Rəsulzadənin həyatı “Azərbaycanı necə sevməli” sualına cavabdır

Onların ömrü Vətənin ömrü qədərdir

Azərbaycançılıq ideyasının təbliği


  Azərbaycanımıza İstiqlal bəxş etmiş dahi insanın – Məhəmməd Əmin Rəsulzadənin bu gün 139 yaşı tamam olur.  Rəsulzadə o şəxslər sırasına daxildir ki,  qərinələr, əsrlər keçsə də qocalmırlar. Çünki onların ömrü Vətənin ömrü qədərdir. Vətənsə, çoğrafi ərazisində hansı siyasi quruluş olursa-olsun, həmişə Vətəndir. Azərbaycan xalqı isə ona görə xoşbəxt xalqdır ki, Vətəni həm də azad bir ölkə, bizə miras qoyulmuş müstəqil cümhuriyyətdir. Ötən əsrin əvvəlində “millətimizin imzası olsun, millətlər içində” deyib cümhuriyyət sevdasını təfəkkürdən əmələ keçirməyi bacarmış dahilər sırasında Məhəmməd Əmin Rəsulzadə də vardı. Bu görkəmli şəxsiyyətin həyatı, fəaliyyətinə ötəri nəzər salmaq kifayətdir ki, gənclik illərindən ta ki ömrünün son anlarınadək Azərbaycan və Azərbaycanın istiqlalı, müstəqilliyi uğrunda yorulmadan çalışdığı görünsün. Təsəvvür edək; 19-20 yaşlı bir gənc siyasi fəaliyyətə başlayır. 1903-cü ildə Azərbaycan Gənc İnqilabçılar Dərnəyini bir neçə azərbaycanlı tələbənin iştirakı ilə yaradır. Gizli fəaliyyət göstərən bu təşkilatın əsas vəzifəsi gənclərdə milli hisslər yaratmaq, rus məktəblərində oxudulmayan türkcəni inkişaf etdirmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış şeirləri əzbərləmək və arada-sırada mətbəə üsulu ilə çap edilmiş bəyannamələri paylamaq, fəhlələr arasına gedib, hürriyyət və inqilab fikirlərini onların arasında sistemli surətdə yaymaq olub. 1906-cı ildən etibarən bu təşkilat Müsəlman Demokratik Müsavat Cəmiyyəti adlanıb. Təşkilatın bir qolu da az sonra İranda qurulub və burada başlamış Məşrutə inqilabına istiqamətverici rəhbər qüvvəyə çevrilir. 1908-ci ilin sonlarında İrana gedib. Təbrizdə Səttarxan və onun silahdaşları ilə görüşüb. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzib, xalqın vəziyyətini yaxından müşahidə edib. İranda Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqalarıyla birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyub. O, "İrane-nou" və "İrane-Ahat" qəzetlərinin baş redaktoru olub. Rəsulzadənin sonrakı siyasi və jurnalistlik fəaliyyəti çox geniş və əhatəlidir. Bu barədə yazmağa başlasaq, səhifələr yetməz. Görkəmli şəxsiyyətin anım günündə biz onun həyatının sadəcə, Azərbaycana və azərbaycançılıq ideyasına xidmətdə keçmiş mühacirət illərini xatırlatmaq istəyirik. Çünki onun mühacirət illəri “Azərbaycanı necə sevməli” sualına ən mükəmməl cavabdır. Məlumdur ki, M.Ə.Rəsulzadə həbsdən azad edildikdən sonra qısa zaman fasilələri ilə Moskvada, Peterburqda, sonra isə Finlandiyada yaşayıb. Rəsulzadənin əsl mühacirət həyatı Türkiyə ilə başlayıb. 1922-ci ilin sonlarında İstanbulda fəaliyyət göstərməyə başlayan Rəsulzadə xarici ölkələrdə dağınıq halda fəaliyyət göstərən mühacirlər haqqında belə yazırdı: “Bulunduğumuz mühacirət şərtləri daxilində Azərbaycan davası naminə birləşmək milli davanı yaşatmış və yaşadan fikir sistem və nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və hisslərdən sıyrılaraq fikrə önəm vermək lazımdır”.   Dahinin, dahiliyinin sübutu illəri başlayır. Neçə-neçə əsərlər yazır, qəzet, dərgi nəşr etdirir. Hamısında da əsas qayə - Azərbaycan istiqlalının unudulmamasıdır: Bizim yoxdan var etdiyimiz bir dövlətimiz var, onu yenə bərpa edəcəyik, ideyasıdır bu. Bir xalq ki, istiqlalı bir kərə daddı, ölsə də ondan vaz keçməz, ideyasıdır bu. Tariximizin sonrakı mərhələləri sübut etdi ki, görkəmli şəxsiyyət yanılmayıb. 1923-ci ildə İstanbulda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti", "Əsrimizin Səyavuşu", "İstiqlal məfkurəsi və gənclik",  "İnqilabçı sosializmin iflası və demokratiyanın gələcəyi” və başqa əsərləri çap olunub. 1923-cü ildə İstanbulda çap edilən "Əsrimizin Səyavuşu" əsəri Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan gənclərinə xitabəti ilə sona çatır:"Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: - Bir kərə yüksələn bayraq bir daha enməz! 

