"Göyçə-Zəngəzur Respublikası"nın elan edilməsi yanlış addımdır


Bu iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin sifarişidir

  "Qərbi Azərbaycana Qayıdış" adlı ictimai təşkilat "Göyçə-Zəngəzur Respublikası"nın yaradıldığını elan edib. Bu barədə bəyanat yayan Birlik qeyd edib ki, "Göyçə-Zəngəzur Respublikası" prezident üsul-idarəli, demokratik respublikadır: "Göyçə-Zəngəzur Respublikası"na paytaxt olaraq, Ermənistan Respublikası hökuməti ilə razılaşdırılmaqla, Qafan şəhəri, yaxud Basarkeçər şəhəri nəzərdə tutulur. Respublikanın müvəqqəti yerləşim mərkəzi Bakı, Gəncə şəhərində, yaxud yeni qəsəbə salınması halında Ermənistan sərhədlərinə yaxın Köhnə Başkənd qəsəbəsi olacaq. Respublikanın parlamenti 75 nəfər deputatdan ibarət olmaqla təsis olunur". "Respublika"nın elanından sonra Türkiyənin paytaxtı Ankara şəhərində Göyçə-Zəngəzur Respublikasının nümayəndəliyinin açılışı olub. Nümayəndəliyin qarşısı Göyçə-Zəngəzur və Türkiyə Respublikasının bayraqları ilə bəzədilib. Bu adda "respublika"nın yaradılması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Demək olar ki, əksəriyyət bu addıma qarşı çıxıb və sərt tənqid edib. 

  Qərbi Azərbaycan İcması da “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif paylaşımlar edilməsinə münasibət bildirib. İcma bəyanat yayaraq bildirib ki, "Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımırlar, bu, özfəaliyyətdir: 

"Son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur. Tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir. Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər”. 

  Millət vəkili Məlahət İbrahimqızı deyib ki, “Göyçə-Zəngəzur Respublikası” adlı təşkilat əqidəsi, məqsədi bilinməyən və qaranlıq mənbələrdən qaynaqlanan bir qrup insan tərəfindən Türkiyədə elan edilib. Deputatın sözlərinə görə, bu təşkilatı yaradan insanlar bilərəkdən və ya bilməyərəkdən fəaliyyətləri ilə həm Türkiyəyə, həm Azərbaycana, həm də bu iki qardaş dövlət arasında strateji müttəfiqliyə kölgə salmaq niyyətindədir: 

“Göyçə-Zəngəzur Respublikası”nın elan edilməsi tamamilə yanlış bir addımdır və bu təşkilatın arxasında sağlam əqidəli qüvvələr ola bilməz. Bu təşkilatın təsis edilməsi Azərbaycan və Türkiyəni sevməyən, eləcə də bu iki qardaş ölkənin münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin sifarişidir. Xüsusilə də indiki vəziyyətdə belə bir qurumun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə qazandığı imic, böyük uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi, əldə edilən möhtəşəm Zəfər fonunda hansısa qüvvələrlə işbirliyi adlandırmaq olar”.

  Tarixçi Elmar Həsənli vurğulayıb ki, Zəngəzur Azərbaycan Cümhuriyyətinin tarix ərazisi olub. Biz də Cümhuriyyətin varisiyik: "Tarixdə "Zəngəzur-Göyçə'' adlı dövlət olmayıb. Heç muxtar respublika kimi də fəaliyyət göstərməyib. Bu məsələnin fərqini anlamayanlar özlərindən "respublika '' qurublar. Özlərini də "prezident" seçirlər. Şair gözəl deyib:

 "Başın var başsızdan başını qoru". Biri "Göyçə-Zəngəzur" respublikası yaradır. Digəri "İrəvan Türk Cümhuriyyəti". Sabah da başqası "Dərələyəz Cümhuriyyəti" yaradar. Bədbəxtçilik odur ki, yerlibazlıq, tayfa təfəkküründən xilas ola bilmirik. Bu qorxulu "ideya"nızı gənc nəsillərin təfəkkürünə hopdurmayın. Hər yerdə Azərbaycan davasını aparın. Necə ki, Rəsulzadə və silahdaşları bu davanı son damla qanlarına qədər aparıb ortaya Azərbaycan adlı dövlət çıxarıblar".

"Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi"ni sədri, araşdırmaçı-yazar Ceyhun Nəbi də bildirib ki, insanları coğrafi adlar ilə parçalamaq Kremlin mətbəxində hazırlanmış bir məsələdir:

 "Sovetlər zamanından bu zərərli düşüncəni beyinlərə yerləşdirənlər az da olsa öz məqsədlərinə çata bilmişdilər. Göyçəli, naxçıvanlı, gəncəli, bakılı, qazaxlı və digər coğrafi adlar altında toplumu cılızlaşdırmışdılar. Toplumun ortaq gələcəyi naminə mübarizəni əsl hədəfdən yayındıraraq lazımsız işlərlə məşğul olmağa sövq etmişdilər. Bu işin mahiyyətini, əsl məqsədlərini çox az adam dərk edə bilmişdi. Milli dayanıqlığımızı təmin etmək məqsədi ilə bu zərərli düşüncəyə qarşı mübarizəni başlatmağa çalışmışdılar. Yaradılması qeyri-mümkün görünən "Göyçə-Zəngəzur Respublikası" nə deməkdir? Azərbaycanın istiqlaliyyət bayrağının üzərinə "şir" yapışdırılmasının məntiqi izahı özü qədər yanlışdır".

Politoloq Məhəmməd Əsədullazadə də vurğulayıb ki, Azərbaycanı xanlıq dövrünə qaytarmaq olmaz: 

"Hərəsi öz mənfəəti üçün durub "respublika" qururlar. Bütöv Azərbaycan var. Dövlət başçısı İlham Əliyev Qərbi Zəngəzur və Şərqi Zəngəzur deyir. Bütöv Azərbaycan uğrunda mübarizə aparırıq. Prezident İlham Əliyev bu istiqamətdə tarixi ədaləti bərpa edir. Qərbi Zəngəzur, Şərqi Zəngəzura birləşməlidir".