Ləmbəlinin yetim qalan yolları

Həmayil Əhmədqızı

Həyat sürprizlərlə doludur. Bəzi sürprizlər insana qol-qanad verib göylərə qaldırır, bəziləri isə qol-qanadını sındırıb dünyanı tar-mar edir. Nədənsə, xalqımızın taleyinə yazılan sürprizlər həmişə qol-qanadımızı sındırıb dünyamızı tar-mar edib. XX əsrin əvvəllərində, ortalarında, sonunda qarşılaşdığımız sürprizlər kimi. Bu sürprizlər xalqımıza didərginlik, köçkünlük, qaçqınlıq həyatı yaşatdı.


  
Torpağını canından artıq sevən, ona sonsuz sevgi ilə bağlanan həmvətənlərimizi kökündən qoparıb dədə-baba torpağından didərgin saldılar. Torpaqla bərabər, o torpağa olan sevgi də əllərindən alındı. Dünyanın ən gözəl məkanında yaşasalar belə, artıq o sevgini bir daha yaşamayacaqlar. Torpağa bağlı olan bir millət üçün torpağını, o torpağa sevgisini itirmək onun həm maddi, həm mənəvi faciəsidir. XX əsrin əvvəllərində o faciənin canlı şahidi olan nənəm, əsrin ortalarında olanları atam-anam danışardı. Əsrin sonunda baş verən müsibətləri özüm gördüm, özüm şahid oldum. XX əsrin sonunda bizə qarşı haqsızlıq, ədalətsizlik son həddinə çatdı. Dövlətin vətəndaşına olan milli ayrıseçkiliyi, ögey münasibəti dövlətə inamımızı sarsıtdı, güvənimizi itirdi. Bədxahlar bəd niyyətlərini həyata keçirmək üçün Sumqayıt hadisəsini törətdi. Sumqayıt hadisəsi başımıza açılacaq zəncirvari faciələr üçün bir vəsilə oldu. Üzərimizə atılan böhtanlar, iftiralar, yalanlar sərhədləri aşıb dünyanı gəzirdi. Haqsızlığa qarşı hamının içərisində bir vulkan püskürürdü. Ziyalılarımızın içərisindəki vulkan daha güclü idi. Həqiqəti dünyaya çatdırmaq üçün qələmə sarıldılar, ancaq...
Yazırdıq, oxuyan yox,
Deyirdik, eşidən yox.
Dünya kar, kor olmuşdu,
Eşidib oxuyan yox.
O günlərdə mən də əlimə qələm aldım. Gördüklərimi, başımıza açılan oyunları, müsibətləri gələcək nəsillərin yaddaşına həkk etmək üçün, dost-düşməni yaxşı tanıtmaq üçün, ürəyimdəki ağrını-acını azaltmaq üçün. Bu məsuliyyətli işin öhdəsindən necə gəlirdim, bilmirdim, ancaq yazırdım. İki gündür üzərində işlədiyim yazını bitirib nəşriyyata üz tutdum. Yol boyu çatdırıb yaza bilmədiklərimi növbəti yazı üçün beynimə həkk edirdim. Fikirli-fikirli nəşriyyatın binasına nə vaxt daxil olduğumu hiss etməmişdim. Artıq liftin qarşısında idim. Düşüncələrimdən ayrıldım.Yazını çantamdan çıxarıb hansı redaksiyaya verəcəyimi fikirləşirdim. Bu zaman qarşımda liftin qapısı açıldı. Qeyri-ixtiyari liftə daxil oldum. Kimsə liftin düyməsini basdı. Lift birbaşa doqquzuncu mərtəbəyə qalxdı. Doqquzuncu mərtəbə “Ədəbiyyat qəzeti”nin redaksiyası idi. Yazını vermək üçün bütün redaksiyaları fikrimdən keçirsəm də, “Ədəbiyyat qəzeti”ni düşünməmişdim. Necə oldu bilmirəm, sola dönüb tərəddüdlü addımlarla redaksiyaya tərəf irəlilədim. Birdən qarşısından keçdiyim otağın qapısı açıldı. Kimsə:
-Aa, salam. Xoş gəlmisən,- deyə səsləndi. 
Səs tanış idi. Düşüncələrimdən ayrıldım. Deyəsən, bu “salam” mənə ünvanlanmışdı. Başımı qaldırdım, qarşımda tələbə yoldaşımın bacısı-şairə Kamilə Neməti gördüm. Hal-əhvaldan sonra redaksiyaya gəlişimin səbəbini soruşdu. Çəkincəli üzünə baxdım, dinmədim. O gülümsəyərək:
-Şeir gətirmisən? Sən gizlətsən də, şeir yazdığından xəbərim var. 
Mən tez:
-Yox, yox. Nə şeir? Təsadüfən sizin mərtəbəyə qalxmışam. 
Güldü:
-Məni aldada bilməzsən, axı əlində yazı var. Ərklə əlimdən yazını aldı. Bir neçə cümlə oxuyub:
-Deməli, nəsrə keçmisən. 
Utandım:
-Nə nəsr, nə nəsrə keçmək? Bu mənim ilk yazımdır.
Kamilə xanım fikrə gedib, sonra:
-Yazını Sabir müəllimə verməlisən, ancaq bəri başdan sənə deyim, Sabir müəllim çox çətin adamdır. Mənim məsləhətimi eşitsən, yazını başqa redaksiyaya verərdin.
Kamilə xanımı başa düşdüm və məsləhətinə sevinən kimi oldum. Razılaşdım. Sağollaşıb ondan ayrıldım. Qəbahətli iş görmüş kimi öz-özümü danlamağa başladım. Axı nə yazdığın, necə yazdığın  özünə tam aydın olmadığı halda birbaşa “Ədəbiyyat qəzeti”nə-yazıçıların orqanına gətirmisən. Ancaq “çətin adam” kəlməsini beynimdən çıxara bilmirdim. Özümdən asılı olmadan məni maraq götürmüşdü. Çətin adamın necə çətin olduğunu bilmək istəyirdim. Liftin qarşısında fikirləşə-fikirləşə qalmışdım. Birdən mənə elə gəldi ki, daxilimdən bir qüvvə məni məndən alıb birbaş yenidən “Ədəbiyyat qəzeti”nin redaksiyasına-Sabir müəllimin otağının qarşısına gətirdi. Artıq məni düşündürən yazım deyil, çətin adamın necə çətin olduğunu bilmək marağı idi. O günəcən Sabir müəllimin yaradıcılığı ilə tanış olsam da, şəxsən tanımırdım. Daxilimdəki qüvvə məni cəsarətləndirdi, qapını döydüm. İçəridən zəhmlə bir səs:
-Gəl.
