"Azərbaycan Türk Ocağı" Bakı-İstanbul liseyində növbəti tədbirini reallaşdırdı
"Azərbaycan Türk Ocağı" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Əhməd Cavadın 130 illik yubileyi"nə həsr olunmuş tədbirlər davam etdirilir. "Əhməd Cavad və Türk Dünyası" layihəsi çərçivəsində Azərbaycan Türk Ocağı İctimai Birliyinin növbəti tədbiri noyabrın 1-də Bakı-İstanbul liseyində keçirilib.
Tədbirdə tarixçi-alimlər, ictimaiyyət və media nümayəndələri, liseyin müəllimləri və şagirdləri iştirak ediblər. Çıxışlardan öncə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bakı-İstanbul liseyinin direktoru Tural Abasquliyev türk dünyasının böyük oğlu Əhməd Cavadın 130 illiyi ilə bağlı liseydə baş tutan tədbirin onlar üçün çox gözəl hal olduğunu deyib. Sonra çıxış üçün söz Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıya verilib. A.Aşırlı bildirib ki, bu gün türk dünyasında çox məşhur olan bir insanın, istiqlal şairinin, vətənpərvər ədibin – Əhməd Cavadın 130 illiyi münasibəti ilə təşkil olunmuş tədbirə toplaşmışıq. O qeyd edib ki, “Əhməd Cavad və Türk Dünyası” "Azərbaycan Türk Ocağı" İctimai Birliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə layihəsidir: “Biz bu layihə çərçivəsində artıq üçüncü tədbirimizi keçiririk. İlk tədbirimiz Əhməd Cavadın anadan olduğu Şəmkirdə reallaşdı. Orada bir sıra görüşlər keçirtdik. İkinci tədbirimiz isə Gəncə Dövlət Universitetində oldu. Budəfəki tədbirimiz Bakı-İstanbul liseyində keçirilir. Lisey qısa zaman ərzində yaradılmasına baxmayaraq, böyük nailiyyətlər, təhsildə innovativ inkişaf yolu keçib. Ən əsası isə vətənpərvərlik və milli ruhun daha yüksək ovqatda olmasından dolayı Əhməd Cavadın növbəti anım tədbirini bu liseydə keçirməyi qərarlaşdırdıq. Şəmkir və Gəncə kimi İstanbul şəhəri də Əhməd Cavadın həyatında çox böyük rol oynayıb. Əhməd Cavad İstanbula “Mavi gözlü İstanbulum” adlı şeir də həsr edib. Xüsusi olaraq liseyin direktoru Tural müəllimə də dəstəyə görə öz təşəkkürümü bildirirəm. Tural müəllim öz idarəçiliyi ilə daim seçilib”.
Akif Aşırlı türk dünyasının böyük şairi Əhməd Cavadın həyatı barədə də qısa məlumat verib: “
Əhməd Cavad 1892-ci ildə Şəmkirdə doğulub. İlk təhsilini öz atasından alıb, sonra molla yanında təhsilini davam etdirib, ərəb və fars dillərini öyrənib. “Qurani Kərim”i mükəmməl öyrənib. Sonrakı Gəncə mühiti Əhməd Cavadı püxtələşdirib. O, Gəncədə Ruhani Seminariyasında təhsilini davam etdirib. Orada Türkiyədən gələn müəllimlərlə yanaşı, Azərbaycanın münəvvərləri, ziyalıları dərs deyirdi. Əhməd Cavada Hüseyn Cavid, Abdulla Sur dərs deyib. Gəncə şəhəri Əhməd Cavadın həm milli yöndə, ictimai-siyasi yöndə fəaliyyətinə, yaradıcılığına təsir göstərdi. Gəncə hər zaman milli-azadlıq hərəkatlarının mərkəzi olub. Əhməd Cavad 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra Bakıda açılan ilk qeyri-hökumət təşkilatının - “Azərbaycan Türk Ocağı”nın qurucularından biridir”.
