Kraliça Yelizaveta - Merilin Monro görüşü
Kraliça: “Həyəcandan dodaq boyasını bütünlüklə yalamışdı”
Monro: “Kraliça səmimidir, ətrafına mehribanlıq yayır”
Dünya kinosunun unudulmaz siması - Merilin Monro “Şahzadə və Şov qızı” filminin çəkilişləri üçün Böyük Britaniyaya səfər etdiyində ən böyük xəyalı kraliça II Yelizavetayla görüşmək idi. Lakin Monronun Bekingem sarayına dəvət edildiyində geyindiyi libas illərlə müzakirə predmetinə çevrildi. Mətbuatın və tanınmış şəxslərin basqılarına məruz qaldı. Bir çoxu Monronun öz geyimiylə kraliçaya sayğısızlıq etdiyini düşünürdü. M.Monro o dəvətdə sayğısızlıq hesab ediləcək nə geyinmişdi? “Şərq” “Milliyet.com”a istinadən uzaq 20-ci əsrin 50-ci illərində yaşanmış olaya işıq tutdu.
M.Monro 1956-cı ildə Böyük Britaniyaya səfər edib. Səfərdə məqsəd dövrün məşhur rejissoru L.Oliverlə əməkdaşlıq etməkdir. L.Oliverin gözləntiləri vardı. O da M.Monroyla işbirliyindən daha artıq populyarlıq qazanmaq məqsədi güdürdü. Lakin filmin çəkilişləri gözlənildiyi kimi uğurla alınmayıb. Monro ona həvalə edilən “axmaq sarışın” obrazından xoşlanmayıb və çəkilişlərə getməkdən imtina edib. Qaldığı otel otağından bəzən səbəbsiz yerə çıxmayıb. Onun həddindən artıq narkotik maddə qəbul etdiyi də deyilirmiş. Hətta bir dəfə onu xəstəxanaya da aparıblar. Bütün bu dedi-qodular, haqqında yayılan şayiələr aradan qalxsın deyə, Monronun parıltılı, səs-küylü hadisələrin iştirakçısı olmağa ehtiyacı vardı.
Nəhayət, Monro istəyinə çatıb. Rejissor Alan Arnoldun çabaları bəhrə verir və M.Monro yeni filmi “River Plata Müharibəsi”nın Kral Komandanlığında təqdimatına dəvət alır. Kraliça II Yelizaveta da həmin tədbirə qatılacaqdı. Bunu bilən Monro hər dəqiqəsini dəvətə hansı libası geyinəcəyinə həsr edir. Müxtəlif geyimlər seçir, nəhayət dərin dekolteli, qızılı rəngli paltar geyinəcəyinə qərar verir. M.Monronun paltara uyğun qolsuz cübbəsi də varmış. Təqdimat günü M.Monro yaxın çevrəsiylə birlikdə Londonun “Empire Teatrı” binası önündə taksidən düşdüyündə xüsusi ədayla cübbəsini çıxarır. Bu an teatr binası önündə toplaşmış londonluların gözü qamaşır. M.Monro parıldayan paltarı, açıq sinəsiylə tamaşaçılara meydan oxuyur. Monronun məşhur gülümsəməsini obyektivə almağa cəhd edən fotoqraflar da bir-birinə qarışır. Həmin vaxt orada olan Jan Morgan isə “Ancaq qorxunc əskiklik kompleksinə malik olanlar belə geyinər”, deyə bağırıb.
Bekingem sarayının adətlərindən biri dəvətlərdə kimsənin Kraliçanı kölgədə qoymayacaq libaslarda olmasıdır. M.Monro isə bu adəti pozmuş kimi görünürdü. Monro üçünsə bunlar əhəmiyyətsizdi.
Onu düşündürən yalnız kraliçayla görüşməsiydi. Nəhayət Monro, Miller, Con Krouford, Brijit Bordo, Anika Ekberglə birlikdə kraliçanı salamlamaq üçün sıraya düzülürlər. Kraliça qara rəngli uzun paltarda, zümrüd və almaz qaşlı tacıyla görünüb.
Onlara yaxınlaşdıqda hamısıyla tək-tək salamlaşıb. Monronu isə yuxarıdan-aşağıya süzüb. Salamlaşma sırasında aralarında kiçik söhbət olub. Monro kraliçanı yeni filmini izləməyə dəvət edib. Görüşdən sonra mətbuata açıqlamasında Monro “Kraliça çox səmimi, istiqanlıdır, ətrafına mehribanlıq yayır”, deyib.
Kraliça isə sanki Monronun gözqamaşdırıcı libasını görməyibmiş kimi davranaraq “Xanım Monronun çox şirin bir qadın olduğunu düşünürəm. Ancaq onun üçün üzgünəm. O qədər həyəcanlıydı ki, dodaq boyasını bütünlüklə yalamışdı” söyləyib.