Həmin qüvvə qapını açıb yox oldu. Qapının astanasında qaldım. Nə irəli gedə bildim, nə geri. Peşman olmuşdum geri döndüyüm üçün. Cəsarət edib addım ata bilmirdim. Sabir müəllim qarşısındakı yazını əlinə götürdü. Hiss etdim ki, yazının axırıncı cümləsini oxuyur. Sonra yazını qalıqlanmış yazıların üzərinə qoyub nə isə qeyd etdi. Başqa bir yazını götürdü. Birdən nə isə xatırlayıb,  dönüb qapıya tərəf baxdı. Salam verdim. Salamımı alıb:
-Niyə dayanmısan? Yazı gətirmisən?- əlimdəki yazıya baxıb, qalıqlanmış yazını göstərib,- oraya qoy. 
İndi yadıma düşdü ki, yazı əlimdədir. Həyəcanlı:
-Sabir müəllim, vaxtınızı almayım. Gedim, sonra gələrəm.
Təəccüblə:
-Necə yəni gedim sonra gələrəm? Gəlmisən də. Yoxsa fikrini dəyişdin yazını vermək istəmirsən?
-Xeyyr...-deyib, nə deyəcəyimi bilmədən qətiyyətsiz addımlarla masaya yaxınlaşıb yazını masanın üzərinə qoymaq istəyəndə:
-Mənə ver, görüm, bərk-bərk tutub vermək istəmədiyin yazının içərisində nə var.
Yazını məndən alıb oturmağımı təklif etdi. Oturdum. Əlinə təzə götürdüyü yazını mənə uzadıb:
-Al bu yazını, oxuyub fikrini bildirərsən, mən də əlindən vermək istəmədiyin yazına baxım.
Yazını Sabir müəllimdən alıb qarşıma qoyan kimi sanki cümlələr vərəqin üzərindən belədən elə, elədən belə şütüməyə, hərflər qarşımda rəqs etməyə başladı. Kənardan yazını oxuyurmuş kimi görünsəm də, əslində, bir cümlə belə oxuya bilmirdim. Fikrim öz yazımın yanında idi. Mənə elə gəlirdi ki, bu an , bu dəqiqə “bu nə yazıdır gətirmisən, mənim vaxtımı niyə alırsan” sözlərini eşidəcəm. Həyəcandan ürəyim elə şiddətlə döyünürdü ki, az qalırdı, yerindən qopsun. Nəhayət, Sabir müəllim yazını oxuyub qurtardı. Üzünü mənə tutub:
-Necə yazıdır?
Özümü itirdim, pərt oldum. Cavab verə bilmədim.
-Aydın məsələdir, fikrin öz yazının yanında qalıb. Onda mən yazın haqqında fikrimi söyləyim. Hekayən xoşuma gəldi.
Bu üç kəlmə mənim yerdən ayaqlarımı üzüb göylərə qaldırdı. Qulaqlarıma inana bilmirdim. Çox çətin adamın yazım haqqında belə xoş söz söyləməsinə inana bilmirdim. Hekayədə işlətdiyim “Bu hadisə onun gözyaşlarının dəhnəsini açdı” cümləsi onun çox xoşuna gəlmişdi. Hekayəni geniş təhlil edib dəyərli məsləhətlərini verdi. Xüsusilə, hadisəni çərçivəyə almamağımı, geniş, əhatəli verməyi diqqətimə çatdırdı. Sonra mövzu ilə bağlılığımla maraqlandı. Kövrəlmişdi. Yazını oxuyarkən çətin adamın üz ifadəsi tamamilə dəyişmişdi. Həmvətənlərimizin müsibəti onu çox təsirləndirib qəhərləndirmişdi. Tanımaq istədiyim çətin adamı kövrək insan kimi tanıdım. Yaddaşıma həmvətənlərimizin ağrısına, acısına için-için yanan, qovrulan kövrək bir insan kimi əbədi həkk olundu. Millətimizə hazırlanan zəncirvari sürprizin onun şəxsi həyatına necə qəddarcasına vuracağı zərbələri hələlik bilmirdi. Sabir müəllimlə sağollaşıb ayağa durarkən mənə mövzunu yenidən geniş, əhatəli işləməyi tövsiyə etdi. Ancaq mən Sabir müəllimə deyə bilmədim, günlərdir, aylardır gördüklərimi, eşitdiklərimi yazmaq istəsəm də, yaza bilmirəm. Vərəq qarşımda, qələm əlimdə, donub qalıram. Bəlkə də, insan mənəviyyatının bu dəhşətli faciəsini təsvir etməyə nə mənim, nə də qələmimin gücü yetmirdi. Birdən necə oldu, bilmirəm, varlığımdan sanki bir tufan qopdu. Bu tufan ürəyimdə üst-üstə yığılan gördüklərimin, eşitdiklərimin ağrısının, acısının dəhnəsini tamamilə açdı.İçimdəki ağrı, acılar öz-özünə tökülməyə başladı. Təklif gözləmədən oturacağa çökdüm.
 Azərbaycanın Borçalı mahalını üç yerə parçaladılar. Bir hissəsini Gürcüstana, digər hissəsini(Dağ Borçalısını) Ermənistana verdilər. Az hissəsi Azərbaycanda qaldı. Qohumlarımızın yaşadığı böyük bir kənd-Ləmbəli kəndi ermənilərə verildi. Ləmbəli kəndinin əhatəsində olan azərbaycanlı kəndləri, o cümlədən kəndimiz-Bəytarafçı kəndi Gürcüstanın ərazisinə daxil edildi. Ermənilərin Azərbaycan kəndləri içərisində Ləmbəli kəndini ciddi cəhdlə sahiblənmək istəməsi təsadüfi deyildi. XX əsrin əvvəllərində Ləmbəli bəylərinin, ağalarının geniş, münbit torpaq sahələri var idi. Ermənilər kəndlə birlikdə o torpaqları da ələ keçirməyə can atırdı. Ona da nail oldular. Ləmbəli camaatı biləndə ki, onların kəndlərini qonşu azərbaycanlı kəndlərindən ayırıb ermənilərə veriblər, bu bölgü ilə razılaşmayıb, o illərdə Tiflisdə məsul vəzifədə çalışan Nəriman Nərimanovun yanına gedib bu bölgüyə qəti etirazlarını bildirdilər. Nəriman Nərimanov təəssüflə o bölgüdən xəbəri olmadığını bildirir. Xəbər tutub etirazını bildirəndə məlum olur ki, o bölgü bağlı qapılar arxasında, ondan xəbərsiz ermənilərin və onların havadarları tərəfindən bölünüb. Ləmbəli camaatının narahatlığını başa düşən Nərimanov onların təhlükəsizliyi üçün söz verir. 
