Məlahət İbrahimqızı: "Ümummilli Liderin ən çox sevdiyi şair Şəhriyardır"
"Heydər Əliyev türk dünyasının birliyinə böyük töhfələr verib. Hazırda Türk Dövlətləri Təşkilatı adlanan birliyin illər öncə, 2000-ci ildə Bakıda keçirdiyi zirvədə Heydər Əliyev tarixi çıxış etmişdi"
“2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Tədbirlər Planına əsasən, "Heydər Əliyev təqaüdü" təsis ediləcək. Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq. 2023-cü ilin yanvar-may aylarında "Heydər Əliyev - 100" yubiley medalı təsis olunacaq.
Millət vəkili, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı "Şərq"ə deyib ki, Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, sadəcə, bir-iki günlük yubiley tədbirlərində, anım mərasimlərində onun misilsiz xidmətlərini, gördüyü əvəzsiz işləri sadalamaq, əziz xatirəsini yad etmək qeyri-mümkündür. O baxımdan 2023-cü ilin bütövlüklə "Heydər Əliyev İli" elan olunması çox təqdirəlayiq addımdır. Deputatın sözlərinə görə, ölkə ictimaiyyəti Prezident cənab İlham Əliyevin bu barədə Sərəncamını böyük məmnunluqla qarşılayır. Azərbaycanda elə bir sahə yoxdur ki, Ümummilli Liderin həmin sahədə mühüm xidməti, yönləndirici rolu olmasın. 2000-ci il aprel ayında Bakıda Dədə Qorqudun 1300 illik yubileyi keçirilmişdi. Ulu Öndərin Dədə Qorqud haqqında çıxışına nəzər salanda düşünürsən ki, dünyanın ən böyük qorqudşünas alimi elə Heydər Əliyevdir. O cümlədən dahi şairlərimiz Nizami Gəncəvi, Məhəmmməd Füzuli, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov və digərləri ilə bağlı çıxışlar da insanda eyni təəssüratı formalaşdırır. Oxuduqca, araşdırdıqca Heydər Əliyevin nə qədər dahi şəxsiyyət olduğunu görürsən. Hər bir məsələnin mahiyyətini, tarixini, elmi xüsusiyyətlərini çox gözəl bilirdi. Onun çıxışları elmi tezislər idi, hər cümləsi bir düşüncə idi. Ulu Öndər hər zaman xalqın dilində danışırdı. Bütün sahələrdə Ümummilli Liderin çox böyük zəhməti, əməyi var".
M.İbrahimqızı bildirib ki, Tədbirlər Planı "Heydər Əliyev İli" ilə bağlı bir yol xəritəsidir: "Heydər Əliyev türk dünyasının birliyinə böyük töhfələr verib. Hazırda Türk Dövlətləri Təşkilatı adlanan birliyin illər öncə, 2000-ci ildə Bakıda keçirdiyi zirvədə Heydər Əliyev tarixi çıxış etmişdi. Demişdi ki, türk dövlətləri, xalqları öz tarixləri boyu bir-biri ilə indiki qədər yaxın olmayıb. Ümummilli Lider çox aktual məsələyə toxunmuşdu. Həqiqətən, keçmiş tarixə nəzər salsaq, türk dövlətlərinin bir-biri ilə savaş halında olmasını görərik. Ona görə də türk xalqları pərən-pərən düşüblər. Ancaq bu gün türk dövlətləri və xalqları Türk Dövlətləri Təşkilatı çərçivəsində güclü birlik və həmrəylik nümayiş etdirirlər. Artıq Türkmənistan da Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvü oldu. Şükürlər olsun ki, hazırda türk dünyası tarixinin ən şanlı mərhələsini yaşayırıq. Bu gün biz qardaşlığı, dayanışmanı görürük və qürur duyuruq. Heydər Əliyev həmin zirvə görüşündə xüsusi vurğulamışdı ki, "biz tarixdən dərs çıxartmalıyıq, tariximizdə olan səhvləri təkrarlamamalıyıq və türk dünyasını ildən-ilə gücləndirməliyik". Heydər Əliyevin "Azərbaycan" jurnalında bir müsahibəsini oxumuşdum. Ulu Öndərdən soruşurlar ki, "sizin ən çox sevdiyiniz şeir hansıdır?". Heydər Əliyev cavab olaraq Səməd Vurğunun "Azərbaycan" şeiri demişdi. Digər suallara cavab olaraq ən çox sevdiyi dramaturqun Hüseyn Cavid, ən çox sevdiyi şairin isə Məmmədhüseyn Şəhriyar olduğunu söyləmişdi. Heydər Əliyev Hüseyn Cavidi niyə sevirdi? Çünki H.Cavid türkçü və müsəlman şairlərdən idi. Ulu Öndərin "ən çox sevdiyim şair Şəhriyardır" sözləri də çox ciddi mesaj yükü daşıyır. Ümummilli Lider diqqətə çatdırır ki, Şəhriyar bizim şairimizdir, türkdür. Milyonlarla soydaşımız Güney Azərbaycandadır və biz onlara sahib çıxmalıyıq. Heydər Əliyevin hər cümləsinin arxasında dərin hikmət var".
Parlament üzvü qeyd edib ki, Azərbaycan və Türkiyə rəhbərlikləri arasında yazılmamış qanunlar var. İki ölkədə də prezident seçkilərindən sonra liderlər bir-birinə qarşılıqlı səfərlər edir: "Həmişə fikirləşirdim ki, rəsmi protokoldan kənar bu ənənə harada, nə vaxt, necə formalaşıb. Ötən il Azərbaycan-Türkiyə dostluğu barədə bir kitabı hazırlayanda Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğanın 2003-cü il yanvarın 7-də Azərbaycanda olması və Heydər Əliyevlə görüşü diqqətimi çəkdi. Ərdoğan Atatürkdən sonra ilk dəfə təkbaşına hakimiyyətə gələn liderdir. Heydər Əliyev çox uzaqgörən lider olduğuna görə Ərdoğanı Azərbaycana dostluq səfərinə dəvət etmişdi. Ərdoğan seçkidən sonra Avropa ölkələrinə səfərlər etdiyini bildirmişdi. Ulu Öndərimiz Türkiyə lideri Ərdoğanla görüşündə bir mesaj kimi vurğulamışdı ki, Türkiyədə rəhbər seçilən şəxslər ilk növbədə Azərbaycana, Azərbaycanda seçilən şəxslər də birinci səfərini Türkiyəyə etməlidir. 2003-cü ilin avqust ayında cənab İlham Əliyev baş nazir seçiləndə ilk səfərini Türkiyəyə edir. Görün, Heydər Əliyev nəyin təməlini qoyub? Ulu Öndərin hər çıxışını diqqətlə oxumaq lazımdır".