  1922-ci ildə İstanbulda Milli Mərkəz təşkil edib, bütün siyasətçiləri bir təşkilat halında birləşdirdi. Tezliklə bütün Sovetlər Birliyini həyəcana gətirən "Yeni Qafqaziya” jurnalını (1923-cü ildə) İstanbulda nəşr edib. Onun redaktorluğu ilə "Azəri türk” (1928-1931), "Odlu yurd” (1929-1930) jurnalı və həftəlik "Bildiriş” (1929-1931) qəzeti də nəşr edilib. 

  1931-ci ildən Rəsulzadənin Avropa mühacir dövrü fəaliyyəti başlayır. 1930-cu ildə Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyət”, rus dilində isə "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olunub. 1932-ci il yanvarın 10-dan M.Ə.Rəsulzadə Berlində "İstiqlal" qəzetinin nəşrinə başlayıb. Qəzetin ilk səhifəsində Rəsulzadənin "Kəsilməyən səs" məqaləsi çap olundu:"Mütaliənizə təqdim olunan bu qəzet müqəddəs bir mübarizənin müdafiəçisi üçün yüksələn bir səsi mədəniyyət dünyasına çatdırmaq üçün nəşr olunur. Milli Azərbaycan istiqlal mübarizəsinin səsi! – Budur bizi həyəcanlandıran səs!” . Sonra “Qurtuluş”  dərgisini nəşr etdirib. Rəsulzadənin redaktorluğu ilə Berlində alman dilində "Azərbaycan problemi”, 1933-cü ildə Varşavada polyak dilində "Azərbaycanda milli hərəkat” və 1938-ci ildə "Azərbaycanın hürriyyət savaşı” adlı kitabları işıq üzü görüb. 1938-ci ildə Polşa hökumətində məsləhətçi işləyib, 1940-cı ildən Rumıniyada yaşayıb. İkinci Dünya müharibəsinin sonlarına yaxın M.Ə. Rəsulzadənin başçılığı altında Münhendə "Azərbaycan Birliyi” adlı cəmiyyət qurulub. Cəmiyyət azərbaycanlı əsirlərin xilasında böyük rol oynayıb. 1947-ci ildən Rəsulzadənin Ankara “illəri” başlayır. Burada müxtəlif illərdə “Çağdaş Azərbaycan ədəbiyyatı”, "Çağdaş Azərbaycan tarixi” kitabları işıq üzü görüb. 1951-ci ildə "Azərbaycan şairi Nizami” adlı monoqrafiyası çap olunub.

