"Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Milli mövqe tutan insanlar müharibəyə qədər ciddi təbliğat apardılar. Gec-tez torpaqlarımızın geri qayıdacağına inanırdıq".
Bu fikirləri "Sherg.az"a açıqlamasında türkoloq-alim Faiq Ələkbərli deyib.
F.Ələkbərli bildirib ki, dövlətin iradəsi, həmçinin Türkiyə - Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması da, Vətən müharibəsinin taleyində mühüm rol oynadı:
"44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Prezident İlham Əliyev, eləcə də, informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi. Ermənistan və onun tərəfdarları uğursuzluqla üzləşdilər. Baş nazir Nikol Paşinyanın Rusiya, Fransa və digər dövlət başçılarına müraciətləri ciddiyə alınmadı.
Azərbaycanın bütövlüyünü təmin etsək də, bəzi problemlər qalır. Lakin aparılan doğru siyasət nailiyyət qazanacağımıza dəlalət edir.
Azərbaycanın uğurlarına sevinməyən təkcə məğlub Ermənistan deyil, Rusiyanın bəzi dairələri, Fransa, İran narahatdır. Qələbədə 10 milyonluq azərbaycanlı ilə yanaşı mənəvi və bəzən maddi cəhətdən dəstək verən soydaşlarımızın, yəni 60 milyonluq xalqın payı var".