhvdir. Belə abidələr yüz illər ərzində xalqın dünyagörüşünün formalaşmasına, onun keçmişlə əlaqəsinin saxlamasına təsir göstərir. Həmçinin tarixi abidələr üzərindəki yazılar, şəkillərlə xalqın həyata baxışını əks etdirir. Yazılı abidələrdə hansısa subyektivliyə yol verilsə də, karvansalar və kitabələr dəyişilməz qalır. Ona görə də onun qorunub saxlamılması olduqca zəruridir".