İrəvanda Azərbaycana məxsus tarixi-dini abidələr çox olub

Faiq Ələkbərli: "Təkcə Təpəbaşı məhəlləsi, Göy məscid deyil, bütün abidələrimizə sahib çıxmalıyıq. Tarixi bölgəmizi vəhşi, dağıdıcı ermənilərin öhdəsinə buraxa bilmərik"


  İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb. İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb. Onu da diqqətə çatdıraq ki, ermənilər İrəvan şəhərində, Təpəbaşı məhəlləsindəki Göy məscidi də “İran məscidi” kimi təqdim edirlər. 

Tarixçilər isə bildirirlər ki, Göy məscidlə bağlı bütün sənədlər Azərbaycan arxivindədir. Təkcə Şeyxülislamlıq arxivində də bununla bağlı kifayət qədər sənəd var. İran tərəfindən Göy məscidin İran məscidi adlandırılması qəbuledilməzdir. Göy məscid İrəvanda salamat qalan yeganə məsciddir. Bu məscid də İrəvanda Təpəbaşı məhəlləsinin ərazisindədir. Göy məscid Hüseynəli xan tərəfindən inşa edilib. Son araşdırmalarda Hüseynəli xanın məhz Göy məsciddə dəfn olunduğu barədə məlumatlara da rast gəlinir. Göy məscidin həyətindəki 1790-cı ilə aid daş kitabə xanın ailəsindən olan qadınlardan birinə aiddir. 1831-1920-ci ilə qədər İrəvanda yaşayanların əksəriyyəti məhz azərbaycanlılar olub. Bu gün də dünyada tanınmış tədqiqatçılar Göy məscidin İran məscidi adlandırılmasına gülürlər. Ona görə də Göy məscidin İran məscidi adlandırılmasına son qoyulmalıdır. 

  Türkoloq-alim, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Faiq Ələkbərli “Şərq”ə açıqlamasında bildirib ki, İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət müsbət və zəruri addımdır. Alimin sözlərinə görə, İrəvan və Təpəbaşı məhəlləsi, Göy məscid və s. mədəni irsimiz Azərbaycan tarixinin bir hissəsidir: 

“İrəvandakı tarixi abidələrin, islam məbədlərinin hamısı Azərbaycan türklərinin adıyla bağlıdır. Ona görə də müraciət ciddi şəkildə gündəmdə saxlanmalı, UNESCO-dan müraciətə obyektiv və ədalətli mövqe bildirməsi tələb olunmalıdır. İrəvandakı tarixi abidələrimizin, mədəni irsimizin, Göy məscidin məhz Azərbaycana, xalqımıza aid olması faktı təkcə bizim alimlər tərəfindən dilə gətirilmir. Dünyanın bir çox əcnəbi tarixçiləri də İrəvanın və oradakı tarixi-mədəni irsin ermənilərə yox, azərbaycanlılara aid olduğunu qəbul edirlər. Göy məscidin erməni saxtakarlığı ilə “İran məbədi” adlandırılması isə yolverilməzdir. Göy məscidin İranla yaxından-uzaqdan əlaqəsi yoxdur. İnanıram ki, beynəlxalq qurumlar müraciətimizə müsbət cavab verəcək. Dünya ictimaiyyəti, qlobal təşkilatlar yaxşı dərk edir ki, reallıqlar tamamilə dəyişib. Məsələlərə baxışda yeni mərhələyə qədəm qoyulub. Erməni yalanları demək olar ki, işləmir. Dünyanın bir çox ölkəsində erməni uydurmaları ifşa olunmaqdadır. Söhbət ondan gedir ki, erməni yalan maşını dövlətlərin özlərinə artıq ziyan verməkdədir. Ona görə də əksər ölkələrdə və beynəlxalq qurumlarda ermənilərə yanaşma dəyişməkdədir”. 

F.Ələkbərli qeyd edib ki, daha sonra məhv edilsə də, mahiyyəti dəyişdirilsə də, İrəvanda Azərbaycana məxsus tarixi-dini abidələr çox olub: 

“Təkcə Təpəbaşı məhəlləsi, Göy məscid deyil, bütün abidələrimizə sahib çıxmalıyıq. Tarixi bölgəmizi vəhşi, dağıdıcı ermənilərin öhdəsinə buraxa bilmərik. Çünki öz mədəniyyətimizdir. Əminik ki, indiki Ermənistandan qovulmuş minlərlə soydaşımız gələcəkdə yenidən ata-baba yurdlarına dönə biləcəklər. Bu, əvvəl-axır baş verməlidir. Bütün mümkün vasitələrdən istifadə edərək təbii haqlarımızı tələb etməliyik”.