Ləmbəlilərin narahatlığı əbəs deyildi. Ermənilər kəndi zəbt edən kimi kəndin ən hörmətli, haqsızlığa, ədalətsizliyə qarşı susmayan, sayılıb-seçilənlərinə şər-böhtan ataraq həbs etdirirlər. Nərimanov həbsdə olanların iftiranın qurbanları olduğunu sübuta yetirir. Onları həbsdən azad etdirir və Ləmbəli camaatının təhlükəsizliyini təmin etmək üçün kəndi xüsusi nəzarətə götürür. Təəssüf ki, bədxahların bəd niyyətinə mane olan Nərimanovu tezliklə aradan götürürlər. Nərimanovun vəfatından sonra ermənilər gizli saxladıqları planları həyata keçirməyə başlayırlar. Bir nəfər də olsun erməni yaşamayan Ləmbəli kəndini erməniləşdirməyə başlayırlar. Müxtəlif yerlərdən, əsasən, Krasnodardan erməniləri gətirib məskunlaşdırırlar. Kəndin adını dəyişdirib Debedaşen qoyurlar. Bu ad iki qonşu-Sadaxlı və Ləmbəli kəndini ayıran, mənbəyini Pəmbək və Ağlağan dağ silsilələrindən götürən Debeda (Tona) çayının adından götürülmüşdür. Ermənilər Sumbataşvilinin saldığı iki qonşu kəndi-Sadaxlı və Ləmbəlini birləşdirən körpünün üzərindən Sumbataşvili adını elə sildilər ki, nə adı qaldı, nə izi, nə tozu. Erməni xislətinə uyğun gəlmədiyi üçün tezliklə Debedaşen adını dəyişdirib Baqrataşen qoydular. İllər keçdi. Baqrataşen iki kəndi birləşdirən körpünü Sadaxlının, Ləmbəli və Bəytarafçı yolunu isə bəytarafçıların üzünə həmişəlik bağladı. 
Əzininəm, yolları,
Ləmbəlinin yolları.
Nə gələn var, nə gedən,
Yetim qalıb yolları.
Hər dəfə kəndə gedəndə uzun-uzadı o yollara baxıram. Qohum-əqraba, dost-tanış yolunu gözləyirəm, ancaq nə gələn var, nə gedən. Yolları kol-kos basıb.Kövrəlirəm. Yollarını gözlədiklərim pərən-pərən olub, hərəsi bir diyara səpələnib. Bu müsibətə, haqsızlığa, ədalətsizliyə çətin də olsa, dözən dözdü, dözməyənlər dodaqlarında cavabsız “niyə” sualı ilə dünyasını dəyişdi. Yatdıqları yer cənnət-məkan olsun. Amin! 
Əsrin sonunda SSRİ-də qəribə hadisələr cərəyan edirdi. Ölkədə bir çalxalanma hiss olunurdu. Hamımızın  içində bir narahatlıq, bir tədirginlik yaranmışdı. Yadıma rəhmətlik nənəmin bir sözü düşdü, kimsə dava salıb dalaşmaq istəyəndə deyərdi: “Yaman çalxalanır, bir xata törədib qan çıxaracaq, ondan aralı durun”. Bu çalxalanma istəməsək də, məcburən bizi də çalxalayırdı.Çalxalanmanın nəticəsində necə xata törədilib, qan töküləcəyini hələlik bilmirdik. Narahat idim. Görəsən, bu çalxalanma biz tərəfə də təsir edirdimi?!
Kəndə getmək istəyirdim, vaxtı dəqiqləşdirə bilmirdim. Anamın xəstələnməsi xəbəri vaxtı dəqiqləşdirdi. Səhər tezdən yola düşdüm. Kəndə çatanda gördüklərimə inana bilmirdim. Sakit, öz halında olan kəndimiz qaynar qazana dönmüşdü, qaynayırdı. Maşından düşdüm, sanki yerə mıxlandım. Addım ata bilmirdim. Kəndin əsas yolu, ara yolları böyüklü-kiçikli adamlarla, mal-qara ilə, dolu gəlib boş gedən yük maşınlari ilə dolu idi. Adamların üzündə heç bir sözün ifadə edə bilmədiyi dərd, kədər, hüzün var idi. Kimsəyə yaxınlaşıb bir söz soruşa bilmirdim. Nələr olduğunu ürəyim mənə pıçıldayırdı. Bu pıçıltı bütün varlığımı alt-üst etdi. Çətinliklə də olsa, bütün olanlardan xəbər tutub, yayımlayan “ortalığa” gəldim. Ortalıqda bulağın başına çətir kimi açılan qonaq ağacının altı kənd camaatı ilə dolu idi (Kəndə gəlib-gedənlərin dayanacaq yeri qovaq ağacının altı olduğu üçün kənd camaatı ona qonaq ağacı adı vermişdi). Dolu gələn yük maşınları qonaq ağacına yaxınlaşan kimi kənd camaatı tez cumub, hər kəs köçü öz evinə aparmağa çalışırdı. Kənddə qohumları olanlar isə, köç maşınlarını birbaşa onların həyətinə sürdürürdü. Hansı evə dolu yük maşını gedirdisə, camaat arxasınca cumub, tez yükü boşaldıb növbəti yükü gətirmək üçün yola salırdı. Gördüklərim ürəyimi iki hissəyə bölmüşdü. Bir hissəsi başımıza gələnlərin ağrısı, acısı ilə dolmuş, digər hissəsi həmvətənlərimizin bu ağır günündə kənd camaatının onların dərdinə şərik olması, arxa-dayaq durması qüruru ilə dolaraq içimdəki ağrını, acını qovmağa çalışırdı. Ancaq ağrı, acı o qədər ağır idi ki, onu söküb atmağa gücü yetmirdi. Düşünürəm, kaş, gen günümüzdə də, dar günümüzdə də bir olmağı bacaraq. Onda ürəyimiz həmişə qürur, sevinc hissi ilə dolu olar, kədərə, dərdə, qəmə yer qalmaz. 
