"Azərbaycan xalqı sarsılmaz iradəsini, sabaha ümidini 30 il ərzində itirmədiyini 2020-ci ilin 27 sentyabrında bir daha təsdiqləmiş oldu".
Bu sözləri "Sherg.az"a tarixçi-alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov deyib. Onun sözlərinə görə, 2016-cı il aprel döyüşlərindən başlayaraq, dayanmadan torpaqlarımızın düşmən tapdağından azad olunması istiqamətində görülən hazırlıq işləri öz bəhrəsini verdi:
"Əvvəlcə, Lələtəpə, ardından Naxçıvanın bir sıra adsız yüksəklikləri də daxil olmaqla min hektarlarla ərazilər düşmən tapdağından təmizləndi. İki il öncə, 27 sentyabrından başlayan əks-hücum əməliyyatı nəticəsində üç istiqamətdən irəliləyən ordumuz ard-arda ərazilərimizi azad etdi, xalqımızın sınmış qürurunu özünə qaytardı.
Dövlət başçısının həmin zamanlarda dayanmadan xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi tutarlı cavablar ölkəmizin informasiya təhlükəsizliyinin nə qədər etibarlı olduğunu göstərirdi.
Müharibənin ilk dəqiqələrindən Azərbaycan tərəfinin informasiyanın etibarlı mənbələr vasitəsilə xaricə ötürülməsi, eləcə də xaricdən dezinformasiyaların, feyk xəbərlərin qarşısının alınmasında göstərdiyi cəsarət təqdirəlayiq idi. Hərbi-texniki avadanlıqların, silah-sursatların cəbhəyə daşınması son dərəcə məxfi şəkildə həyata keçirildi.
O cümlədən əhalinin bu barədə hər hansı bir məlumatı sosial şəbəkələrdə yaymağının qarşısı vaxtında alındı, ölkə ərazisində internetin verilməsi tamamilə məhdudlaşdırıldı. Xaricə yalnız dəqiqləşdirilmiş, etibarlı mənbələrdən götürülmüş informasiyalar ötürülürdü. İkinci Vətən müharibəsində ölkəmizə yönəlik hər hansı bir dezinformasiyaların yayılması əngəlləndi.
Bu sahədə yaranabiləcək təhdidlərə yol açılmadı. Cənab Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır!" şüarı ilə Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlara heç bir yer qoymadığını bildirdi.
Eyni zamanda onların ölkəmizi əks-hücum əməliyyatına təhrik etməsi bütün məsuliyyətin qarşı tərəfin üzərində olduğunu deməyə əsas verir.
Beynəlxalq hüququn bütün normalarına əməl edən, düşmənin mülki əhalisinə zərər vurmadan döyüşən ordumuz son dərəcə ustalıqla, az itki verməklə ərazilərimizi düşmən tapdağından azad edir, öz tarixi sahiblərinə qovuşdururdu.
Azərbaycan ordusu qarşısında aciz qalan, çoxsaylı itkilər verən düşmən tərəfi mülki əhali və yaşayış məntəqələrimizi "İsgəndər M", həmçinin digər ağır silahlardan atəşə tuturdu. Bu, əslində beynəlxalq hüquqda birbaşa müharibə cinayəti hesab olunur".