Türkçü, turançı ADAM: Alimlər Yusif Ziya Talıbzadənin işığına toplaşdı -FOTOLAR

Abdulla Şaiqin ev muzeyində "Yusif Ziya Talıbzadə -148. Türkçülüyün unudulmayan şəxsiyyəti" adlı tədbir keçirilib. Azərbaycan Türk Ocağı İctimai Birliyinin və Abdulla Şaiq ev-muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın görkəmli ictimai və siyasi xadimi, pedaqoq, hərbçi, dramaturq, Abdulla Şaiqin böyük qardaşı Axund Yusif  Ziya Talıbzadəyə həsr olunub. Tədbirdə Azərbaycan Türk Ocağının İctimai Birliyinin sədri, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, tarixçi-alim Firdovsiyyə Əhmədova, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov, ATMU-nun professoru, tarix elmləri doktoru Minaxanım Əsədova, Abdulla Şaiqin nəvəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və digər elm xadimləri, mətbuat nümayəndələri iştirak ediblər.

 Çıxışlardan öncə qısaca qeyd edək ki, Axund Yusif Ziya Talıbzadə xalqımızın milli istiqlalı və tərəqqisi üçün önəmli işlər görüb. 1877-ci ilin yanvarın 22-də Borçalı mahalının Sarban kəndində anadan olan Y.Z.Talıbzadə əvvəlcə Tiflisdə, sonra Xorasan və Bağdadda təhsil alıb. XX əsrin əvvəllərində türkçülük, islamçılıq və azərbaycançılığın ideloloqlarından biri olub. Azərbaycan-Türkiyə münasibətlərində önəmli rol oynayıb və 1917-23-cü illərdə milli istiqlal hərəkatında fəal iştirak edib. Cümhuriyyət dövründə bir çox qəzet və jurnallarda, əsasən də Müsavat Partiyasının fəalı olaraq "Azərbaycan" qəzetində siyasət, maarif və mədəniyyət mövzularına dair məqalələr nəşr etdirib. Azərbaycanı tərk etdikdən sonra Türküstana gedib. Burada Ənvər paşa və Zəki Vəlidi Toğanla birlikdə bolşeviklərə qarşı döyüşən Basmaçı hərəkatına qoşulub. 1923-cü il mayın 18-də Qızıl Ordu ilə döyüşlərin birində ağır yaralanıb. Silahdaşları ilə birgə Amudərya çayını üzüb keçməyə çalışarkən həyatını itirib. 

Tədbirdə çıxış üçün ilk söz Abdulla Şaiq Mənzil-Muzeyinin direktoru, Talıbzadə ailəsinin nümayəndəsi Ülkər Talıbzadəyə verilib. Ü.Talıbzadə deyib ki, Abdulla Şaiq ocağı hər zaman alimlərin, mədəniyyət xadimlərinin, ədəbiyyatçıların üzünə açıq olub. Vurğulayıb ki, Abdulla Şaiqin evində hər zaman görkəmli şəxslər qonaq olublar: "Əvvəlcə qeyd etmək istərdim ki, Abdulla Şaiq muzeyinin yaradılmasının səbəbkarı, bu ocağa yenidən həyat verən atam Kamal Talıbzadə olub. Kamal Talıbzadə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ziyalı alimi idi. Abdulla Şaiqin böyük qardaşı, tanınmış ictimai-siyasi, hərbi xadim, din xadimi, çoxşaxəli faəliyyətə malik bir insanın - Axund Yusif Ziya Talıbzadənin işığına toplaşmışıq. Yanvarın 22-si Yusif Ziya Talıbzadənin anadan olmasının ildönümüdür. Yusif Ziya şəxsiyyəti mənim atamın həyatında çox böyük rol oynayıb. Yusif Ziya şəxsiyyətindən danışmaq uzun illər yasaq olub, onun adını belə çəkmək mümkünsüz olub. Yusif Ziya ilə bağlı Abdulla Şaiq, oğlu Kamal Talıbzadə dəfələrlə "NKVD"-yə çağırılıblar. Abdulla Şaiq ev dustağı olub. Uzun müddət ağır həyat yaşayıblar. Abdulla Şaiq həyat yoldaşının qızıl əşyalarını girov qoymaqla yemək-içmək alıblar. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Kamal Talıbzadə əmisinin adını tanıtmaq, təbliğ etmək məqsədilə fəaliyyətə başladı. Evdə olan arxivini, atasının arxivini bir araya topladı. 1990-cı illərdən sonra Kamal Talıbzadənin "Odlar Yurdu" qəzetində Axund Yusif Ziya Talıbzadə ilə bağlı iki məqaləsi çıxdı".

