Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkiyə əsas olmaqla, dünyanın fərqli yerlərində - Uzaq Şərqdə, Afrikada, Pakistanda, Hindistanda, Balkan ölkələrində, Rusiya Federasiyasiyanda yaşayan türklərdən bəhs edən “Çağdaş türk dünyasının tarixi” adlı kitabın təqdimat mərasimi olub.
Bu barədə “Report”un Ankara bürosuna kitabın həmmüəllifi Rusiya Araşdırmaları İnstitutunun rəhbəri, Yıldırım Beyazıt Universitetinin professoru, tarix elmləri doktoru Salıh Yılmaz araşdırma bildirib: “Kitabda bu ərazilərdə yaşayan türklərin məskunlaşdıqları yerlər, onların dilləri, mədəniyyətləri, inancları, həyat tərzləri, tarixləri, istisadiyyatları haqqında məlumat verir. Kitab universitet tələbələri ilə yanaşı, cəmiyyətdə bu mövzu ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub”.
Salih Yılmazın sözlərinə görə, kitabda Qarabağ zəfərinin Azərbaycan və türk dünyası üçün əhəmiyyəti, dəyərinin analizi xüsusi məqsəd daşıyır. Belə ki, Azərbaycan-Türkiyə əməkdaşlığının, müttəfiqliyinin bəzi problemlərin həllində nə qədər əhəmiyyətli olmasını göstərməklə digər türk dövlətlərinə və bütünlükdə türk dünyasına mesaj verilib: “Biz nə qədər birlik, bərabərlik içində olsaq, o qədər güclü və yenilməzliyimizin fərqində olmalıyıq. Azərbaycan-Türkiyə müttəfiqliyi nümunəsini digər türk dövlətlərində də tətbiq etməliyik”.
Qeyd edək ki, kitabın ölkəmizə aid bölməsində Azərbaycan toponimi, coğrafiyası, Azərbaycan türklərinin bu ərazilərdə ilk məskunlaşma çağı, “Car Rusiyası dönəmində Azərbaycan”, “İlk Türk Cumhuriyyətinin qurulması” mövzuları, ölkəmizdə ictimai və iqtisadi həyat, mədəniyyət və təhsilin vəziyyəti, Qarabağ zəfəri, Zəngəzur dəhlizi və müasir Azərbaycana qədər bütün məsələlər, o cümlədən müstəqil Azərbaycanın tarixi şəxsiyyətləri, o cümlədən ümummilli lider Heydər Əliyev haqqında da məlumat verilib.