"O gecəni heç vaxt yaddan çıxara bilmərəm".
Bunu "Sherg.az"a açıqlamasında 20 yanvar hadisələrinin canlı şahidi, Qarabağ qazisi Ruxsarə Cumayeva qanlı yanvar günü şahidi olduğu hadisələrdən danışarkən deyib.
O qeyd edib ki, həmin vaxtlarda Miqrasiya komitəsində telefonlara nəzarət edib:
"19-u saat 5 radələrində döyüş yoldaşlarımdan biri olan Fərəməz Allahverdiyev mənə məlumat verdi ki, tanklar artıq Sədərəkdədirlər. Ondan sonra isə telefonlar kəsildi. Qarabağ və Şuşadan xəbər ala bilmədik. Nə olduğunu anlamadığımız bir vaxtda atalarımızın, qardaşlarımızın, babalarımızın xidmət etdiyi rus ordusu bizi öz ölkənizdə qırmağa gəlmişdi. Bu bizim yuxumuza da girməzdi. Həmin gün Az TV -nin binasını partlatdılar və işiqları söndürdülər. Mən isə telefonlar kəsildiyi üçün N saylı hərbi hissənin yanına gəldim. Orada məni Oruc Şirinov qarşıladı və dedi ki, sən get telefonlara özüm nəzarət edəcəm. Çapayev küçəsinə gedərkən qarşımda üç avtobus gördüm. Avtobusdan zirehli, kaskalı və əli avtomatlı adamlar düşdülər. Onlar prezident bağına tərəf irəliləməyə başladılar. Mən isə geri qayıdıb, qərargaha bu barədə məlumat verdim. Qərargahdan bizə tapşırıq verildi ki, onlar nəsə törədə bilərlər, çıxın küçədə olan soydaşlarımızı dağıdın. Mən Azadlıq prospektində toplaşan insanları xəbərdar etmək üçün ora yolandım. Amma mənə inanmadılar və kimsə boynumdan vurdu. Huşum özümə gəldikdə artıq qaranlıq idi. Ətrafımdaysa qan izləri və yaralılar var idi. Güllələrin səsindən başa düşdüm ki, rus ordusu xalqımıza qarşı qırğın törədir”.
R.Cumayeva diqqətə çatdırıb ki, Bakının hər yanı al qana boyanmışdı:
“Yaralılardan bəzilərini maşına qoyub “Semoşka” xəstəxanasına gətirdim. Xəstəxanada hər yer yaralılar və şəhidlərlə dolmuşdu. “Semoşka”nın həkimlərindən Vaqif doktor mənə dedi ki, bacarırsansa, təcili yardım maşınlarını idarə et və yaralılar çıxar. Tək mən yox, xalqımızın bütün zümrəsi birlik göstərərək yaralıları və şəhidləri meydanda qoymamaq üçün əlindən gələni edirdi. Həmin gecə azğın rus ordusu yaşlı, qadın, körpəyə baxmadan hamını güllə-baran edirdi. O gün yaşadığım travmaları hələ də unuda bilmirəm. Bunlara rəğmən biz hər zaman ayaq üstə qalxmağı bacarmışıq".