Fikirli-fikirli kənd arası yolla evimizə tərəf irəliləyirdim. Dəmir qapı taybatay açıq, həyətimiz tanıdığım-tanımadığım adamlarla dolu idi. Hamı tələm-tələsik ev əşyaları ilə dolu olan yük maşınını boşaldırdı. Mane olmamaq üçün dəmir qapının bir küncündə durub sakitcə onları izləyirdim. Nəhayət, maşını boşaldıb növbəti köçü gətirməyə yola saldılar. Əşyaları tələsik boşaltdıqları üçün hərəsi bir tərəfə dağılmışdı. Həyətdə üç ailənin köçü boşaldığına görə sərbəst yerimək mümkün deyildi. Çətinliklə də olsa, onlara yaxınlaşdım, salam verdim. Deyəsən, nə məni görən oldu, nə salamımı eşidən. Anam xəstəliyini unudub ayaqüstə hərlənirdi. Birdən məni görüb:
-Sən nə vaxt gəlmisən, ay bala?
Cavab gözləmədən qəhərlənə-qəhərlənə:
-Başımıza gələni görürsənmi? Kimin ağlına gələrdi?
Dillənə bilməsəm də, gözlərimlə:
-Heç kimin.
Anamla dialoqumuzu kəsib nəzərlərimi “qonaqlarımıza” yönəltdim. Sanki şaxtalı qış gecəsi hamısını yerindəcə dondurmuşdu. Kimi pilləkəndə oturub başını iki əlləri arasına almışdı, kiminin də nəzərləri Ləmbəli yoluna dikilib qalmışdı. Hiss edirdim, hamını kənddə qalanların taleyi düşündürürdü: “Görəsən, şər qarışana kimi bütün Ləmbəlilər kənddən çıxa biləcəklərmi?”
Marneuli rayonunun rəhbərliyinə (çox təəssüf ki, adını unutmuşam) gizli məlumat çatdırılmışdı. Axşama kimi kəndi tərk etməyən Ləmbəliləri dəhşətli faciə gözləyir. Bu səbəbdən rayonun rəhbərliyi axşama kimi Ləmbəlilərin köçürülməsi üçün rayonun yük daşıya biləcək bütün maşınlarını səfərbər etmişdi. Köçürülməyə şəxsən özü nəzarət edirdi. Şər qarışanda, axırıncı yük maşını kəndi tərk edərkən güclü atəşə tutulur. Xoşbəxtlikdən yaralanan olsa da, ölən olmamışdı.
Payızın son ayı idi. Hava sazaqlı və soyuq idi. Kəndimizlə üzbəüz Ləlvər dağı bəmbəyaz qar örtüyünə bürünmüşdü. Ləlvərin soyuğunu, sazağını kənd maqnit kimi özünə çəkirdi. Narın yağış yağmağa başladı. Heç kəs nə yağışa fikir verirdi, nə yağışın altında islanan əşyalara. Səssizliyi anamın səsi pozdu:
-Nə durmusunuz? Barxanaları içəriyə yığın!
Uşaqlı-böyüklü hamı robot kimi hərəkətə gəldi. Yağışın altında islanan barxanaları necə gəldi içəriyə doldurmağa başladılar. Əşyaları yerləşdirməyə isə yer yox idi. Gözümüzün önündə illərlə çəkilən zəhmətin qazancı olan əşyaları yağış damcıları döyəcləyirdi. Bibim dözməyib əşyaların üstünü örtməyə çalışırdı, ancaq bir şey tapa bilmirdi. Vurnuxa-vurnuxa qalmışdı. Birdən həyətin o biri üzündən-dəmir qapının arxasından aramla, çəkinə-çəkinə alçaq səslə it hürməyə başladı. Bibim tez səs gələn tərəfə boylanıb həyəcanla, təşvişlə:
-Bu Alabaşın səsidir, bu Alabaşın səsidir. Buraya necə gəlib çıxıb?!
Tez dəmir qapıya tərəf getmək istəyəndə tövlə olmadığı üçün yağışın altında soyuqdan tir-tir əsən Alagöz inəyi birdən elə yanıqlı-yanıqlı mələdi ki, səsi bütün kəndi lərzəyə saldı. Bu səsdə sanki olanlara qarşı bir etiraz, bir üsyan vardı. Bibim Alagözlə Alabaşın arasında qalmışdı. Dünən bala verən Alagözünə qulluq edə bilmədiyi üçün xəcalət çəkirdi. Bu müsibətin axıtdığı gözyaşları bibimin yanağından yuvarlanıb sinəsinə tökülürdü. Kürəyindən yun şalını açıb Alagözün belinə saldı. Sonra oğluna sarı dönüb:
-Amandır, bala, inək simləyəcək. Gör, bir yer tapa bilərsənmi, içəri salasan?
Oğlu başını qaldırıb səssizcə bir anasına baxdı, bir inəyə,  bir də yağışın altında tamam islanmış əşyalara. Sonra nəzərləri yenidən Ləmbəli yoluna dikilib qaldı. Fikir məni götürmüşdü. Görəsən, nə düşünür? O yolla geri geri dönəcəyinimi, yoxsa o yolun üzlərinə həmişəlik qapanacağınımı? Dəmir qapının arxasında bizə pənah gətirən üç ailənin üç iti dayanıb gözlərini həyətə zilləmişdi. Pələş çağırılmamış qonaqları görüb gah hürür, gah da dartınaraq boğazındakı bağı qırmağa çalışırdı. Anam Pələşin üstünə təpindi. İt mırıldanıb, mırıldanıb sakitləşdi.Anam Pələşin sakitləşdiyini görüb itləri həyətə səslədi. Onlara yemək verdi, ancaq itlər ac olsalar da, yeməyə yaxın durmadılar. Sanki kimdənsə küsmüşdülər. Alabaş gözlərini  bibimə zilləyib yazıq-yazıq ona baxırdı. Bu adi baxış deyildi. Sanki nələr olub-bitdiyini bibimdən öyrənmək istəyirdi. Bibim itlərin yeməyə baxmadığını görüb onlara tərəf yeriyəndə Alabaş bibimi qucaqlayırmış kimi üstünə atılıb əl-ayağını yalamağa başladı. Sonra kənara çəkilib yalvarırmış kimi bibimə baxdı. İlahi, o baxış nələr deyirdi! O baxışların dediklərinə bibimin gözyaşları cavab verirdi. Bibim gah tir-tir əsən Alagözə, gah yazıq-yazıq ona baxan Alabaşa, gah da yağışın altında tamam islanıb suyu süzülən əşyalara baxıb birdən diz üstə yerə çökdü. Əllərini göyə qaldırıb:
-Ey gözəl Allahım, bizim, bu dilsiz heyvanların günahı nə idi ki, başımıza bu müsibəti açırlar? Bizi evimizdən-eşiyimizdən didərgin salırlar. Hökümətimizə nə pisliyimiz dəyib, bu müsibəti bizə çəkdirir? Var gücümüzlə çalışıb, əlləşib dövlətimizi gücləndirdik, möhkəmləndirdik, qoruduq, əzizlərimizi davaya göndərdik. Çoxu qayıtmadı, qayıdanlar şil-küt qayıtdı. Qadınlarımız kişiləri əvəz etdilər. Gecəli-gündüzlü bacarıb-bacarmadığı işlərdə çalışdılar, işləri axsamağa qoymadılar. Zəhmətimiz hədər getmədi. Davada qazandıq. Söyündük, öyündük, dövlətimiz qalib gəldiyi üçün. Dava qurtardı, söyünməyimiz gözümüzdə qaldı. Zəhmətimizin “mükafatını” dövlətimiz verib, kökümüzdən qopardıb ev-eşiyimizdən didərgin saldı. Ləmbəli camaatı bu haqsızlıqla barışmadı. Uzun müddət yorulmadan, usanmadan əlləşdi, vuruşdu. Axırda çox çətinliklə məqsədimizə çatdıq, yurdumuza-yuvamıza, evimizə geri göndük. Sevindik. Yurd-yuvasından, ev-eşiyindən didərgin salınmanın nə demək olduğunu gördük. Ağrısını-acısını daddıq. Bunu ancaq görənlər, çəkənlər bilər. Təzdən bu ağrını-acını bizə niyə çəkdirirlər? Nədir günahımız? Sözdə “on beş qardaşıq” deyirlər. Bu necə qardaşlıqdır ki, yetmiş ildir ki, biz itirən, qazanan başqası olur. Başqası “qa” deyir, verirlər, “qu” deyir, verirlər. Torpağımızı dilimləyib, parçalayıb “qa” deyənlərə peşkəş verdilər. Ayının min oyunu bir armudun başında olduğu kimi başımıza açılan oyunlar dünən də, bu gün də torpaq üçün olub. Hər millətin hünəri döy, torpağı yurd edib, oba salıb yuva qursun. Torpağı yurd etmək üçün düşməndən qoruyub o torpağa qanını tökməlisən, becərib o qana tərini qatmalısan, kök atıb bağlanmalısan, qoynuna tapşırdığın əcdadların o torpağı sənin üçün müqəddəsləşdirməlidir. Bu gün bizi o müqəddəs torpaqlarımızın üzərindən qazıyıb atdılar. Ancaq torpağın altında qalan köklərimiz, vaxt gələcək, pöhrələnib boy atacaq, böyüyəcək, haqq-hesab soracaq. Bunu biz görməsək də, nəvələrimiz, nəticələrimiz görəcək. Gec-tez haqq öz yerini tapacaq. Bu gün o müqəddəs torpağımızda basdırılan, kökü olmayan söyüd çubuqları nə kök atacaq, nə boy, nə də bar verəcək. Hər millətin hünəri döy, torpağı özünə yurd etsin. Ey gözəl Allahım, olanların sən şahidisən. Səndən başqa köməyimiz, pənahımız yoxdur. Sən özün bizə kömək ol. Amin! 
Bibimin Allaha üz tutub əl açması, kömək istəməsi hamını təsirləndirib kövrəltmişdi. Mənim diqqətim bibimoğluna yönəlmişdi. Onun nəzərləri həyətdəki hələ ağac həddinə çatmamış qurumuş ərik fidanlarına dikilib qalmışdı. 
Atam bağımıza iki ərik fidanı əkmişdi. Bir neçə ildən sonra əriklər ilk barını verdi. Birində üç, o birisində iki ərik vardı. Əriklər həm dadlı, həm ətirli idi. Atama məsləhət gördülər, ərikləri bağdan çıxarıb həyətdə əksin. Ərik ağacının yarpaqlarının saplağı incə və nazik olduğu üçün yarpaqlar həmişə oynayıb həyətin havasını sərin və təmiz edir. Həyətdə əkilən ərik ağacı həm də ürəyin ilacıdır. Atam ərikləri bağımızdan çıxarb həyətimizdə əkdi. Hamı ərik ağaclarının başına pərvanə kimi dolanırdı. Yazda əriklər tumurcuqladı, ancaq nə çiçək açdı, nə yarpaq. Əriklər qurumağa başladı. Atam hər dəfə quruyan əriklərə baxdıqca onları kökündən qoparıb yerini dəyişdiyi üçün özünü bağışlamırdı. Onlar qurusa da, yerindən çıxartmağa ürəyi gəlmirdi. Göyərəcəklərini ümid edirdi, ancaq əriklər günü-gündən qupquru quruyurdu. Bibimoğlu ərik fidanlarına baxırdı. Görəsən, nə düşünürdü?!
Şər qarışırdı, qara örpəyini yavaş-yavaş kəndin üzərinə sərirdi. Hava qaralmağa başladı. Qaranlığı fürsət bilən dərd, kədər, qəm pusqudan atılan canavar kimi üzərimizə cumub hamımızı caynağına keçirmişdi. Söz bu sükutun ağırlığına dözməyib yoxa çıxmışdı. Hamı bir-birindən küsülü kimi dinib-danışmırdı. Səssizliyi yenə də anamın səsi pozdu:
-Ay bala, xörək hazırdı, süfrəni qur. Bilirəm, dünəndən bu günə ağızlarına bir tikə almayıblar. Ac qalmaqla işlər düzəlmir. Allah kərimdir, yəqin bir qapı açar. 
Atamın təkidi ilə bayırdakılar könülsüz evə keçib süfrə arxasında əyləşdilər, ancaq heç kəs əlini süfrəyə uzatmadı. Atam çox fikirli, pərişan idi. Hər çətinliyə çözüm tapan atam, hiss edirdim, o çözümü tapa bilmir, çünki bu müsibətin çözümü atamlıq deyildi. Ancaq yenə də qonaqlarına ürək-dirək, təskinlik vermək üçün düşünüb-daşınırdı. Nəhayət, çətinliklə də olsa, əhval-ruhiyyəsini düzəldib:
-Hər şərdə bir xeyir var deyiblər. Şər gəldi, etdiyini etdi. İndi hamımız o şərin gizlətdiyi xeyri axtarıb tapmalıyıq. Bu müsibət tək sizin deyil, harada yaşamağından asılı olmayaraq, bütün millətimizin müsibəti, dərdidir. Sadaxlı ilə əlaqə saxladım. Ləmbəlidə bir nəfər də qalmayıb. Sağ olsun Marneulinin rəhbərliyi. Kömək etməsə idi, nələr ola bilərdi?! Ağlıma belə gətirə bilmirəm. Şükür, siz sağ-salamat gəldiniz. Arxanızda qonşu Azərbaycan kəndləri vardı, ermənilər çəkindilər. Bəs dağın başında, gözdən uzaq olanların taleyi necə oldu? Onlar üçün çox narahatam. Cəlaloğlu, Zəngibasar, Hallavar, Pəmbək, Göyçə. Haralar, haralar. Yüz minlərlə həmvətənlərimizin taleyi necə oldu? Bilirəm, dərdimiz böyükdür. Bu dərdin öhdəsindən ac qalmaqla gəlmək olmaz. Allah kərimdir,- deyib atam əlini süfrəyə uzatdı. Sonra əllər süfrəyə uzandı, ancaq hiss edirdim ki, əllər süfrəyə yemək üçün yox, könül qırmamaq üçün uzanıb.