Ü.Talıbzadə bir neçə xatirəsini də paylaşıb: "Mən uşaq olarkən, xatırlayıram, atam əmisi barəsində ailə arasında danışardı. Onun bəzi hərəkətlərindən söz açardı. Hər zaman deyirdi ki, atası ilə əmisinin xarakteri fərqli olub. Atası daha sakit, mülayim olsa da, əmisi Yusif Ziya Talıbzadənin çox "şuluq" olduğunu söyləyirdi. Həqiqətən, Yusif Ziyanın həyatına baxsaq, ictimai-siyasi və hərbi fəaliyyətinin kifayət qədər gərgin olduğunu görərik. Ancaq babam da, onun qardaşı da öz ideyalarında, türküçülük, azərbaycançılıq məfkurəsində eyni ideallara qulluq ediblər. Abdulla Şaiqin dayısı qızı - Nuşafərin xala Tiflisdə yaşayırdı. Mən ona nənə deyirdim. Tez-tez Bakıya da gəlirdi. Onun nəvəsi ilə Yusif Ziya barəsində danışanda, o mənə belə bir fakt danışmışdı. Deyirdi ki, Nuşafərin nənə Tiflisdə olanda Yusif Ziya Talıbzadə tez-tez onlara qonaq gəlirmiş. Ancaq hər dəfə ayrı qiyafədə, yəni fərqli gözə çarpırmış. Səbəbini soruşduqda Türkiyədən gəldiyini deyirdi. 1920-ci illərdən sonra Türkiyə ilə əlaqələrə imkan verilmədiyinə görə, Yusif Ziya gizli yollarla Türkiyəyə gedir, Azərbaycanla əlaqəni saxlayırdı. Bir məqamı da vurğulayım ki, atamın 75 illik yubileyində Ulu Öndər Heydər Əliyev atama zəng edərək təbrik edib və hər hansı istəyinin olub-olmadığını soruşub. Atam deyib ki, əmisi - böyük siyasi-ictimai xadim, din xadimi olan Axund Yusif Ziya Talıbzadə Azərbaycan üçün önəmli işlər görüb. Naxçıvanda bir müddət hərbi komissar işləyib. Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirmək planı olub və həmin planı məktubda izah edib. Yəni atam Yusif Ziya Talıbzadənin adının əbədiləşdirilməsini, təbliğ olunmasını Heydər Əliyevdən xahiş edib". 

Daha sonra söz Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlıya verilib. Qonaqları salamlayan A.Aşırlı əvvəlcə qısaca Türk Ocaqları haqqında məlumat verib: "Azərbaycan Türk Ocağı 1918-ci ildə Bakıda yaradılıb. Təşkilatın ilk təşəbbüskarçılarından biri Abdulla Şaiq idi. Onunla yanaşı, Müsavat Partiyasının qurucularından Abbasqulu Kazımzadə və Kərbəlayi Vəli Mikayılov və digər ziyalılar Azərbaycan Türk Ocağının Bakıda açılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinə rəsmi müraciət ediblər. Nəticədə təşkilat yaradılıb və qısa müddət ərzində fəaliyyət göstərib. 1918-ci ildə noyabr ayında türk ordusunun Bakını tərk etməsindən və ingilislərin gəlişindən sonra Azərbaycan Türk Ocağı fəaliyyətini dayandırdı. Bir də 1919-ci ilin iyun ayında, ingilislər şəhəri tərk edəndən sonra yenidən açıldı. Azərbaycan Türk Ocağının fəaliyyətinin bərpa edilməsi prosesində iştirak edənlərdən biri də Abdulla Şaiqin qardaşı Yusif Ziya Talıbzadə olub. Həmin dövrdə Azərbaycan Türk Ocağının təsisi Müsavat Partiyasına aid idi. Qərara alınıb ki, təşkilat Müsavat Partiyasından alınsın və müstəqil qurum kimi, qeyri-hökumət təşkilatı olaraq fəaliyyətini davam etdirsin. Bununla bağlı bir qrup ziyalı Müsavat Partiyasına müraciət ünvanlayıb". 
A.Aşırlı qeyd edib ki, Yusif Ziya Talıbzadə Azərbaycan Türk Ocağının əsas qurucularından biri olub: ""Azərbaycan" qəzetində bununla bağlı məlumatlar var. Yusif Ziya Talıbzadənin 1908-ci ildə Osmanlı dövlətinə getməsi və sultan II Əbdülhəmidlə görüşü barədə sənəd tapmışıq. Bir də Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti vasitəsilə Musa Nağıyevin, Hacı Zeynəlabidin Tağıyevin İstanbula Axund Yusif Ziya Talıbzadə ilə göndərdiyi "Quran" kitabı yox, onun təfsiri idi. Adı da "Kəşfül-Həqayiq" idi. Onunla bağlı Osmanlı arxivində 3-4 sənəd var. Biz Axund Yusif Ziya Talıbzadəni onun türkçülüyünə, turançılığına görə çox sevirik. Yusif Ziyanın ittihadçılığı həm də Azərbaycanın güneyi ilə quzeyinin birliyi ideyasına söykənirdi. Bunun üçün 1919-cu ildə İrana getmişdi". 

