Azərbaycan Türk Ocağı Ankara və İstanbulda geniş tədbirlər keçirib
Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əhməd Cavadın 130 illik yubileyi"nə həsr olunmuş silsilə tədbirlər davam etdirilib. "Əhməd Cavad və Türk Dünyası" layihəsi çərçivəsində Azərbaycan Türk Ocağı İctimai Birliyinin növbəti tədbirləri Türkiyədə - Ankara və İstanbul şəhərlərində keçirilib. İlk tədbir noyabrın 5-də Ankarada Türkiyə Türk Ocaqlarının Mərkəzi Qərargahında baş tutub. Tədbirdə elm adamları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Canlı yayımlanan elmi-kütləvi konfransda Balıkəsir Türk Ocağının gənc üzvləri də fəal iştirak ediblər. Tədbirdə "Əhməd Cavad və Türk Dünyası" adlı kitab da maraqla qarşılanıb.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı öncə layihə barədə qısa məlumat verib. Bildirib ki, Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəinki təkcə Azərbaycanın, bütün türk dünyasının münəvvəri, istiqlal və Cümhuriyyət şairi - Əhməd Cavadın 130 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. A.Aşırlı Ankarada keçirilən konfransın 4-cü tədbir olduğunu qeyd edib: "Öncə Əhməd Cavadın anadan olduğu Şəmkiri ziyarət etdik. Daha sonra Əhməd Cavadı püxtələşdirən, onun həyatına türkçülük və milli ruh, mübarizə əzmi qatan Gəncədə olduq. Gəncə Dövlət Universitetində "Əhməd Cavad və Türk Dünyası" layihəsi çərçivəsində tədbir keçirtdik. Azərbaycanda sonuncu tədbirimiz Bakıda "İstanbul" liseyində baş tutdu". Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri vurğulayıb ki, Əhməd Cavad ruhu, qanı, canı və düşüncələri ilə türk olub. O, öz şeirləri, əsərləri ilə Türk Dünyasının birliyinə çalışıb, milli ruha istiqamət verən böyük bir ziyalıdır, mütəfəkkirdir. Azərbaycan Xalq Cümhuriyyəti dedikdə Əhməd Cavad yada düşür. Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətində quruluşunda hansı rola sahibdirsə, Əhməd Cavad da Cümhuriyyət poeziyasında eyni çəkiyə, eyni miqyasa sahib bir ədibimizdir. O təkcə Azərbaycanın mütəfəkkir şairi deyil, eyni zamanda türk dünyasının istiqlal şairidir. Əhməd Cavad sadəcə ədib də deyildi, həmçinin savaşçı, hərbçi idi. 1937-ci ildə onu həbs edən zaman dövrün təhlükəsiz xidmətində ondan 1911-1912-ci illərdə harada olduğunu, nə iş gördüyünü soruşurdular. Əhməd Cavad çəkinmədən Türkiyədə olduğunu, Balkan savaşlarına qatıldığını söyləyirdi. Deyirdi ki, bu savaşda öz qan qardaşları ilə bir səngərdə olmağından qürur duyur. Balkan savaşları dönəmində Azərbaycan çar Rusiyasının tərkibində idi. Milli qüvvələr, ziyalılar daim rejim tərəfindən təqib olunurdu. Buna baxmayaraq, Azərbaycan gəncləri "Qafqaz könüllüləri" adı ilə saxta pasportlarla İran üzərindən Türkiyəyə keçərək, Balkan savaşlarına qatılmışdılar".
Akif Aşırlı vurğulayıb ki, Əhməd Cavadın ulu babası rus işğalçılarına qarşı uzun müddət mübarizə aparmış ən önəmli sərkərdələrdən biri olan Gəncə hakimi Cavad xanın yanında vəzifə sahiblərindən olub: "Cavad xan son damla qanınadək işğalçılara qarşı vuruşdu, qəhrəmancasına şəhid oldu, rus əsarətinə boyun əymədi. Böyük şairə Cavad adı verilməsinin səbəbi budur. Sadə bir ailədə dünyaya gəlib. Ərəb və fars dillərini, eyni zamanda "Qurani-Kərim"i mükəmməl şəkildə öyrənib. İbtidai təhsilini Gəncədə alıb. Gəncə Azərbaycanın milli-mədəni mərkəzlərindən biri idi, şəhərdə böyük milli mühit var idi. Burada dərs deyən insanların böyük qismi Türkiyədə təhsil almış şəxslər idi. Abdulla Sur və Hüseyn Cavid kimi şəxslər Əhməd Cavadın müəllimləri olub, ona dərs keçiblər. Əhməd Cavadın şair, ziyalı, münəvvər aydın kimi yetişməsində, türkçülük mövqeyində bu müəllimlərin əhəmiyyətli rolu olub".
