Farsların dar ağacından asdıqları Firudin İbrahimi

Edam səhər tezdən saat 5 radələrində icra olunub

"Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq"

  İkinci Dünya müharibəsinin başlanması, kənar güclərin İran adlanan ölkənin ərazisinə daxil olması və cərəyan edən proseslər Rza şahın başçılıq etdiyi istibdad rejimini dərindən laxlatdı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına səbəb oldu. Güney Azərbaycanda gedən milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı altında Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi. Tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Hökuməti "21 Azər" hərəkatı adı ilə tanınmaqdadır. 

Azərbaycan Milli Hökuməti İran adlanan ölkədə Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökumət kimi fəaliyyətə başlasa da, daha sonra siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı izlədi. Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Milli Hökumətin dəyərli üzvlərindən biri Firudin İbrahimi idi. Olduqca gənc yaşlarında yüksək posta layiq görülmüş F.İbrahimi Güney Azərbaycanın Ərdəbil vilayətinin Astara şəhərində dünyaya gəlib. Erkən yaşlarından Rza Şah Pəhləvi despotizmini qəbul etməyən Firudin İbrahimi üsyankar səsini qaldırmağa başlayıb. 

O, yaxşı dərk edirdi ki, Güney Azərbaycanın azadlığını əldə etməsi üçün hüquqi cəhətdən əsaslarını təmin etmək lazımdır. Ona görə də Tehran Universitetinin hüquq fakültəsinə daxil olur və tələbəlik illərində dünyada hüququ prinsipləri dərindən öyrənir. Firudin İbrahimi hələ 23 yaşında Güney Azərbaycanda Pəhləvi istibdadına qarşı mübarizə aparmaqla gəncliyin simvoluna çevrilmişdi. "Xavəri nov" (Yeni Şərq) qəzetində öz ideyalarını gündəmə gətirmişdi. O, məqalələrində şah istibdadına və onun yerlərdəki feodallarına şiddətlə qarşı çıxırdı. Bir sözlə, Azərbaycan Milli Hökumətinin yaradılması istiqamətində baş verən proseslərdə Firudin İbrahiminin də misilsiz rolu var idi. 

Firudin İbrahimi Milli Hökumətdə Məclis üzvü olmaqla yanaşı, həm də baş prokuror təyin edildi. 26 yaşında Şərq aləmində bu yaşda baş prokuror statusunu daşıyan ikinci şəxs olmayıb. O, Güney Azərbaycanda ədalətli cəmiyyətin hüquqi əsaslarının həyata keçirilməsi işinə rəhbərlik edirdi. Şah istibdadı rejimini bərpa etmək və zülmkar feodalların əksinqilabi qüvvələrinə qarşı mübarizə aparan "Babək" adlı könüllü dəstələrin təşkilatçılarından biri də Firudin İbrahimi idi. 

O, "Ettelat", "Ajir", "Rəhbər", "Mərdom", "Zəfər", "Siyasət", "Mərdan" və Milli Hökumətin tribunası "Azərbaycan" qəzetlərində məqalələrlə çıxışlar edirdi. Milli Hökumətin əsas üzvlərindən biri kimi Firudin İbrahimidə olan zəngin enerjinin tükənməzliyi çoxlarını heyrətə gətirirdi. O, kabinetdə heç zaman oturmazdı, daim əhali ilə görüşlərə qatılar, xalqın hüquq və azadlıqlarını pozmağa çalışan ərbabların və mövhumatçı mollaların qarşısını alardı. Ona görə də gənc baş prokuror kimi xalq tərəfindən çox sevilirdi. 

  Həmin dövrdə Rza şah Pəhləvi və oğlu Məmmədrza şah Azərbaycan türklərinin milli varlığının məhv edilməsi istiqamətində siyasət yürüdürdülər. Onlar Azərbaycan türkcəsinin ölkədə işlədilməsini yasaqlamışdılar. Azərbaycan türklərinin İrana gəlmə olduğu barədə saxta tarix kitabları yazılırdı. Firudin İbrahimi ana dili olan Azərbaycan türkcəsinin müdafiəçilərindən biri idi. O baxımdan mənsub olduğu millətin dilini, ədəbiyyatını, mədəniyyətini, tarixini araşdıraraq, kimin gəlmə olduğuna tutarlı faktlarla cavab verib, qədim tariximizi zamanına və şəraitə görə uğurla araşdırıb. 
2017-ci ildə Azərbaycanın Əməkdar jurnalisti Rəhim Hüseynzadənin redaktorluğu ilə Firudin İbrahimlinin 25-28 yaş aralığında qələmə aldığı və ilk dəfə 1946-cı ildə Təbrizdə çap edilmiş "Azərbaycanın qədim tarixi" adlı kitabı əski əlifbadan latın qrafikasına tərcümə olunaraq yenidən nəşr olunub. Kitabda onun müxtəlif zamanlarda yazdığı məqalələr toplanıb və Azərbaycanın, İranın tarixinə dair maraqlı məqamlar yer alıb. 

