Heydər Əliyevin ideyaları yolumuzu işıqlandırır

Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği:

  Dünən müasir və müstəqil Azərbaycan dövlətinin memarı, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin vəfatından 19 il ötdü. Bu münasibətlə dövlət rəsmiləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, sıravi vətəndaşlar Fəxri xiyabana axın edərək Ulu Öndərin məzarını ziyarət edərək, xatirəsini andılar, ruhuna dualar oxudular. Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident Öndərin məzarı önünə əklil qoyub. 

Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyalarının işığında zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru inamla irəliləyir. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü də illər ötdükcə daha dərindən dərk olunur. Buna mütənasib olaraq xalqın öz dahi oğluna məhəbbət və ehtiramı da artır. Ümummilli Lider Heydər Əliyevin vəfatından ötən 19 ildə Azərbaycan tanınmaz dərəcədə dəyişərək dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Otuz il işğal altında qalan torpaqlarımız siyasi-hərbi yolla azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə bir sıra transmilli energetika və nəqliyyat layihələri reallaşdırılıb. TANAP və TAP boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi ölkəmizə mühüm siyasi-iqtisadi dvidendlər gətirməkdədir. Bu gün Azərbaycan azsaylı kosmik ailənin üzvünə çevrilib. Səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilir, bayrağımız uca zirvələrdə dalğalanır. Bütün bu uğurların, möhtəşəm qələbələrin əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır. Zamanın axarında Azərbaycan da, həyatımız da tamamilə dəyişib. Dəyişməyən yeganə reallıq xalqın öz böyük oğluna tükənməz məhəbbət və ehtiramıdır. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, yollarımızı daim işıqlandırır.
  Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı öz xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi hisslərin parlaq təzahürüdür. 
  Ulu Öndər Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə hakimiyyətə gəlib. Bununla yanaşı dünyada Azərbaycana qarşı yürüdülən ikili standartlar ölkənin, az qala, müvazinətinin itirilməsinə səbəb olmuşdu. Bütün bunların fonunda Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca amalı Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olub. O, ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın qurucusuna çevrildi və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazandı. Qarabağın, Şərqi Zəngəzurun azad olunması üçün səylərini əsirgəməyən mərhum lider Azərbaycanda davamlı siyasətin əsasını qoydu. Ömrünün 80-ci ilində dünyasını dəyişsə də, onun adı, siyasəti və dəsti-xətti əbədiyaşar ideologiyaya çevrildi. Məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin davamı olaraq, bu gün Qarabağ da, Şərqi Zəngəzur da azaddır. Ümummilli Liderin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi. Bununla da, Ali Baş Komandanımız 30 illik erməni işğalına, məcburi köçkünlərin intizarına, yurd həsrətinə son qoymaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.