Rəhmətlik atam həddindən çox qonaq sevən idi. Evimiz həmişə qonaqlı-qaralı olub. Qonaq gələndə atam sevindiyindən yerə-göyə sığmazdı. Mütləq qonağın ətrafına qonşularımızı, yaxın qohumlarımmızı yığardı. Gözəl məclis qurardı. Məclisi aşıqsız keçməzdi. Qonağını təmtəraqlı qarşılamağından xüsusi zövq alardı. Süfrə dolu olsa da, elə hey deyərdi: “Nə var, gətirin”. Atam bugünkü qonaqlarının ətrafına nə qonşularımızı, nə də yaxın qohumlarımızı yığa bilmişdi, çünki onların da bizim kimi öz qonaqları vardı. Hiss edirdim, atam qəfil qarşılaşdığımız müsibətə üzülməklə yanaşı, qonaqlarını layiqincə qarşılayıb yerləşdirə bilmədiyi üçün xəcalət çəkirdi
Gecə gecədən keçirdi. Heç kəs yatağa uzanmaq istəmirdi. Hələ də olanların həqiqət olduğuna inana bilmirdilər. Dünən gecəni rahatca evində gecələyənlər bu gecə isə, harada olduqlarını sanki dərk etmirdilər. Havalı kimi hərlənib nə evə sığışırdılar, nə həyətə. Bibim demək olar ki, səhərə kimi yatmadı. Gecəni Alagözünün yanında keçirdi. Əlacı olsa idi, onu otağa gətirərdi. Alagözünün soyuqdan titrəməsinə dözə bilmirdi. Axırda onun üçün çətin də olsa, qəti qərara gəldi. Oğlunu yanına çağırıb:
-Alagöz mənə göz dağı çəkdirir. Sabah apar bazara, dəyər-dəyməzinə sat.Alan olmasa, kasıbın birinə ver. Heç olmasa, bilərəm ki, isti yeri, yeməyə ot-əncəri olajax.
Oğlu təəccüblə anasının üzünə baxdı. Alagözünü canından artıq istəyən, “xallı inəyim”, “yaral inəyim” deyib oxşayan anası bu sözləri doğrudanmı deyirdi? Bibim oğlunun çaşqın-çaşqın ona baxdığını görüb hirsli, hikkəli:
-Üzümə niyə elə baxırsan? Nə deyirəm, onu edərsən!
Bir günün içərisində ağrılarla, acılarla elə yüklənmişdim ki, artıq yük götürməyə taqətim qalmamışdı. Bibimin Alagözündən ayrılma səhnəsini görməmək üçün anamın etirazına baxmayaraq, səhər tezdən evdən çıxdım. Qırmızı körpüyə çatanda gördüklərim məni dəhşətə gətirdi. Körpünün yolu yük, minik maşınları ilə, insan axını ilə bağlanmışdı.Yaşlı bir qadın, əlində dəsmal, yanıqlı səslə sanki kiməsə ağı deyirdi:
Əzizim, pərən oldu,
Dağılıb, pərən oldu.
Yurdumuzdan qovdular,
Elimiz pərən oldu.
Ananın fəryadı hamının ürəyini dağlayırdı. Körpüdə rastlaşan qohumlar, dostlar, tanışlar bir-birinə sarılıb gözyaşlarını saxlaya bilmirdi.Yaşlı da ağlayırdı, cavan da. Ayrılarkən, son sözləri bir-birinə bu olurdu: “Hara getsəniz, yerinizi bildirərsiniz”. Gördüklərimi hafizəmə yerləşdirə bilmirdim. İnsan mənəviyyatının faciəsi. Yaşadan da insan idi, yaşayan da. İnsanlığın bitdiyi an. Çox dəhşətli an idi. Kənara çəkilmişdim. Hönkür-hönkür ağlamaq istəyirdim. Elə ağlamaq ki, hönkürtümü bütün dünya eşitsin. Eşidib, insan mənəviyyatını bu faciədən qurtarsın. Eşidib, qurtaran olacaqmı?! 
Köç maşınları, minik maşınları, insan axını yol boyu düzülüb gedir. Maşınlar əşya ilə, insanların ürəkləri dərd, kədər, ağrı, acı ilə yüklənmişdi. Düşünürdüm, yol bu ağırlığa tab gətirə biləcəkmi? Hamı gedirdi, çoxu hara gedəcəyini bilmirdi.
Əzizinəm, haraya?
Bu köç gedir haraya?
Hardan gəlir, bilirəm,
Gedəcəkdi haraya?
