Atatürkün sevimli yeməkləri

Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün həyatında süfrələrin mühüm yeri olub. Atatürk haqqında yazılanlardan belə məlum olur ki, o, az yeməyin tərəfdarı olub. Hətta çıxışlarının birində ziyafətlərdə çox yeməyin qənaətə zidd və sağlamlığa zərərli olduğunu da söyləyib. Onun yeməklə bağlı əməl etdiyi xüsusi qaydalar da olub.
Səhər yeməyi: Səhərlər çay, qəhvə içər, çox yeməz, soyuq ayranla bir dilim çörək yeyərdi . Bəzən bir kasa qatıqla kifayətlənər, sonra südlü qəhvə içərdi.
Nahar yeməyi: Naharda bir-iki dilim çörək yeyirmiş. Ətsiz quru paxla, plov çox sevdiyi yeməklərdən olub. İçkilərdən ayran və limonadı sevib. Ayranı isə çörək batıraraq yeyirmiş. Süfrədən yarıtox dururmuş.


Axşam yeməyi: Atatürk üçün axşam yeməyi xüsusi əhəmiyyət daşıyıb. Omleti sevən siyasətçi, xüsusi ilə gecə saatlarında acanda pendirli omlet yeyirmiş. Yumurta, ətli təzə bamya, qarnıyarıq sevdiyi və tez-tez yediyi təamlardan olub. Xüsusi ilə qarnıyarığı plovla qarışdıraraq yeməyi sevib.
Enginarı heç vaxt yeməyən Atatürk, xəstəykən enginar yemək istəmişdir. Xataydan sifariş olunan enginar gələnəcən komaya düşən Mustafa Kamal bu dəfə də enginar yeyə bilməyib. Şirniyyatlarla arası olmayıb. Amma gül mürəbbəsini sevirmiş. Gün ərzində 10-15 fincan qəhvə içən siyasətçi daha çox orta şəkərli qəhvə içirmiş. Spirtli içkilərdən pivə və rakı içsə də, sərxoş olmağı heç xoşlamayıb. Atatürkün sevdiyi yeməklərlə bağlı yazılarda qeyd olunur ki, onun Türkiyənin müxtəlif yerlərində hər bölgəyə uyğun sevdiyi yeməklər olub. Hər dəfə bölgələrə səfər edəndə yerli yeməklərdən yeyirmiş.