Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 33-cü il dönümə sayılı günlər qalıb. Həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. O gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Bu faciəni törədənlər Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.
Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 131 insan qətlə yetirilib, 744-dən artıq vətəndaş yaralanıb və xəsarət alıb.
Hadisəyə münasibət bildirən Türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a vurğulayıb ki, bu günü “qara bayram” kimi qeyd etmək doğru deyil:
"Çünki həmin gün insanlarımız əliyalın olsalar belə, Azərbaycanın müstəqilliyini qorumaq üçün canlarından keçiblər. Düzdür, burada yüzlərlə insan şəhid olub və ya xəsarət alıb. Əlbəttə, bu, ağrı-acı unudulmazdır.
Lakin eyni şeyi biz müharibələrdə də yaşayırıq. Elə birinci və ikinci Qarabağ müharibəsində də minlərlə şəhid verdik. Buna baxmayaraq, biz həmin günləri Zəfər bayramı günü kimi qeyd edirik. 20 yanvar günü də xalqımızın tarixi üçün qəhrəmanlıq səhifəsidir.
Biz bu günü yeni nəsilə "qara yanvar" kimi yox, Azərbaycan xalqının müstəqilliyi uğrunda şanlı mübarizəsi kimi çatdırmalıyıq. Bütün dünya bunu qəhrəmanlıq günü kimi qeyd etdiyimizi bilməlidir".