 Yol uzun, beynimi didib parçalayan suallar çox, cavabı isə məndə yox. Başımıza açılan zəncirvari müsibətə, faciəyə vəsilə olan Sumqayıt hadisəsi niyə tilsimə düşdü? Açılmadı? Əsl cinayətkarlar tapılmadı? Qonşu respublikalardan fərqli olaraq beynəlmiləlçilərin önündə gedən biz necə oldu, birdən-birə millətçi olduq? Bakının milli tərkibi dediklərimizə əyani sübut deyilmi? Niyə bizim millətin xarakterinə yad, əsla uyuşmayan xüsusiyyəti yarlıq kimi üzərimizə yapışdırmaq istəyirlər? Axı biz həmişə özümüzdən çox yadlara qucaq açmışıq. Sevgimizi, istəyimizi onlara yönəltmişik. Azərbaycanın dilbər guşəsi olan Qarabağda yadları yerləşdirmişik. Səfalı dağlardan, dədə-baba yurdlarından qovulan, didərgin salınan soydaşlarımızı ilan mələyən, susuz, şoran düzlərə səpələmişik.  Bu sevgimizin sayəsində dəyişik iqlimə uyğunlaşa bilməyənlər vətən həsrətinə, haqsızlığıa, ədalətsizliyə, dözməyənlər dünyasını dəyişdi. Doğma dilimizi künc-bucağa sıxışdırıb, yad dillərə geniş meydan verdik, onunla da fəxr etdik. Dili bir, kökü bir, dini bir qardaşlarımızla aramıza keçilməz qala divarları hördülər, sədlər çəkdilər. Qardaşı düşmən, düşməni bizə qardaş kimi təqdim etdilər. Bu “qardaşlığın” nəticəsində 114 min kvadrat kilometr vətən torpağımızdan 86.6 min kvadrat kilometr torpağımız qaldı. Əlimizdən alınan torpaqlarımızdan dövləti olmayan, dövlət anlayışı nədir bilməyən, cəlayi-vətən həyat sürən, günü harada xoş keçib, oranı özünə vətən bilən düşmənlərimizə qondarma dövlət düzəltdillər. Bu günə kimi torpaqlarımızı istədikcə aldılar, aldıqca istədilər. Bir-biri ilə sıx bağlı olan sözü əməldən ayıraraq uşaq aldadan kimi söz bizə, sözün arxasındakı əməl düşmənə verildi. Bu, yüz il əvvəl də belə olub, bu gün də belədir. Heç təsadüfi deyil ki, XX əsrin əvvəllərində Nəriman Nərimanov ona söz verən, ancaq sözünə əməl etməyən, sözünün üstündə durmayan Leninə yazdığı məktublarında dönə-dönə təkrarlayırdı: “Vladimir İliç, axı siz söz vermişdiniz...” Çox təəssüf ki, sələflərinin söz verib, sonra sözünə sahib çıxmayanların xələfləri bu gün o ənənəni davam etdirirlər. Günlər, aylar keçir. Gördüklərimi-ürəyimi ağrıdan, acıdan, insan mənəviyyatını məhv edən müsibətləri qələmə almaq istəyirdim, ancaq hiss edirdim, olanları yazmağa nə mənim, nə qələmimim gücü yetmir. Yazmaq istəsəm də, yaza bilmirdim, çünki yazının hər cümləsində baş qaldıran suallara cavab verə bilməyəcəyəm. Zaman su kimi axıb gedir, daxilimdə bir qüvvə məni kəndə dartırdı. Tez-tez getdiyim kəndə xeyli müddətdir, getmirdim, getmək də istəmirdim. İçimdə bir qorxu, bir narahatlıq hissi var idi. Ancaq istəməsəm də, daxilimdən bir güc məni kəndə dartırdı. 
Yazda elimiz-obamız insanı sehrləyən, məftun edən bir gözəlliyə bürünürdü. Sinəsi kəklikotulu, quzqulaqlı, qulançarlı, bənövşəli, dərələri yarpızlı, moşlu, moruqlu, nərgizli Babakər dağının cah-cəlallı vaxtı idi. Birdən o gözəlliyi görmək üçün ürəyim tir-tir əsməyə başladı, dayana bilmədim. Tələsik hazırlaşıb yola düşdüm, ancaq içimdəki narahatlıq məni için-için yeyirdi. Nələrlə qarşılaşacağımı bilmirdim. Kəndə çatanda hər şeyin qaydasında olduğunu görüb həm sevindim, həm kədərləndim. Sevindim, kənd əvvəlki halına dönmüşdü. Kədərləndim, Gürcüstan hökümətinin qərarına görə Ermənistan köçkünləri nə həmişəlik, nə də uzunmüddətli Gürcüstan ərazisində qala bilmədiklərinə görə Ləmbəlilər pərən-pərən olub, doğmalar, qohumlar, dostlar-hərəsi Azərbaycanın müxtəlif bölgələrinə səpələnib dağılmışdı. Kəndin əsas yolundan çıxıb ara yolu ilə təpəni (evimiz təpənin üstndə idi) qalxmağa başladım. Qalxdıqca varlığımı qəribə bir hiss bürüyürdü. Bu hiss keçən gəlişimdə gördüklərimi hafizəmdən silib atmağa çalışırdı. Hər yandan uşaqlıq, gənclik xatirələrim baş qaldırıb mənə boylanırdı. Bilmirdim, hansına üz tutum. Birdən dayandım. Dayandığım yer anamın ocaq yeri idi. 
Anam yuxa salırdı, mən də ona kömək edirdim. Birdən uşaqların dərədə yığışıb bənövşə oynadığını gördüm. Gizlincə təpəni(həmişə təpəni atlana-atlana düşərdim) atlana-atlana düşüb onlara qoşulmaq istərkən necə yıxıldımsa, üz-gözüm al-qana boyandı. Anam məni o halda görüb, üstündən də bir oxlov ilişdirib:
-Aldın payını, haydi, indi get oyna. Nə qədər demək olar? Təpəni atlana-atlana düşmə. Allah sənə yerimək üçün iki ayaq verib, atlanmaq üçün yox.
