Nuru Paşaya Bakıda da abidə ucaldılması gözəl olardı
Gəncədə Qafqaz İslam Ordusunun bu şəhərdəki ilk şəhidlərinin xatirəsinə abidə ucaldılıb. Türkiyənin Gəncədəki Baş konsulluğu deyib ki, abidənin açılışı iyunun 26-da - Azərbaycan Silahlı Qüvvələr Günündə olacaq. Təməlqoyma mərasimi ötən ayın 12-də baş tutub. Qeyd edək ki, Qafqaz İslam Ordusu əsasən Anadolu və Azərbaycan türklərindən ibarət olan hərbi birləşmə olub. Bu ordu Azərbaycan Cümhuriyyəti və Osmanlı İmperiyası arasında imzalanan dostluq haqqında razılaşmaya əsasən Azərbaycanda asayiş və təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb. 1918-ci ildə Azərbaycana daxil olmuş Qafqaz İslam Ordusu gənc Cümhuriyyəti və paytaxt Bakını erməni-bolşevik işğalçılarından təmizləyib.
Türkoloq-alim Faiq Ələkbərli bunu çox təqdirəlayiq addım adlandırıb. Ekspertin fikrincə, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, qorunmasında müstəsna xidmətləri olub:
“Cümhuriyyətin varlığı üçün Məhəmməd Əmin Rəsulzadəyə, Fətəli Xan Xoyskiyə, Nəsib bəy Yusifbəyliyə, Əlimərdan bəy Topçubaşova və digər quruculara nə qədər borcluyuqsa, Qafqaz İslam Ordusuna da o qədər borcluyuq. Qafqaz İslam Ordusu olmasaydı, Cümhuriyyətin ərazi bütövlüyü və dolayı yolla varlığı şübhə altında qalacaqdı. Bu mənada bu qəhrəman ordunun mənsubları Azərbaycan tarixində mühüm rola, önəmə sahibdir. Əlbəttə, abidələrin olması mütləqdir. Qeyd edim ki, Astarada Nuru Paşanın adına küçə verilməsi də sevindirici haldır. Ümid edirik, bunun davamı gələcək və sadəcə Gəncə ilə məhdudlaşmayacaq. Çox yaxın dönəmlərdə Qafqaz İslam Ordusu və onun komandanı Nuru Paşaya xilas etdikləri paytaxt Bakı şəhərində də möhtəşəm bir xatirə abidəsi ucaldılması gözəl olardı. Belə bir abidənin ucaldılması sadəcə Türkiyə-Azərbaycan münasibətlərində deyil, türk dünyasının birliyində, möhkəmlənməsində yeni səhifə olacaq. Bu istiqamətdə atılan bütün addımları müsbət dəyərləndiririk”.