Kitaba ön söz yazan tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə qeyd edib ki, günün ictimai-siyasi məsələlərinin təhlilinə həsr olunmuş çoxlu sayda məqalələr yazmış Firudin İbrahimi ana dilindən başqa fars, fransız və ərəb dillərini də mükəmməl bilib. Bildirib ki, Firudin İbrahiminin “Azərbaycan danışır... İftixarlı tariximizdən bir neçə parlaq səhifə” (Azərbaycanın qədim tarixindən) başlıqlı yazıları 19 hissədən ibarət olmaqla 31 oktyabr - 21 noyabr 1945-ci il tarixləri arasında “Azərbaycan” qəzetinin 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla ayrı-ayrı başlıqlarla fars dilində çap olunub. 

  Azərbaycanın Əməkdar jurnalisti, İranlı Mühacirlər Cəmiyyətinin sədri Rəhim Hüseynzadə kitab haqqında fikirlərini qeyd edərkən vurğulayıb ki, Firudin İbrahiminin haqqının ödənməsi istiqamətində şair və yazıçılarımız qismən işlər görüblər. Mirzə İbrahimovdan sonra Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, onların davamçıları Arif Səfa, Tariyel Ümid poema və digər poetik nümunələrdə öz sözlərini deyiblər. Lakin jurnalist, publisist, yazıçı, tarixçi, bir neçə dildə səlis danışan siyasətçi, dövlət xadimi, hüquqşünasın malik olduğu xəzinə hələlik arxivlərdə araşdırıcılarının yolunu gözləməkdədir: "Azərbaycan Milli Hökuməti dövründə qədim Azərbaycan tarixinə dair ana dilində qələmə alınan bu ilk əsər müəllifin müasirlərinə və sonrakı nəsillərə həmin sahədəki ətalətin aradan qaldırılması üçün tövsiyəsi, çağrışıdır. Bütün imperiyaların mahiyyətində istilaçılıq, başqa xalqların haqlarına şərik çıxma xüsusiyyəti var. Ona görə də zatən demokrat, mütərəqqi insan olan F.İbrahimi qarşıya Mad imperiyasının timsalında heç də fövqəladə bir modelin təqdimatını məqsəd qoymayıb. Bununla belə sətiraltı, bəzən birbaşa mənalarla sözünü deyib. Böyük mütəfəkir və ziya sahibi olan müəllif əsərdə işlətdiyi parslara aid ifadələr onun azərbaycanlıların əsrlər boyu qonşuluqda yaşadıqları farslara həqarətinin ifadəsi kimi qətiyyən qəbul edilməməlidir. Kitabı diqqətlə oxuyan arif oxucular bunu asan sezə bilərlər". 

  Elmi, siyasi, dövlətçilik fəaliyyəti örnək olmuş F.İbrahimi Azərbaycanın azadlığı uğrunda şəhidliyi ilə də gələcək nəslə nümunə sayıla bilər. Azərbaycanda Milli Hökuməti 1946-cı ilin dekabrın 11-də Məhəmmədrza şah tərəfindən qan içində boğulduqdan sonra F.İbrahimini həbs ediblər. İran şahlıq rejiminin amansız ordusu ilə qeyri-bərabər döyüşdə, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin binasında 34 saatlıq silahlı müqavimətdən sonra o, həbs olunub, zindana salınıb. Həbsxanada yüksək ləyaqətini qoruyub saxlayan F.İbrahimi İran xəbər agentliklərindən birinin "Siz prokuror olduğunuz zaman hansı işləri icra etmisiniz" sualını belə cavablandırıb: “Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs edilən günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik”. 

  Onun məhkəmədə irticaçı şah rejimini ittiham edən nitqi isə bu gün də İran azadlıqsevərləri üçün nümunədir: "Gün gələcək ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, onların mədəniyyət və milli qürurlarını tapdalayanlar, öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqlar". 

F.İbrahimini 1947-ci ilin mayın 23-də Təbriz şəhərinin Gülüstan bağında dar ağacından asıblar. Hadisə şahidləri, onun qohumları və ailə üzvləri bildiriblər ki, edam səhər tezdən, saat 5 radələrində icra edilib. O, dar ağacının ətrafında toplaşanlara belə müraciət edib: “Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan və İran xalqlarının birliyi! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!”. Xalq yazıçısı Mirzə İbrahimovun "Gələcək gün" romanında və şairə Mədinə Gülgünün "Firudin" poemasında F.İbrahiminin vətənpərvər, qəhrəman və gözəl insan obrazı yaradılıb. 

Əlbəttə, gənc yaşında şəhidlik zirvəsinə ucalmış Firudin İbrahimi aldığı təhsil, mükəmməl dünya görüşü ilə İrandakı hakimiyyətə, Məhəmmdrza şaha xidmət edib, böyük var-dövlət sahibi də ola bilərdi. Ancaq o, ən ağırını və şərəflisini seçərək, millətinə - Azərbaycana xidmət etməyə üstünlük verdi. 

Bir daha sübut etdi ki, öz millətinə ləyaqətlə xidmət edənlər unudulmur, sevilir və örnək olurlar. F.İbrahiminin həyat və fəaliyyəti xatırlananda bir millətin bu gün də üzləşdiyi problemlər göz önünə gəlir, Azərbaycanın fəxr ediləcək tarixi yada düşür.