Türkmənistan qazı Avropaya çıxa bilər


Baş tutan Zirvə Görüşü Avropanın da maraqlarına uyğundur

  Dünən Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin Birinci Zirvə Görüşü keçirilib. Zirvə Görüşündə energetika, ticarət, iqtisadi, gömrük, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrinə dair məsələlər müzakirə edilib. Həmçinin Azərbaycan, Türkiyə və Türkmənistan arasında “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” imzalanıb. Bundan əlavə prezidentlərin ikitərəfli görüşləri də baş tutub. Prezidentlərin növbəti - ikinci Zirvə Görüşünün Bakıda keçirilməsi planlaşdırılır.

Ümumiyyətlə, son illər Azərbaycan və Türkiyənin Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Ölkəmizin Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin 2014-cü il iyunun 6-da Bodrumda, 2008-ci il noyabrın 29-da isə Türkmənbaşıda üçtərəfli görüşləri keçirilib. Lakin bu, sistemli xarakter daşımayıb. Dekabrın 13-də hər üç ölkənin müxtəlif sahələr üzrə nazirlərinin görüşləri keçirilib. 
  Millət vəkili Vüqar Bayramov deyib ki, türk dünyasının üç liderinin bir araya gəlməsi önəmlidir. Deputat qeyd edib ki, Türk Dövlətləri Birliyinin yaradılması praktiki olaraq təkcə Türkiyə-Azərbaycan deyil, eyni zamanda Orta Asiyanın türk dövlətləri ilə münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir: "Bu kontekstdən sammit Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli münasibətlərin dərinləşməsinə imkan verəcək. Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır.

Azərbaycanla Türkmənistan arasında anlaşma var. Anlaşmaya əsasən, Türkmənistan mavi yanacağı İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Müqaviləyə görə, illik iki milyard kubmetrədək qazın mübadiləsi nəzərdə tutulur.

 Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkəsinə ixrac edilə bilər. Ona görə də qaz nəqli, bütövlükdə Türkiyənin enerji ixracatında haba çevrilməsi indiki halda müzakirə edilən məsələdir. Zirvə Görüşü iqtisadi əlaqələri genişləndirməklə yanaşı, həm də enerji sahəsində yeni addımların atılmasına imkan yaradır. Nəqliyyat, logistika və beynəlxalq yükdaşımalar da tərəflərin diqqət mərkəzində olan məsələlərdəndir. 1.2 trilyon nominal, 4 trilyon 586 milyard dollar real ÜDM-yə malik olan türk dünyası birləşir və güclənir. 21-ci əsr türk əsridir".

İqtisadçı Eldəniz Əmirov da bildirib ki,  Zirvə görüşü həm ayrı-ayrılıqda ölkələr, həm də ümumi region üçün vacib əhəmiyyət kəsb edir. Ekspertə görə, görüşün nəticəsi olaraq müxtəlif iqtisadi istiqamətlər, o cümlədən energetika, ticarət, gömrük, nəqliyyat sahələri üzrə tərəflərin hər biri üçün geniş inkişaf perspektivləri yaranacaq: 

"Türkiyənin Xəzərin şərqində mövcudluğunun artması ilə bölgənin nəqliyyat və tranzit potensialından tam istifadə olunmasına, eyni zamanda Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizinin gücləndirilməsinə nail olmaq mümkün olacaq. Bu, ölkələr arasında ticari dövriyyələrin həcminin artırılması formasında özünü göstərəcək. Amma görüşün ən böyük faydası regional və beynəlxalq dəhlizlərlə bağlıdır. Türkmənistan böyük karbohidrogen ehtiyatlarına malik olan bir ölkə kimi təkcə Qərbin yox, eyni zamanda Türkiyənin diqqət mərkəzindədir. 

Bu ehtiyatların Türkiyəyə, eləcə də Qərbə fasiləsiz nəqli üçün qardaş ölkədə bir ixrac mərkəzinin yaradılması potensialı çox böyükdür. Belə bir ixrac mərkəzi həm Türkiyənin öz enerji təhlükəsizliyi məsələsində və həm də qərbin enerji asılılığının azaldılmasında rol oynayacaq. 

Çünki Türkiyə sərhədləri daxilindən keçən mövcud infrastruktur bu ölkəni Avropa və Asiya arasında böyük haba çevrilməsinə imkan verir. Bütün bunları nəzərə alsaq, Zirvə Görüşü, eyni zamanda Avropanın da maraqlarına uyğun gəlir. Yəni bu tərəfdaşlığın uğurlu davamında Qərb də maraqlı olmalıdır. 

Amma Avropa Türkiyədə ixrac mərkəzinin yaradılmasını və Orta Asiyanın karbohidrogen ehtiyatlarının daha səmərəli yolla nəqlini istəyirsə, mütləq Zəngəzur dəhlizi məsələsi öz həllini tapmalıdır".