“Hələ bundan sonra neçə-neçə nəsillər bu məktəbdən bəhrələnəcək”
“Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması hər kəsin ürəyindən xəbər verdi . Çünki o öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Əslində, rəsmi sərəncamla 2023-il elan edilsə də, qüdrətli dövlətimiz, eləcə də qədirbilən xalqımız üçün hər gün, hər il Heydər Əliyevin adı ilə bağlıdır”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Millət vəkili qeyd edib ki, Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan xalqını ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib:
“Ulu Öndərin şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi və keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz sədaqət hissi ilə yaşayıb və hər zaman milli ideallara bağlı olub. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanıb və ən çətin anlarda ona müraciət edib. Xalq isə heç vaxt ondan öz dəstəyini əsirgəməyib. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanma təhlükəsindən xilas etmək və vətəndaş qarşıdurmasının qarşısını almaqla, Azərbaycan xalqı və dövləti üçün yeni dövrün başlanğıcını qoymuş oldu. Beləliklə, Ulu Öndər Azərbaycan tarixində müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusuna çevrildi. Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlət oldu. Bu səbəblə də Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir”.
Xanım parlamentari bildirib ki Ulu Öndərin fəaliyyəti zamanı xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbi hesab edilir:
“ Bu gün keçmişə nəzər salarkən bu böyük insanın ruhu qarşısında baş əyməyə bilmirsən. Ona görə ki,1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin və intibahının başlanğıcı tarixidir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev hakimiyyəti dövründə öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Böyük şəxsiyyət həmin zamanlarda bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb və ictimai şüurdakı qorxunu aradan qaldırıb. O rəhbərlik etdiyi dövr ərzində ölkəniı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olub. Ulu öndər dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərə çarpacaq dərəcədə genişləndirilmiş və keçmiş SSRİ-nin şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilmişdi. O illərdə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan vermişdi. Beləliklə, Ulu Öndərin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılmışdı”.
Deputat əlavə edib ki, bu gün ümummilli liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir:
“Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Xalqımız əmindir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Vətən müharibəsində ölkəmizin qazandığı misilsiz qələbə bir daha onu göstərdi ki, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu öndərin siyasi kursuna və dövlətçilik ideologiyasına sədaqətlə bağlıdır. Bu Azərbaycan Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar və göstərdiyi xidmətlər unudula bilməz. Çünki onun çoxşaxəli irsi xalqımızın milli sərvətidir. 2023-cü ilin “Heydər Əliyev İli” adlandırılması da bu irsin öyrənilməsi baxımından olduqca önəmlidir. Bu ilin“Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, bugünədək çap olunan elmi əsərlərin, kitabların sırasına yenilərinin əlavə olunmasına geniş imkanlar yaradacaq. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı və dövləti üçün qoyduğu irs çox zəngindir. Hələ bundan sonra neçə-neçə nəsillər bu məktəbdən bəhrələnəcək”.