Tarixçi-alim Firdovsiyyə Əhmədova çıxışı zamanı deyib ki, Əhməd Cavadın elə bir yaradıcılığı var ki, onu ədəbiyyatçılar, tarixçilər, filosoflar, musiqiçilər uzun zaman incələmək məcburiyyətində qalırlar. Çünki Əhməd Cavad 45 yaşlı həyatında çox böyük işlər görüb:
“Əhməd Cavad Şərqi Anadolunu, Gürcüstan ellərini qarış-qarış gəzib. Deyirlər ki, Birinci Dünya müharibəsinin səlnaməsini onun qədər təsvir edən ikinci bir Azərbaycan şairi yoxdur. Özü də Əhməd Cavad bu səlnaməni qarış-qarış gəzərək, gözü ilə görərək yazıb. Müharibənin ağrı-acılarını, qaçqın və əsir həyatını yaxından görərək, hiss edərək qələmə alıb. Əhməd Cavad bu yönü ilə də tarixə düşüb. Bu tədbirdə himnimizin səslənməsi çox gözəl oldu. Səslənməsə yaxşı olmazdı. Adətən himni protokola əsasən müəyyən tədbirlərdə, məkanlarda oxuyurlar. Amma Əhməd Cavadın tədbirində miqyasından asılı olmayaraq himnin səslənməməsi qüsur olardı. Əhməd Cavad üçün nələr demək olmaz? O, xeyriyyəçi, ədib, yaradıcı, böyük vətənpərvər, türkçü idi. Eyni zamanda hərbçi idi, savaşlara qatılmış, döyüşmüşdü. Düzdür. Əhməd Cavad daha çox şair kimi tanınır, çünki təkcə himnimiz və “Qara dəniz” şeirləri kifayət edərdi ki, görkəmli ədibimiz tarixdə öz yerini tutsun. “Qara dəniz” şərqisi türk dünyasının ikinci himninə çevrilib, çox məşhurlaşıb. Belə bir şeirin müəllifinin Əhməd Cavad olması bizim adımıza böyük şərəfdir. Amma bununla yanaşı, Əhməd Balkan savaşlarında, Birinci Dünya müharibəsində döyüşüb”.
Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Göyüşlü bildirib ki, Əhməd Cavad kimi böyük bir şəxsiyyətin 130 illik yubileyində iştirak etmək də, çıxış etmək də böyük şərəfdir: “Əhməd Cavadı, Hüseyn Cavidi və digərlərini repressiya illərində fiziki cəhətdən məhv etsələr də, onların adının anılması, xüsusi tədbirlərin keçirilməsi, kitabların çap olunması göstərir ki, onların ideyalarını, fikirlərini məhv edə bilmədilər. Əhməd Cavad Azərbaycan, Türkiyə, türk dünyası, bayraq, himn deməkdir. Əhməd Cavadın irsinin öyrənilməsi və gənc nəslə çatdırılması çox önəmlidir. Mən Şəmkir və Gəncə şəhərlərində keçirilən tədbirləri də izlədim və dərhal Əhməd Cavadın nəticəsi Cavad bəyə məlumat verdim. Bu cür fəaliyyətlərin sayı nə qədər çox olsa, o qədər yaxşıdır”.
"Azərbaycan Türk Ocağı" İctimai Birliyinin Gənclər Şöbəsinin sədri Sənan İsmayıl “Əhməd Cavad və Qafqaz İslam Ordusu” mövzusunda çıxış edib. Bildirib ki, Əhməd Cavad sadəcə şair, ədib, mütəfəkkir deyil, həm də savaşçı, hərbçi idi: “O, balkan döyüşlərində, Birinci Dünya müharibəsində, Batumda, eyni zamanda Qafqaz İslam Ordusunun tərkibində də vuruşub. Əhməd Cavadın yaradıcılığının 1918-1920-ci illəri əhatə edən dövrü əsasən Azərbaycan Xalq Cümhuriyyətinə və Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinə həsr olunub. Şair həmin dövrdə “Bismillah”, “Türk ordusuna”, “Gəlmə”, “Dağlar” kimi şeirlər qələmə alıb. Əhməd Cavad türk ordusunun Azərbaycana gəlişindən öncə bu şanlı ordunun döyüşlərini, tarixi zəfərlərini də öz şeirlərində həyəcanlı, coşğulu bir şəkildə vəsf edib. Şair türk ordusunun Azərbaycandan gedişini də niskillə qarşılayır, qardaş ordunun torpaqlarımızdan getməsini istəmirdi. Çünki Qafqaz İslam Ordusunun Azərbaycanda olması Cümhuriyyətin varlığını təmin edirdi”.
Çıxışlardan sonra tədbir ədəbi-bədii proqramla davam etdirilib. Bakı-İstanbul liseyinin 3-cü və 4-cü sinif şagirdləri – Ali Arda və Ela görkəmli şairimiz Əhməd Cavadın “Susmaram”, “Qara dəniz” şeirlərini səsləndiriblər.
Sonra şagirdlər xor halında “İzmir marşı”nı oxuyublar. Sonda türk dünyasının böyük şairi Əhməd Cavadın 130 illiyi ilə bağlı İstanbul liseyində keçirilən tədbirə göstərdiyi dəstəyə görə Bakı-İstanbul liseyinin direktoru Tural Abasquliyev "Azərbaycan Türk Ocağı" adından təltif olunub.