  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, tarixi şəxsiyyətlərimizin hər biri haqqında qürur hissi ilə danışmaq olar. Partiya rəhbərinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin tarixi şəxsiyyətlərimiz arasında öz xüsusi yeri var: "Onun istər Sovetlər dönəmində gördüyü işlər, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkəmizə qarşı xarici təzyiqlərin dəf edilməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrimizin genişləndirilməsi, iqtisadi böhranın aradan qaldırılması istiqamətində atdığı qətiyyətli addımlar barədə əlbəttə, çox danışmaq olar. Lakin iştirakçısı olduğum bütün tədbirlərdə, müzakirələrdə Heydər Əliyevdən söhbət düşəndə, mən onu, onun şəxsiyyətini, tarixdəki rolunu, missiyasını ilk növbədə milli həmrəylik və dövlətçilik nöqteyi-nəzərindən qiymətləndirməyə çalışıram. 
  Bəli, Heydər Əliyev seçilmiş insan, missiyalı lider idi. O, böyük bir missiyanın haqqını vermək üçün doğulmuşdu. Söhbət müasir tariximizin ən kritik anlarından birində xalqımızın birliyini, Azərbaycan dövlətinin bütövlüyünü qətiyyət və əzmlə qorumaq missiyasından gedir. Ən kritik anlar deyərkən, təbii ki, 1990-cı ilin əvvəllərini nəzərdə tuturam. Bu gün siyasətdə olan bir çox insanlar həmin vaxt Azərbaycanın ictimai-siyasi həyatında yaşanan təlatümləri, baş verən siyasi qarşıdurmaları‚ xarici təhdidləri yəqin ki, yaxşı xatırlayır. Yenicə müstəqillik yoluna qədəm qoymuş Azərbaycan qardaş qırğınına, vətəndaş müharibəsinə doğru sürüklənməkdə idi. Ölkəmiz separatçı bölgələrə parçalanmaq, dövlətçiliyini itirmək təhlükəsinin bir addımlığında idi. Torpaqlarımızın Ermənistan tərəfindən işğalına start verilmişdi. Lakin daxildə hökm sürən siyasi hərc-mərclik Ermənistanın işğalçılıq siyasətinin qarşısını almağımıza heç cürə imkan vermirdi. 
  Bir sözlə, həmin vaxt ölkəmiz elə bir çıxılmaz duruma düşmüşdü ki, nə AXC-Müsavat hakimiyyəti ölkəni bu durumdan çıxarmaq iqtidarında idi, nə də ki hakimiyyətə gəlmək istəyən digər siyasi qüvvələrin siyasi böhrana, iqtisadi tənəzzülə, cəbhədəki hərbi uğursuzluqlara son qoymaq imkanı, milli birliyimizi qorumaq üçün potensialı vardı. Azərbaycan təkcə siyasi, iqtisadi, hərbi böhranla üz-üzə deyildi. Biz həmin vaxt sözün həqiqi mənasında lidersizlik böhranı ilə də üzləşmişdik. Hamımız ümummilli liderlik yükünü ləyaqətlə, şərəflə daşıya biləcək böyük LİDER axtarışında idik. Torpaqlarımızın və müstəqilliyimizin itirilməsi faciəsinin bir addımlığında dayandığımız belə bir acınacaqlı durumda əsl siyasi liderə ehtiyacımız vardı. Və bu rolu, bu missiyanı yalnız Heydər Əliyev yerinə yetirə bilərdi. Bu həqiqəti hamı dərk edirdi. Ona görə də xalqımız Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi". 
  Ə.Hüseynov qeyd edib ki, Heydər Əliyevin böyük siyasətə dönüşü möhtəşəm idi: "O, öz missiyasını bütün məsuliyyəti ilə dərk edirdi. Birdən-birə bu qədər ağır problemlərlə üzləşən gənc Azərbaycan dövlətini xilas etmək üçün əsl fədakarlıq tələb olunurdu. Heydər Əliyev bu fədakarlığa hazır idi. 

O, həm daxildəki siyasi təxribatçılar və separatçı qüvvələrlə, həm də xarici güclərlə qeyri-bərabər şəraitdə, ağır şərtlər altında mübarizə apararaq Azərbaycanı bölünməkdən,  parçalanmaqdan, işğal olunmaqdan xilas etdi. Bu, onun Azərbaycan xalqına ən böyük xidməti idi. Təsadüfi deyil ki, hətta opponentlər də Heydər Əliyevin hakimiyyətdə olduğu illəri Azərbaycanın xilas və dirçəliş dövrü kimi qiymətləndirir. Bu da onun danılmaz uğurudur. Müasir Azərbaycan dövlətini yenidən quran Heydər Əliyev bu uğura məhz milli birlik, həmrəylik ideyalarına söykənərək imza atdı. Tariximizin ən böhranlı məqamında Heydər Əliyevin bütün azərbaycanlıları bir yumruq kimi birləşdirə bilməsi həqiqətən də fenomenal hadisə idi. Xalqımız qədirbilən xalqdır. Biz onun xidmətlərini  heç vaxt unutmuruq".