Nuru Paşa və Qafqaz İslam Ordusuna həmişə minnətdar olmalıyıq
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Dövlətçilik tariximizin ən şanlı, şərəfli günlərindən birinə - Bakımızın erməni-daşnak - rus-bolşevik tör-töküntülərindən xilasının 104-cü ildönümünü şəhidlərimizin mübarək qanı ilə qarşılayırıq. Və həmişə olduğu kimi, yenə də, Vətən sağ olsun, deyirik. Bu, dünya durduqca dilimizin əzbəridir. Heç vaxt dəyişməyəcək Ana andımızdır. Bəli, bayraqları bayraq yapan üstündəki qandır, Torpaq uğrunda ölən varsa, Vətəndir!
Azərbaycanımızı Vətən edən, başımızı ucaldan, vüqarla “millətimin imzası var, imzalar içində” söyləməyimizə, qürurlanmağımıza səbəb olan şəhidlərimiz, qəhrəman oğullarımız önündə təzim edirik. Bu qəhrəmanlardır ötən əsrdən bəri Vətən uğrunda, Azərbaycanın bütövlüyü, dövlətçiliyi uğrunda canını sipər edən. 1918-də də belə idi. 1990-larda da belə oldu, indi də belədir. Vətən savaşı bitməz, şəhidlik məktəbi qapanmaz. Bu, türk-müsəlman topluluğunun şərəfli alın yazısıdır. Xoşbəxt millətik ki, Allah bizlərə məhz bu qisməti ehsan edib.
Başımız uca, alnımız açıqdır. Azərbaycanımızın dövlətçilik tarixinin mühüm səhifələrindən biri – Bakının qurtuluşu günü Qafqaz-İslam Ordusunu bir daha minnətdarlıqla anırıq.
1918-ci il martın 30-da Bakıda başlanan kütləvi qırğınlar 12 mindən artıq günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnmişdi. Tarixi faktlar o gün paytaxtın türk-müsəlman əhalisinə tutulan divanın dünyanın ən vəhşi vandalizmləri ilə müqayisə oluna biləcəyini sübuta yetirir. O dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, orqanları doğranmışdı...” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Quduzlaşmış ermənilər müdafiəsiz insanları, xüsusən qadınları daha ağır işgəncələrlə öldürürdülər.
Bu soyqırımı həyata keçirən qaniçənlər təkcə insanları qətlə yetirməklə kifayətlənmirdilər. Onlar şəhərin ən görkəmli məscidi sayılan Təzəpir məscidini aramsız top atəşinə tutub dəlik-deşik etmiş, Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırmış, Şirvanşahlar Sarayını güllə yağmurundan tanınmaz hala salmış, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetləri redaksiyalarını dağıtmışdılar. Faciənin miqyası yalnız Bakı şəhəri ilə məhdudlaşmamışdı. Həmin günlərdə Zəngəzur, Qarabağ, Şamaxı, Quba, Xaçmaz, Göyçay, Hacıqabul, Salyan, Lənkəran, Muğan bölgəsində də kütləvi qırğınlar törədilmiş, yerli əhaliyə divan tutulmuşdu. Bölgələrdə qətlə yetirilən insanların sayı 50 mindən artıq idi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi:
“Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən, qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək məhv edilmişdi. Cəlladlar ölkənin türk soylu müsəlman əhalisinə olan nifrətini həm də dini ziyarətgahları darmadağın etməklə göstərirdilər. Şamaxıda Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdu. O dövrdə göydələn minarələri olan İrəvan məscidləri şəhərin əsas siluetini səciyyələndirən qurğulardan idi. İrəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah İsmayılın əmri ilə inşa olunmuşdu. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırdılar. Məscid insanlarla birgə tamamilə yanıb külə döndü. 1604-cü ildə I Şah Abbas İrəvan qalasında Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirmişdi. 1606-cı ildə inşa edilən bu məscidin memarı o vaxtın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidi ilə ümumi oxşarlığı olan İrəvan məscid kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif təyinatlı tikililər daxil idi. 1918-ci ilə qədər məscid və ətrafındakı binalar kompleksi yarıuçuq da olsa, qalırdı. Məlum hadisələr zamanı onlar da tamamilə məhv edildi. Belə bir zamanda Bakıya köməyə çağırılan Osmanlı Türkiyəsi Avropa dövlətlərinin etiraz etməsinə baxmayaraq, qardaş ölkəyə köməyini əsirgəmədi. 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirən Türk ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1200-dən çox şəhid vermişdi. 1918-ci il sentyabrın 15-də Osmanlı ordusunun generalı, qəhrəman türk oğlu Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi. Bu qələbə ilə 4 ay əvvəl elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinə, ölkəmizin müstəqilliyinə yaranacaq ciddi təhlükə aradan qalxdı, həm də Bakı və ətraf rayonlarda erməni-bolşevik ağalığına son qoyuldu. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Qəhrəman türk əsgərlərinin qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru Paşaya yazırdı: “Cəsur türk əsgərlərinin Azərbaycanın başkəndi olan Bakını düşməndən təmizləməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır”.
Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Sovet əsarəti illərində bu hadisənin əhəmiyyəti məqsədli şəkildə unutdurulmağa çalışılsa da, xalq türk əsgərinin qəhrəmanlığını könlündə yaşatdı, onu heç bir zaman unutmadı. Daim sayğıyla andı, şəhid məzarlarını gül-çiçəyə bürüdü. Bu gün qəhrəman osmanlı əsgəri ilə Azərbaycan əsgəri eyni məzarlıqda – Şəhidlər Xiyabanında yanaşı uyuyur. Və türk qardaşlığının sarsılmazlığını bütün dünyaya göstərir.
“15 sentyabr 1918-ci il Bakı şəhərinin erməni-bolşevik və ingilis işğalından xilas edildiyi böyük gündür”. Bu sözləri isə Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu dünən səsləndirib. "104 il əvvəl Anadolu torpaqlarında qardaş Azərbaycanın yardımına gələn və Türkiyədən sonra ən çox türk şəhidlərinə sahiblik edən Azərbaycan torpaqlarında şəhid olmuş komandan Nuru Paşanı, Qafqaz İslam Ordusunun qurulması əmrini verən Hərb naziri Ənvər Paşanı böyük hörmətlə anırıq", - deyə Y.Topçu bildirib. Y.Topçu əlavə edib ki, Türkiyə dövləti və milləti hər zaman və hər şəraitdə qardaş ölkə Azərbaycanın və sülhün yanındadır.
Günün önəmi mövzu ilə bağlı "Şərq"ə danışan araşdırmaçı-yazar Dilqəm Əhməd Cümhuriyyət dövrünün tədqiqatçısı olaraq əminliklə ifadə edib ki, əgər Qafqaz İslam Ordusu olmasaydı, Azərbaycan Cümhuriyyətinin tarixi Tiflis və Gəncə dönəmi ilə bitəcəkdi: "Təsadüfi deyil ki, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Cümhuriyyət xadimləri 15 sentyabr hadisəsini 28 may - İstiqlal Günü qədər önəmli hesab ediblər və dövlətimizin faktiki mövcudluğunu 15 sentyabr - Zəfər gününə bağlayıblar. Bakı həmin vaxt bolşeviklərin və ermənilərin əsarəti altında idi. Bakı kommunasının rəhbəri Şaumyan və dəstəkçiləri mart ayında Bakıda, Qubada, Şamaxıda soyqırım törətmişdilər. Təsəvvür edin ki, müsəlman türk əhalisini qıranlar Bakıda hakimiyyətdə idi. Ona görə də Bakının azad edilməsi ancaq və ancaq türk ordusunun sayəsində mümkün ola bilərdi". Araşdırmaçı bildirib ki, türk ordusu Azərbaycan Cümhuriyyəti ilə Osmanlı xanədanlığı arasında bağlanmış müqavilə əsasında Bakıya gəldi: "Bakı əhalisi onları böyük təntənə ilə qarşıladı. Bu baxımdan Nuru Paşa və Qafqaz İslam Ordusunun zabit və əsgərlərinə həmişə minnətdar olmalıyıq. Gələcək nəsillər Bakının xilaskarlarını unutmamalı, tarixdən nəticə çıxarmalıdırlar.