Professor, tarix elmləri doktoru Minaxanım Əsədova Yusif Ziyanın yaradıcılığı haqda danışıb. O deyib ki, Y.Z.Talıbzadənin 15 kitabı, yüzdən çox məqaləsi var: "Yusif Ziya Talıbzadənin dövrü mətbuatda - "Həyat" qəzetindən başlamış "Azərbaycan" qəzetinədək yaradıcılığı əks olunub, məqalələri dərc edilib. "Həyat" qəzetində Yusif Ziya iki imza ilə öz əsərlərini çap edib. Bir imzası "Axund Yusif", digər imzası isə "Müslimzadə" idi. "Müslimzadə" təxəllüsü ilə İrandan axund rütbəsi ilə gəldiyi dövrdə İslam tarixinə dair dəyərli əsərləri dilimizə tərcümə edib. Həmçinin iki cilddə kitab kimi ayrıca nəşr etdirib. "İrşad", "İqbal" və "Azərbaycan" qəzetlərində də əsərləri nəşr olunub. 1993-cü ildə Maştağa Xeyriyyə Cəmiyyətinin sədri Ağanəcəf Qədimovun sifarişi ilə "Hacı Zeynəlabidin Tağıyev" adlı kitab nəşr olunub. Köhnə əlifbada H.Z.Tağıyev haqqında nə məqalə, xəbər çıxıbsa, onu toplayaraq maraqlı kitab halına salıblar. Yusif Ziya Talıbzadənin kiril əlifasında ilk kitabı budur. Bu kitab Y.Z.Talıbzadənin həm də bədii yaradıcılığından xəbər verir. Çünki Yusif Ziya Talıbzadə H.Z.Tağıyev haqqında bilgiləri sadəcə xronologiya ilə verməyib, həm də şeir misraları ilə zəngin bədii monoqrafiya ortaya qoyub". M.Əsədova Yusif Ziya Talıbzadənin islam dininə aid önəmli əsərlərinin olduğunu da deyib. 

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi isə Abdulla Şaiqin oğlu Kamal Talıbzadə ilə olan xatirələrindən söz açıb. Atasının Kamal Talıbzadə ilə yaxın olduğunu söyləyib. Alim vurğulayıb ki, Yusif Ziya Talıbzadənin ictimaiyyətə tanıdılması, gördüyü çoxşaxəli işlərlə bağlı təbliği çox önəmlidir: "Böyük insanların qarşısında ən ümdə borcumuz onları tanıtmaq, gördükləri işləri ortaya çıxartmaqdır. Bilirəm, tədqiqat ağır işdir, amma bu işləri görmək mütləqdir. Hər alimin gələcək qarşısında borcları var. Ona görə də əldə etdiyimiz tarixi mənbələri çap etdirməliyik. Bu çox zəruri məsələdir. Yusif Ziya Talıbzadənin böyük, zəngin irsi var. 100-dən artıq məqaləsi var, maarifçi fəaliyyəti var, ictimai-siyasi, dini xadim olub. Hətta deyərdim ki, mənim nəzərimdə Abdulla Şaiqdən daha geniş sahələrdə çalışan şəxs olub". 

Daha sonra tarixçi-alim Firdovsiyyə Əhmədova, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov Yusif Ziya Talıbzadə haqqında geniş çıxış ediblər. 

Tədbir çərçivəsində Abdulla Şaiq Mənzil-Muzeyinin böyük elmi işçisi Elminaz Məmmədli Yusif Ziya Talıbzadənin həyat və yaradıcılığı, geniş ictimai-siyasi fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Həmçinin, bədii hissədə Abdulla Şaiqin Mənzil-Muzeyinin kiçik elmi işçisi Fəridə Məmmədova şairin türkçülüklə bağlı şeirlərini səsləndirib. Sonda tədbir iştirakçılarına Yusif Ziya Talıbzadənin həyat və fəaliyyətini əks etdirən slayd-şou təqdim edilib.