A.Aşırlı əlavə edib ki, Əhməd Cavad Birinci Dünya müharibəsi illərində də xüsusi fəallıq nümayiş etdirib:
"O, məşhur "Çırpınırdı Qara dəniz" şeirini Birinci Dünya müharibəsində, Çanaqqala savaşlarında yazıb. "Çırpınırdı Qara dəniz" bütün türk dünyasının ortaq marşı kimi oxunur və sevilir. Birinci Dünya müharibəsində Şərqi Anadoluda erməni-rusların zülmünə məruz qalmış, ev-eşiyini, yaxınlarını itirmiş soydaşlarımız var idi. Əhməd Cavad həmin dönəmlərdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin xətti ilə Şərqi Anadoluda evsiz-yurdsuz qalmış qardaşlarımızın Güney Qafqaza, Azərbaycanın müxtəlif yerlərinə gəlməsinə çalışdı. Yetimlər evi açılmasına səy göstərdi. Batumda, Qarsda Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin əsas katiblərindən biri oldu".
Akif Aşırlı bəyan edib ki, layihə çərçivəsində çap edilmiş "Əhməd Cavad və Türk Dünyası" adlı kitabda Əhməd Cavadın Türk Ocağı ilə əlaqələri, bu istiqamətdə fəaliyyəti öz əksini tapıb:
"İndiyədək Ə.Cavadın Türk Ocağında fəaliyyəti işıqlandırılmamışdı. Biz "Əhməd Cavad və Türk Dünyası" kitabında bu çatışmazlığı aradan qaldırdıq. 1918-ci ilin sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olundu. Azərbaycan Xalq Cümhuriyyəti Gəncədən Bakıya köçürüldü və nəticədə milli təsisatlar, quruluşlar yaranmağa başladı. Həmin dövrdə Əhməd Cavad, Abdulla Şaiq, Abbasqulu Kazımzadə və başqa şəxslərlə birlikdə Azərbaycan Türk Ocağının yaradılması ilə bağlı Cümhuriyyətə rəsmi müraciət ediblər. Böyük ədibin həyatı mücadilələrlə keçib. 1920-ci ildə Azərbaycanda bolşeviklər hakimiyyətə gələn zaman bir neçə dəfə həbs olunub. İşğaldan sonra Azərbaycanı tərk etməyən Əhməd Cavad 1937-ci ildə həbs olunub. Onun həbsindən sonra həyat yoldaşı Şükriyyə xanım da həbs edilib".
Çıxışın sonunda Əhməd Cavadın məşhur "Susmaram" şeiri videoçarx şəklində iştirakçılara təqdim olunub. Daha sonra Azərbaycan Türk Ocağının başqanı Akif Aşırlı tədbir iştirakçılarının suallarını cavablandırıb.
Əhməd Cavadın 130 illik yubleyi ilə bağlı ikinci tədbir noyabrın 8-də İstanbulda Ali Emiri Kültür Mərkəzində Azərbaycan və İstanbul Türk Ocaqlarının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb. İstanbul Türk Ocağının başqanı, professor Cezmi Bayram tədbirin Türkiyədə hamının əzbər bildiyi, milli marş kimi oxuduğu "Çırpınırdı Qara dəniz" şeirinin müəllifi Əhməd Cavadın 130-cu ildönümü ilə bağlı olduğunu bildirib.
Cezmi Bayram konfrans iştirakçılarına Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi çərçivəsində çap olunmuş "Əhməd Cavad və Türk Dünyası" kitabı barədə də məlumat verib: "Azərbaycan xalqı Qarabağ zəfərinin ikinci ildönümünü qeyd edir. Belə məqamda ömrünü Azərbaycanın istiqlalı yolunda sərf etmiş, bu yolda önəmli mücadilə göstərmiş, hətta savaşlara qatılmış görkəmli bir şəxsin anadan olmasının 130-cu ildönümünü qeyd etmək gözəl təsadüfdür. Əhməd Cavad Azərbaycan milli marşının da müəllifidir. Bu mənada həm bir az milli marşımızın müəllifi Mehmet Akif Ərsoy, bir az da Mehmet Emin Yurdakuldur. O baxımdan Əhməd Cavad bizə yad şair deyil. Osmanlıya, türk dünyasına yardımlar edən bir şəxsiyyətdir. Yəni demək istəyirəm ki, Əhməd Cavad Azərbaycanda doğulsa da, bütün türklərin şairidir. Türk dünyasında, Türkiyədə əsərləri onun qədər bilinən, oxunan, sevilən başqa ədib yoxdur".
