Zəhərlənmə iddiası...


Yazıçı Atatürkün ölüm sirrinin pərdəsini qaldırır

  Jurnalist-yazar Yaşar Gürsoy Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Paşa – Atatürkün ölüm səbəbi üzərindən sirr pərdəsini qaldırdığını düşünür. Ötən əsrdən günümüzədək Atatürkün ölüm səbəbi qara ciyər serrozu olaraq bilinirdi. Yaşar Gürsoy isə bu iddiaları bir kənara itələyərək Atatürkə sui-qəsd edildiyini, damarına vurulan bir iynə nəticəsində həyatını itirdiyini iddia edir və bunu sənədlərlə sübut etməyə hazır olduğunu deyir. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Y.Gürsoy bu iddialarını “Atatürkün qatilləri də o doktor” kitabında açıqlayır. Yazar kitabında qeyd edir ki, Mustafa Kamal Paşa qara ciyər serrozundan ölməyib, nasist düşərgələrində vəhşicə təhqiqatlar aparan avstriyalı həkim Hans Eppinger tərəfindən zəhərlənərək öldürülüb. Yazar iddialarında arxiv sənədlərinə söykəndiyini də qeyd edir. Y.Gürsoyun kitabı, əslində dedektiv roman janrındadır.

 Lakin romanda Atatürkün bir nasist həkim tərəfindən damarına inyektor şpris vasitəsilə civə yeridilməsindən öldüyünün qeyd edilməsi tarixin axarını dəyişdirəcək miqyasda. Yazar qeyd edir ki, avstriyalı həkim uzun müddət nasistlərin əsir düşərgəsində insanlar üzərində alçaq təcrübələr keçib, tədqiqatlar aparıb. 

Mustafa Kamal Paşa xəstələndikdə dönəmin səhiyyə müstəşarı doktor Asım Arar və daxili işlər naziri Şükrü Kaya tərəfindən, bilikli, savadlı həkim kimi Türkiyəyə dəvət edilib və Atatürkün müalicəsiylə məşğul olub. 

Lakin yazar iddia edir ki, nasist həkim Atatürkün damarına hər dəfə kiçik miqdarda zəhər yeridirmiş. Bunu təsdiqləyəcək, təkzibolunmaz faktlar və sənədlər vardır. Nasist həkim qaydalara zidd olaraq hər dəfə Atatürkün yataq otağına təkbaşına daxil olurmuş. Və damarına civəli iynə vururmuş. O dönəmlərdə Rumıniya kraliçasının da serrozdan öldüyü bildirilmişdi. “Təsadüfə” bax ki, onun da ölüm yatağının başında məhz bu nasist həkim – doktor Eppinger dayanıb.   Y.Gürsoy deyib ki, kitaba bu həqiqətləri daxil etməkdə məqsədi bir sui-qəsdin üzərini açmaqdır: “Eppingerin Atatürkün otağına təkcə daxil olması, başlı-başına böyük bir səhlənkarlıq və məsuliyyətsizlikdir. 

O, niyə otağa tək daxil olurdu, niyə buna izin verilirdi? Sirli olaylara baxıldığında Atatürkün həyatına sui-qəsd edildiyi şübhələri artır”, deyən yazar iddialarını təsdqiləyən arxiv sənədlərinin olduğunu söyləyib.