Boran Əzizli: "Tarixi irsimizin erməni vandalizminin qurbanına çevrilməsi çox ağrılıdır"
"Çalışmaq lazımdır ki, salamat qalmış iki-üç abidəmizi beynəlxalq təşkilatların vasitəsilə də olsa himayə edək, qoruyub saxlayaq. Azərbaycan ziyalıları, elm adamları da bu işə dəstəklərini verməlidirlər"
Qədim Azərbaycan şəhəri İrəvan və onun əsas məhəllələrindən olan Təpəbaşıda ermənilər xalqımıza məxsus irsi sistemli şəkildə dağıtmağa başlayıblar və bu proses indi də davam edir. Hazırda Təpəbaşı məhəlləsi tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. O baxımdan Azərbaycan ictimaiyyəti bununla bağlı UNESCO-ya müraciət ünvanlayıb. Müraciəti imzalayan 102 nəfər tanınmış elm və ictimaiyyət xadimi UNESCO-nu xalqımızın zəngin tarixi-mədəni irsinin ermənilər tərəfindən məhv edilməsinin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırıb. Təpəbaşı məhəlləsindəki məscidlər, hamamlar onun Azərbaycan xalqına məxsus memarlıq irsi olduğunu sübut edir.
Həmin məhəllənin əhalisinin əsas hissəsinin türk-müsəlman əhali olması 1831-ci ilə məxsus kameral təsvirdən aydın görünür. Həmin təsvirdən çıxarış bizə bunu deməyə imkan verir ki, Təpəbaşı məhəlləsi İrəvanın qərb hissəsini əhatə edirdi. 1831-ci ildə İrəvan şəhərinin Təpəbaşı hissəsində tatarlardan, yəni Azərbaycan türklərindən ibarət 594 ailə qeydə alınmışdı. İrandan köçürülən ermənilər Təpəbaşı hissəsində 87 ailədən ibarət idi.
Təpəbaşı məhəlləsində Hüseynəli xan məscidi və Hacı İmamverdi məscidi göstərilib. Bu məscidlərdən başqa, bir neçə də uçmuş məscidlər var ki, onlar qeyd olunmayıb. Təpəbaşı məhəlləsində 1831-ci ildə 5 hamam olub. XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edirdi. XIX əsr boyunca ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinə baxmayaraq, İrəvan şəhərinin əhalisinin etnik tərkibində yenə də azərbaycanlıların üstünlük təşkil etdiyi aydın görünür. Ermənistan dövləti Təpəbaşıda yerləşən Hacı İmamverdi (Təpəbaşı) məscidinin tarixini saxtalaşdıraraq fars məscidi kimi dövlət qeydiyyatına alsa da, abidənin qorunması ilə bağlı heç bir tədbir görülməyib. Onun uçulub dağılmasına şərait yaradılıb. Uzun illərdir, Təpəbaşı hissəsinin taleyi ilə bağlı erməni ictimaiyyəti ilə Ermənistan dövləti arasında müzakirələr getməkdədir. Lakin bütün bu müzakirələrdə Azərbaycan xalqının maddi-mədəni irsi məhvə məhkum edilir. Ona görə də artıq həyəcan təbili çalmağın vaxtıdır. Ümid edək ki, UNESCO rəhbərliyi ona ünvanlanan müraciətə etinasız qalmayacaq və Təpəbaşı məhəlləsinin erməni vandalizmindən xilas olmasına öz köməyini göstərəcək.
Tarixçi-alim Boran Əzizli “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanın qədim yaşayış məskənlərindən biri də İrəvan şəhəridir. Alim bildirib ki, İrəvan şəhəri və onun ətrafında olan xalqımıza məxsus tarixi abidələrlə bağlı 1920-30-cu illərdə Ermənistanda çap olunmuş əsərlərdə məlumatlar verilmişdi:
“1936-cı ildən etibarən toponimlər kütləvi surətdə ləğv edilməyə başlandı. Ermənistandakı memarlıq abidələrimizin məhv edilməsi istiqamətində fəaliyyətə keçdilər. Təkcə İrəvanda 11 məscid var idi. Ancaq onlardan 10-u yer üzündən silinib. Bugünə salamat qalan yeganə abidə vaxtı ilə Səfəvi şahlarının göstərişi ilə tikilmiş Göy məsciddir. Əfsuslar olsun ki, Göy məscid də qonşu İran tərəfindən mənimsənilib. Ermənistan tərəfi həmin məscidi “İran məbədi” kimi təqdim edib. Halbuki, bütövlükdə İrəvanda, istər Çuxursəd bəylərbəyliyi, istərsə də xanlıq dövründə orada bir nəfər fars yaşamayıb. Göy məscid hardan “İran abidəsi” oldu?!”.
Tarixçi qeyd edib ki, İrəvan şəhəri iki hissədən ibarət idi: “Şəhər İçərişəhər (Qala) və Bayırşəhər adlanan hissələrə bölünmüşdü. Bayırşəhərin də özünün üç böyük məhəlləsi vardı. Bunlar Əskişəhər (Köhnə şəhər), Dəmirbulaq və Təpəbaşı adlanırdı. Maraqlıdır ki, ermənilər bir dəfə də olsun bu ərazilərdə arxeoloji qazıntılar aparmayıblar. Həmin məhəllələr arasında günümüzə gəlib çatan sadəcə Təpəbaşıdır. Ermənilər bütün gücləri ilə həmin məhəlləni silmək, yox etmək üçün çalışırlar”.
B.Əzizli vurğulayıb ki, Təpəbaşı məhəlləsini Əskişəhərdən fərqləndirən əsas xüsusiyyət orada İrəvanın adlı-sanlı adamlarına məxsus geniş bağların olmasıydı:
“Bağların biri Hüseynqulu xana məxsus idi. İrəvanda mövcud olmuş məşhur 4-5 dükanın hamısı Təpəbaşı məhəlləsində yerləşirdi. Şəhərdəki 10 hamamdan 5-i Təpəbaşı məhəlləsindəydi. Məsələn, bunlara Hacı Bəyim hamamı, Hacı Əli hamamı, Hacı Fətəli hamamı, Şeyxülislam hamamını misal göstərmək olar. Hamamların çoxluğu da azərbaycanlıların təmizliyə nə qədər çox diqqət yetirdiklərinin göstəricisidir. Əlbəttə, tarixi irsimizin erməni vandalizminin qurbanına çevrilməsi çox ağrılıdır. Ona görə də çalışmaq lazımdır ki, salamat qalmış iki-üç abidəmizi beynəlxalq təşkilatların vasitəsilə də olsa himayə edək, qoruyub saxlayaq. Azərbaycan ziyalıları, elm adamları da bu işə dəstəklərini verməlidirlər”.