Qazaxıstandan aldığımız taxıl bizə bir il bəs edəcək

Bundan sonra Azərbaycan ərzaq təhlükəsizliyini nəzərə alaraq ərzaqlıq buğdanın ölkə daxilində istehsalına diqqət yönəltməlidir

  Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, dünya bazarında baş verənlər Azərbaycanda ərzaq təhlükəsizliyini, o cümlədən buğda ilə özünü təminat məsələsini aktuallaşdırıb. Onun sözlərinə görə, son vaxtlar iqlim dəyişiklikləri, pandemiya və regiondakı münaqişələr qlobal ərzaq bazarları üçün ciddi təhdidlər yaradıb, təchizat zəncirinin qırılmasına gətirib çıxarıb: "Bütün bu amillər bir çox ölkələrin ərzaq təhlükəsizliyi üçün təhdidlər yaradır. Bu vəziyyətdən çıxış yeni yanaşmaların və çağırışların varlığını tələb edir".

Nazir müavini deyib ki, hazırda ölkəmiz buğdaya olan tələbatını qismən idxal hesabına təmin edir, bu məsələdə Rusiya və Qazaxıstan əsas tərəfdaşlardır: "Azərbaycanda müasir irreqasiya, ehtiyatlara qənaət etmə texnologiyaları sayəsində ərzaqlıq buğda istehsalının atırılması nəzərdə tutulur. Bundan başqa, istehsalçıları stimullaşdırmaq üçün əkinə və məhsul yığımına subsidiyaların verilməsi planlaşdırılır. Yerli istehsalçıların maraqlarının qorunması məqsədilə ərzaqlıq buğdanın minimal qiyməti müəyyən edilib. Həmin mexanizm keyfiyyətli toxum istehsalını və taxılçılıqda yeni innovativ texnologoyaların tətbiqi hesabına sertifikatlaşmış toxumların istifadəsinin genişləndirilməsini stimullaşdıracaq". E.Zeynalov diqqətə çatdırıb ki, iğaldan azad olunmuş ərazilər ölkənin buğda ilə təminatında yeni imkanlar açıb: "Ölkədə buğda istehsalının artırılması ilə yanaşı iri logistik inftastruktur, buğdanın saxlanılması və emalı üçün elevatorlar şəbəkəsi yaradılıb. Logistika infrastrukturunun isə limanlara yaxın olması un istehsalçıları üçün geniş imkanlar yaradır. Son vaxtlar Azərbaycanın vacib nəqliyyat dəhlizinə çevrilməsi faktı beynəlxalq logistikada hab rolu oynaması Qara dəniz, Asiya və Yaxın Şərq bazarları arasında əlaqə yaratmağa imkan verir".

  Nazir müavininin diqqət yönəltdiyi məsələni "Şərq"ə dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanın daxili istehlakı, taxıl və ərzaqlıq buğda istehlakı ildən-ilə təqribən 1 milyon 400-800 min arası dəyişir. Ekspert bəyan edib ki, taxıl üyüdülərkən başqa komponentlərin də qatılması istehlakın dəyişməsinə səbəb olur:

 "Daxili istehsal hesabına bunun cəmi 25 faizi ödənilir. Yerdə qalan 75 faiz ehtiyac isə xaricdən ödənilir. Biz əsasən Rusiya, Ukrayna və Qazaxıstandan taxıl alırdıq. Son zamanlar Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar problemlər üzə çıxdı. Ukraynadan ümumiyyətlə taxıl almaq mümkün deyil. Rusiyada da taxıl ixracı ilə bağlı müəyyən məhdudiyyətlər var. Amma Azərbaycan bu ilin əvvəlindən Qazaxıstanla uzunmüddətli müqavilələr bağlayıb. Bu ölkədən aldığımız taxılın miqdarı dəfələrlə artırılıb. Demək olar ki, Rusiyadan aldığımız taxılı əvəzləmək mümkün olub. Amma həmin taxıl bu il üçün ehtiyatların yaranmasına xidmət edəcək. Ümumilikdə isə Azərbaycan ərzaq təhlükəsizliyini nəzərə alaraq ərzaqlıq buğdanın ölkə daxilində istehsalına diqqət yönəltməlidir. Buna imkanımız var. İşğaldan azad edilmiş torpaqlarımızın potensialı imkan verir ki, buğdanın böyük qismini özümüz istehsal edək. Xaricdəki tərəfdaş ölkələrdən taxıl almaq üçün maddi imkanımız var. Ancaq istənilən halda yerli istehsalın artırılması istiqamətində ciddi qərarlar qəbul etmək lazımdır".