Anam deyinir, mən ağlayırdım.Birdən ürəyimdən təpəni atlana-atlana düşmək keçdi, ancaq dayandım. Acı-acı güldüm. Yıxılsam, oxlovu kim ilişdirib məni danlayacaq? Ocaq yerinə baxdım, nə ocaq daşları vardı, nə anamın sacı, nə də anam. Həyətdə sağa-sola boylandım. Kimi isə axtarırdım. Kimi? Kimsə gözümə dəymədi. Çantamı həyətdə iydə ağacının altındakı taxtın üstünə qoyub eyvana qalxdım. Eyvandan Babakər dağı ovuc içi kimi görünürdü. Babakərə baxdım. Nə gözlərimə inandım, nə gördüklırimə. Yerimdəcə donub qaldım. Babakəri sinəsindən şaqqalayıb ikiyə parçalamışdılar. Başının tacı Dikdaş yerlə-yeksan olmuşdu. Kəndi qucaqlayan qolları sındırılıb yanına salınmışdı. Varlığıma dəhşətli bir ağrı doldu. Babakəri də böldülər, Babakəri də parçaladılar. Niyə həmişə bölünən, parçalanan biz oluruq? Azərbaycanı böldülər, Borçalını parçaladılar, Borçalının başının tacı Babakəri də beləcə şaqqaladılar. Arxamızın dağı-Babakərin sinəsini dağlaya-dağlaya yol çəkdilər. Bağlı qapılar arxasında çəkilən sərhədlər, xəritələr yetmiş il gizli saxlanıb bu gün üzə çıxarıldı. Bu sərhəd Baqrataşendən on kilometrlərlə uzaq olsa da, bizim kəndin burnunun dibindən çəkilib. Evi sərhədin  bu üzündə, bağı-bağçası o üzündə qalanlar oldu. Gördüyüm o qədər ağrılı-acılı idi, varlığımı alt-üst etmişdi. Babakər mənim uşaqlıq, gənclik xatirələrimin qucağı idi. Babakəri parçalayıb xatirələrimi yerlə-yeksan etmişdilər. Sinəsinə çalın-çarpaz dağlar çəkilən Babakərə artıq baxa bilmirdim. Sürünə-sürünə eyvandan həyətə endim. Artıq kənddə qalmaq istəmirdim. Ailəmiz razı olmasa da, səhər tezdən geri dönəcəyimi bilmirdim. Gecə yatağıma uzandım, amma yata bilmirdim. Babakərin sinəsinə çəkilən dağlar indi də mənim sinəmə çəkilirdi. Ürəyimə sızıltılı bir ağrı dolmuşdu. Mənə elə gəlirdi ki, bu ağrı məni heç zaman tərk etməyəcək. Gecə gecədən keçirdi, yuxum ərşə çəkilmişdi. Birdən açıq pəncərənin şüşəsindən əks olunan alovun şölələndiyini gördüm. Mənə elə gəldi ki, evdə yanğın baş verib. “Yanğın” deyə var gücümlə qışqırdım, ancaq məlum oldu ki, yanğın evdə deyil, Babakərin sinəsində alovlanır. Babakər alova bürünmüşdü. Gecənin yarısı bütün kənd böyüklü-kiçikli ayaqda idi. Babakər cayır-cayır yanır, yana-yana bizdən imdad diləyirdi, ancaq heç kəs kömək edə bilmirdi. Kömək edə biləcək olanlar kömək etmədi, çünki Babakər bizim arxamızın dağı idi. Biz onun gözəlliyini seyr edirdik. Bizim mal-qaranın örüş yeri idi. Kənd Babakərin yanğınının qoruna, tüstüsünə bürünmüşdü. Nəfəs almaq mümkün deyildi. Bu qor, bu tüstü on kilometrlərlə uzaq olan Baqrataşeni deyil, bizim kəndi bürümüşdü. Babakərin sinəsi yanıb külə döndü. Babakər bizim sevinc qaynağımız idi. Hər baxanda ilham aldığımız o gözəllikdən əsər-əlamət qalmamışdı. Həmişə sevincli, şad günlərimizi Babakərin Zoğallı, Çırçırlı bulağının başında keçirər, sevincimizi onunla bölüşərdik. Çətin, ağır günlərimizdə ona üz tutardıq. Ondan güc alıb dözümlü, səbirli olmağı öyrənərdik. İndi heç kəs xəcalətindən Babakərə baxa bilmirdi. Onu qoruya bilmədiyi üçün, sinəsinə dağ çəkib dağlandığı üçün, yazın bu gözəl çağında yaşıl donunu soyundurub, qara libas geyindirildiyi üçün.  Kənd camaatı çaşqın-çaşqın, hüzünlü baxışlarla bir-birinin üzünə baxıb eyni sualı verirdi:
-Gecə yarısı Babakərə kim qıyardı?
Cavab hamıya bəlli olduğu kimi mənə də bəlli idi. Amma mənim fərqli düşüncələrim də vardı. Uzun illər başımıza açılan oyunları, müsibətləri görən, içində korun-korun yanan Babakər axırda dözmədi, alışdı, yandı, alova büründü. Atalarımızın bir hikmətli sözünü xatırlayıram: “Bu dərdə dağ dözməzdi, biz dözdük”. Doğrudan da, bu dərdə Babakər dözmədi. Biz dözdük, dözürük, nə vaxta qədər, bilmirəm. Son illər kəndə hər  gəlişimdə ağrılı-acılı sürprizlərlə qarşılaşdığım üçün olanlardan özümü bir növ günahkar sayırdım. Peşman-peşman geri dönürdüm. Rəfiqələrimə söz vermişdim, Babakərin ətri və gözəlliyi ilə heçbir diyarda bənzəri olmayan bənövşəsindən, nərgizindən dəstə tutub gətirəcəyimə. Ancaq çox təəssüf ki, əlimdə Babakərin güllərini deyil, ürəyimdə yanıb külə dönmüş o gözəl güllərin külünü aparırdım. Yol boyu məni bir sual hey düşündürüb narahat edirdi. Niyə bizim birliyimiz, bütövlüyümüz, nəinki yan-yörəmizdəki düşmənlərimizi, bədxahları, dünyanın ən güclü dövlətlərini belə narahat edir? Axı, biz dünyanın bu ucundan okeanı üzə-üzə keçib o biri ucunda qırmızı dərililərin axrına çıxmamışıq?! Vaxtilə dünyanın mədəniyyət, inkişaf mərkəzi olan qoca şərqi- ərəb dünyasını soyub, talayıb sonra tar-mar etməmişik! Ayaq basdığımız ölkələri xarabalığa çevirib yerində münaqişə, müharibə ocağı qalamamışıq! İnsanları ata-baba yurdundan heç bir səbəbi olmadan dönə-dönə kökündən qoparıb didərgin salmamışıq! Azərbaycan heç bir dövlətə ərazi iddiasında olmayıb, heç bir dövlətin torpağını işğal edib milyonlarla insanı yurd-yuvasından didərgin salmayıb. Azərbaycan dövlətinin varlığı nədən başqaları üçün təhlükə yaratsın? Burada deyiblər, adımı sənə qoyub səni yana-yana qoyacam. Bu gün din pərdəsi altında mənfur niyyətlərini həyata keçirmək üçün dini alət edənlərin sərsəm bəyanatları, çirkin fəaliyyətləri dinimizin məqsəd və məramına tamamilə zidd və yaddır. Dinimiz qardaşlıq, birlik, haqq-ədalət, insanlıq dini olan İslam dinidir. Məqsədi parçalamaq, bölmək, ayırmaq-düşmənçilik deyil. Bu gün üzdə özünü xeyirxah niyyətli göstərib, əslində, çirkin məqsədlərini həyata keçirmək üçün içimizə soxulub içimizi qurd kimi yeyənlər, sabah başımıza açacaqları müsibətlərin, faciələrin bünövrəsini qoymağa çalışırlar. İnşAllah Azərbaycan dövləti onların bəd niyyətlərini həmişəlik gözündə və ürəyində qoyar. Bizim köməyimiz Allahdan, gücümüz birlikdədir. Heç bir mənfur düşmən bu gücümüzü əlimizdən ala bilməz!