Firdovsi Umudov:"20 yanvarda xalqımız müstəqilliyi uğrunda savaşda sınmadı, qalib oldu"

Azərbaycanı müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi olan 20 Yanvar faciəsindən bir qərinə ötür. Bu qanlı faciə ləyaqətini qorumaq üçün ağır itkilər, böyük qurbanlar belə verməyə hazır olan xalqımızın tarixində şərəfli və şanlı səhifədir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına qanunsuz olaraq tanklar, zirehli texnika və müasir silahlarla təchiz edilmiş sovet qoşunlarının yeridilməsi, dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsi bəşəriyyətə qarşı yönəldilmiş cinayət, totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri idi. O müdhiş gecədə xalqımızın nümayiş etdirdiyi iradə, sarsılmaz ruh, göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlını qürurlandırır. Tarix bir daha göstərdi ki, uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan, dövlətçilik ənənələri olan xalqımızı müstəqilliyi uğrunda mübarizədə dayandırmaq mümkün deyil.

"Sherg.az" xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Sərhədçi” peşəkar idman klubunun prezidenti, Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən müharibəsi iştirakçısı Firdovsi Umudov deyib.

O qeyd edib ki, Azərbaycan xalqı böyük bir imperiya ordusunun üzərinə gedib, sinəsini tankların qabağında sipər etdi. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisə, Azərbaycanın istiqlal yolunun ilk zirvəsidir. 20 Yanvar şəhidləri millətin şərəf, qeyrət və milli birlik rəmzidir.

Firdovsi Umudov deyib: “Xalqımızın başına gətirilən bu dəhşətli müsibətə, qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Heç bir təhlükədən, qadağalardan çəkinməyib Qanlı Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu dəhşətli faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırıb, onun təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib.

Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan bu tarixi gündə şəhidlərimizin xatirəsini fəxarət hissi ilə anırıq. Çünki Azərbaycan öz istiqlalı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda zaman-zaman şəhidlər verib, buna baxmayaraq xalqımızın iradəsi heç zaman sarsılmayıb, əqidəsindən dönməyib, haqq, ədalət uğrunda çarpışıb, mübarizə aparıb. Əsrlər boyu torpaqlarımız işğal edilib, başımıza müsibətlər gəlib, soyqırımına məruz qalmışıq. Bu gün isə Azərbaycanın ən güclü, nüfuzlu, beynəlxalq arenada öz sözünü deyən ölkə kimi tanınması hamımızı qürurlandırır”.

Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük zəfər qazanıb. Bu şanlı qələbəyə görə bütün şəhidlərimizin ruhu şaddır. Buna görə də, Yanvar hadisələri bir tərəfdən bizi nisgilləndirirsə, digər tərəfdən də, düşünürük ki, xalqımız həmin gün müstəqilliyi uğrunda haqq-ədalət savaşında əyilmədi, sınmadı, qalib oldu, yeni bir qəhrəmanlıq salnaməsi yazdı. Yüzilliklər, minilliklər keçəcək, Şəhidlər xiyabanı isə xalqımızın and yeri olaraq qalacaq.