İrana tarix dərsi! -  “Cənubi Azərbaycan Cümhuriyyəti məsələsi gündəmdə...”

“Parlamentdə 2010-cu ildəki çıxışım zamanı , "Türkmənçay" müqaviləsinin qüvvədən düşməsini tanımağımız barəsində məsələ qaldırdım”

“Ona görə də bu məsələ mütəmadi olaraq qaldırılmalı və Güney Azərbaycana hər cür dəstək göstərilməlidir"


Son zamanlarda İranın Azərbaycana qarşı qərəzli mövqeyi və separatçılıq fəaliyyəti daha da şiddətlənib. Bu ölkə Azərbaycanı sözdə din qardaşı və qonşu adlandırır, əməldə isə minbir fitnə törədirlər.Cənub sərhədlərimizdə təlimlərin keçirilməsi, Qafanda konsulluğun açılması və Güneyli soydaşlarımızın hüquqlarının pozularaq təqiblərə məruz qalması bunun ən bariz nümunəsidir. Digər tərəfdən İran dövlət televiziyaları və ayrı-ayrı siyasi fəallar Azərbaycana hücum edilməsini və Naxçıvanın işğalını təklif edir. Ortada sual yaranır ki, bizə qarşı bu qədər düşmənçilik bəsləyən Cənub qonşumuza qarşı, niyə “Cənubi Azərbaycan Cümhuriyyəti” məsələsini iərli sürmürük. Axı bizim orada doğmalarıyla qovuşmağı gözləyən 40 milyon soydaşımız var. 

  Məsələni "Sherg.az" dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, rəhbərlik etdiyi partiya Cənubi Azərbaycan Cümhuriyyəti məsələsini uzun illərdir, gündəmdə saxlayır:

  "Bizim Güney Azərbaycan departamentimiz var.  Onlar 20 ildir ki, bu məsələ ilə məşğuldurlar. Digər tərəfdən 1991-ci ildə Azərbaycan müstəqillik aktını qəbul edəndə mən təklif etdim ki, ölkəmizin adı Şimalı Azərbaycan olsun və Cənub hissəmiz bilinsin. Parlamentdə 2010-cu ildəki çıxışım zamanı , "Türkmənçay" müqaviləsinin qüvvədən düşməsini tanımağımız barəsində məsələ qaldırdım. İranın davranışlarına isə mütəmadi şəkildə reaksiya bildiririk. 

Partiyaların əksəriyyəti münasibət bildirmir və siz onları qınamaqda haqlısız. Lakin jurnalistlər də bu məsələni ciddi şəkildə gündəmdə saxlamalıdır. Düzdür, "Şərq" kimi  bir neçə milliyətçi kəsim olan media qurumları məsələyə toxunur. Amma bu kifayət deyil. Gərək bütün qəzetlər, saytlar və media resursları mövzunu gündəmdə saxlasın. Bunu isə İranın davranışına görə yox, bizim təbii haqqımız olduğu üçün etməliyik. Bizim üçün əzəli status-kvo öz tarixi torpaqlarımızda birləşmiş Azərbaycandır. 

Bunu gizlətmək olmaz. Milli hədəfi gizlətməzlər. Ona görə də bu məsələ mütəmadi olaraq qaldırılmalı və Güney Azərbaycana hər cür dəstək göstərilməlidir".