Azərbaycan xalqının Qərbi Azərbaycandan sürgün edilməsi... – Tarixə nəzər!

“Azərbaycan xalqının qədim torpaqları olan Qərbi Azərbaycandan sürgün edilməsi və orada soyqırımına məruz qalması İrəvan xanlığının işğalından sonra başlayıb”.
Bu sözləri "Sherg.az"a açıqlamasında tarixçi-alim Boran Əzizli Azərbaycan əhalisinin Qərbi Azərbaycandan sürgün edilməsindən danışarkən deyib.
O vurğulayıb ki, əvvəlcə Çar Rusiyası həmin ərazidə "Erməni vilayəti", bir qədər sonra isə "Ermənistan Quberniyası" yaradıb:

“Çar Rusiyası İran və Türkiyədən erməniləri köçürərək, 19-cu əsrin sonlarına yaxın demoqrafik vəziyyəti onların xeyrinə dəyişməyə nail olub. Bu siyasət 1918-ci il Ararat Respublikası yaranana qədər davam edib. Çar Rusiyasının dağılmasından sonra yaranan Ararat Respublikası da xalqımıza qarşı vəhşilik törədərək, onlara məxsus yaşayış məskənlərini dağıdıb və onları qətlə yetirib. Bu səbəblə də həmin dövrdə Azərbaycanın Xalq Cümhuriyyəti ilə Ararat Respublikası arasındakı vəziyyət gərginləşib. Tbilisidə aparılan danışıqlar isə heç bir nəticə verməyib".

 B.Əzizlinin sözlərinə görə 1920-ci ildə torpaqlarımızın bolşevik hökuməti tərəfindən işğalından sonra da xalqımıza qarşı soyqırımı və məcburi köçürmə siyasəti davam etdirilib:

"1920-1921-ci ildə Qərbi Zəngəzurdan 405 min desyatin, Qazax yaxınlığından 309 min desyatin torpaq ermənilərə verilib. Nəticədə 9 min kvadrat kilometr  olan Ararat Respublikasının ərazisi böyüyərək, 29 min kvadrat kilometrə çatıb. xalqımızın torpaqlarından qovulması və qətlə yetirilməsi "Türksüz Ermənistan yaradılması" istiqamətindəki siyasətinin nəticəsidir. Bu siyasət 1947-53 -cü illərdə daha geniş vüsat alıb. Xüsusən də 1948-ci ilin martında SSRİ Nazirlər Kabineti qərar verərək, azərbaycanlıların Ermənistan ərazisindən deportasiya edilməsi ilə bağlı tədbir həyata keçirib. Yəni SSRİ dövlət səviyyəsində xalqımıza qarşı vəhşiliklər həyata keçirilib".

Alim qeyd edib ki, bu siyasət Stalinin vəfatından sonra müvəqqəti səngiyib:

"Amm 1960- cı illərdə azərbaycanlılara qarşı qeyri-insani davranışlar yenidən artmağa başlayıb. Xüsusilə 1980-ci illərin ikinci yarısında Qarbaçovun hakimiyyətə gəlməsinin ardından, bu siyasət ən pik həddə yüksəlib. Beləliklə, əslində 1828-ci ildə başlayan xalqımızın doğma torpaqlarından qovulması prosesi, sonuncu Nüvəli kəndinin işğalı ilə başa çatıb".