  Məhəmməd Əmin Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan respublikası" məqaləsi çap edilib. Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında "Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülünə aid" məqalə də onun qələmindən çıxıb. İkinci Dünya müharibəsindən sonra Türkiyədə nəşr edilən Türk ensiklopediyasında Azərbaycana aid məqalələrin bir çoxu Məhəmməd Əmin Rəsulzadə tərəfindən yazılıb.  Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq edib. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələri yerləşdirilib. Məhəmməd Əmin Rəsulzadə uzaq ellərdən Azərbaycanın səsini, Azərbaycan həqiqətlərini təkcə dünyaya yaymırdı. 

Əsas ünvan Vətən idi. Rəsulzadə bütün müraciətlərində ilk növbədə xalqına, xalqın gənc övladlarına səslənirdi. Çünki adı kimi həm də özü əmin idi ki, gün gələcək, bu xalqın övladları üçrəngli o mübarək bayrağı yenə başları üzərində dalğalandıracaq, Azərbaycan bayrağı ən yüksək zirvələrdə qərar tutacaq. Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına 3 müraciəti var. 1951-ci il 26 avqust tarixli müraciətindən sonra Rəsulzadənin sonrakı 2 müraciəti məhz 28 May – İstiqlal günümüzün ildönümlərində olub.  Bu müraicətlərdən birini qısaca xatırlatmağı özümüzə borc bildik: “Azərbaycan, onunla bərabər bütün Qafqasya Cümhuriyyətləri həqiqi azadlıq və istiqlalına 1918-in Mayısında qovuşdular. 1920-də isə bu azadlıq və istiqlal, qızıl Rus ordusu tərəfindən üstün qüvvətlərlə, qanla və atəşlə basdırıldı. Faciələr və qəhrəmanlıqlarla dolu olan bu mücadilədə on minlərcə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı, 1918 istiqlal haqqını müdafiə edən Qafqasya millətləri, indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alan bu mücadilədə vaxtı ilə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə, bu gün haqqı milliyyətçilər və vətənpərvərlər cəbhəsinə keçmişlərdir. Yabançı istilası üzərinə əcnəbi məmləkətlərə çıxmış olan Qafqasya mühacirləri, milli istiqlal davasını, mədəni dünya əfkarı ümumiyyəsinə (ictimaiyyətin fikri) anlatmakdadırlar. 

Bu vəzifəni ifada, nə kimi müşküllərə uğradığımızdan bəhs etməyin burada yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə kommunist rejiminə düşən millətlərin hər dürlü haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halinə gəldiyini azad dünyaya anlatmaq çox çətin olmamışdır. 

Şükür ki, hadisələr bizə kömək edir. Dünya Sovet həqiqətini görməyə başlayır. 8 ildən bəri hərbi bitirmişkən sülhə qovuşa bilməyən dünya, artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər, müəzzəm (böyük) bir dövlət halında ayaqda durduqca və dünya inqilabı atəşi ilə yandırmaq üçün könlü çəkdikcə yer üzündə heç bir zaman sülh və asayiş buluna bilməyəcəkdir.

 Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz. 1918 Mayısındakı tarixi qərarları ilə azadlıq denən (deyilən) millətlər cəbhəsində yer alan Qafqasya millətlərinin müqəddəratları, azad millətlərin müqəddəratları ilə bağlanıb. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən Sovet diktatoru Stalin ölmüşdür, amma, onun iki üzlü sistemi Stalinizm hələ ayaqdadır. 

Bu sistem gün keçdikcə dünya həqiqətləri ilə qarşılaşmaqda, haq ilə batil, yalan ilə doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, "Birləşmiş millətlər" prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, Vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir,  28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm: Sən bizimsən, bizimsən durduqca bədəndə Can, Yaşa, Yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”. 

  Biz də görkəmli şəxsiyyəti 139-cu ildönümündə sayğı və sevgiylə anır, əziz ruhu qarşısında təzim edirik.