Daha sonra söz çıxış üçün Azərbaycan Türk Ocağının sədri Akif Aşırlıya verilib. A.Aşırlı da öncə şanlı Zəfərimizin ildönümündən danışıb. Vurğulayıb ki, hazırda Azərbaycanda 44 günlük Vətən müharibəsinin ikinci ildönümü böyük təntənə ilə qeyd olunmaqdadır. O qeyd edib ki, belə məqamda Azərbaycanın istiqlalı üçün çalışan və canını fəda edən Əhməd Cavadın anılması böyük əhəmiyyət kəsb edir. A.Aşırlı Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş "Əhməd Cavad və Türk Dünyası" layihəsi çərçivəsində silsilə tədbirlər həyata keçirildiyini bildirib: "Tədbirlərimiz Əhməd Cavadın doğulduğu Şəmkirdən başlayıb. Əhməd Cavadın milli məfkurə yolunda ən böyük fəaliyyətinə başladığı Gəncədə davam etdirilib. Sonra Bakı-İstanbul liseyində tədbirimiz olub. Bir neçə gün öncə isə Ankarada Türk Ocaqlarının Mərkəzi Qərargahında konfransımız təşkil olundu. Əhməd Cavad böyük türk mücahidi, istiqlal mücahidi idi. Türkiyə üçün Mehmet Akif Ərsoy hansı məqamdadırsa, Əhməd Cavad da Azərbaycan türkləri üçün o məqamdadır. Əhməd Cavad Azərbaycan istiqlalını tərənnüm etdiyi üçün, Cümhuriyyətin simvollarını şeiriyyətə gətirdiyi və gizlin, sətiraltı mənalarda ifadə etdiyi üçün təzyiqlərə məruz qalıb. Hətta Bakıdan Gəncəyə sürgün edilib. 1937-ci ildə Əhməd Cavad repressiyaya məruz qalır və 46 nəfərlə birlikdə həbs olunur. Ona pantürkist, panislamist ittihamları irəli sürülür. Ə.Cavad ittihamlara mətanətlə dözür, hətta Balkan savaşlarında iştirakını etiraf edir".
A.Aşırlı qeyd edib ki, Əhməd Cavad kimi şəxslər öz iradəsi, türkçü, turançı və savaşçı mövqeyi ilə Türk Dünyasının birliyi üçün nə lazımdısa ediblər:
"Şeir yazıblar, səngərdə döyüşüblər. Harada onlara ehtiyac olubsa, orada olublar".
Daha sonra yazıçı-dramaturq, filologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Həsənoğlu çıxış edib.
Alim bildirib ki, Əhməd Cavadın məzarı olmasa da, o, hər bir türkün qəlbindədir: "Əhməd Cavadı bütünləşdirən, zamandan-zaman keçirən öz xarakterinin yansıdığı şeirləridir. Bəlkə də heç bir şairin xarakteri öz şeirlərinə Əhməd Cavad qədər yansımayıb. Əhməd Cavad Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin tərkibində türklərin imdadına yetişən aydınlardan biri idi. O, Nargin adasında türk əsirlərin qaçırılmasında çox böyük rol oynayıb, fədakarlıq göstərib. Əhməd Cavadın ən böyük özəlliyi sözü bütöv bir şair olmasıydı. Təkcə Azərbaycan türklərinin deyil, bütün türk dünyasının səsi olmuşdu. Əhməd Cavad bayraq məfhumunu türkün şüur altına yerləşdirən və yüz il boyu bizə bunu təkrarladan bir şairdir. O, rus, sovet zehniyyəti ilə bərabər fars düşüncəsinə qarşı da duruş gətirən, mərdliyini sona qədər qoruyan bir şair idi".
A.Həsənoğlu Əhməd Cavad kimi şəxslər haqqında filmlərin olmamasından təəssüfləndiyini ifadə edib. Tədbirin sonunda "Çırpınırdı Qara dəniz" şərqisi səsləndirilib.