Ziyad Səmədzadənin çoxcildlik monoqrafiyasının təqdimatı keçirildi - FOTOLAR


Fevralın 8-də AMEA A.A Bakıxanov adına Tarix İnstitutunda akademik Ziyad Səmədzadənin "Azərbaycan iqtisadiyyatı 100 ildə" çoxcildliyinin təqdimatı keçirilib. 
"Sherg.az" xəbər verir ki, öncə Türkiyədəki zəlzələ qurbanları bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Tarix İnstitutunun baş direktoru,tarix elmləri doktoru,professor Kərim Şükürov "Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyini Azərbaycan iqtisad elmi üçün böyük töhfə kimi dəyərləndirib.
Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə bildirib ki, çoxcildliyin ərsəyə gəlməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın həqiqi  və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndiyi fikirlər, təklif və tövsiyələr olub. Çoxcildliyin strukturu, məqsəd və vəzifələri müəyyən edilərkən Ulu Öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti baza kimi götürülüb.

Akademik Ziyad Səmədzadənin "Azərbyacan iqtisadiyyatı 100 ildə” 5 cildlik fundamental monoqrafiyasında Azərbaycan iqtisadiyatının 1918-ci ildən başlayaraq tarixi, nəsas problemləri araşdırılır və təhlil edilir.  Monoqrafiya müəllifin uzun illər gərgin əməyinin, müşahidələrinin, elmi tədqiqatlarının nəticəsidir. 

Çoxcildlikdə respublika  iqtisadiyyatının keçən əsrin 70-ci illərində yeni inkişaf mərhələsinə keçirilməsini şərtləndirən amillər, müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyi, iqtisadiyyatının strukturunun şaxələndirilməsi, tarazlı inkişafı, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə  və asılılığın təmin edilməsi  kimi taleyüklü əhəmiyyət kəsb edilən məsələlərə müəllifin baxışları, tövsiyələri ən vacib metodolojı baza kimi müəyyənləşdirilmişdir. 

Hər bir cildin strukturu xronolojı-problem əsasında qurulmuşdur. Monoqrafiya zəngin arxiv sənədlərı, mətbuat materialları, statistik məlumatlar əsasında yazılmışdır. I-IV cildlər son 100 ildə Azərbaycan  iqtisadiyyatına, sonuncu V cild həmin dövr ərzində Qarabağın  iqtisadiyyatına həsr olunmuşdur. 

I cilddə AXC dövründə həyata keçirilən və yarımçıq qalan sosial-iqtisadi tədbirlər, Sovet Azərbaycanın ilk onilliklərində yeni bolşevik hakimiyyətinin həyata keçirdiyi iqtisadi islahatlar, Böyük Vətən müharibəsi illərində Bakı neftinin qələbədə rolu, ikinci Bakının yaradılması, Bakının silah-sursat istehsalı mərkəzinə, mühüm su və quru  nəqliyyat qovşağına çevrilməsi, 1950-1970 -ci illərdə Azərbaycanda  xalq təsərrüfatının inkişaf səviyyəsi və sürəti, sənəyenin inkişafını müəyyən edən amillər kimi  məsələlər araşdırılmışdır. 

II cilddə XX əsrin ikini yarısından Azərbaycanın müstəqilliyinin bərpasına qədər olan dövrdə respublikanın kənd təsərrüfatının inkişafında baş vermiş dəyişikliklər, ölkə iqtisadiyyatının maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı tikintinin və nəqliyyatın inkişafı, müstəqilliyin bərpasından sonra yeni iqtisadi konsepsiyanın hazırlanması və onun mahiyyəti kimi məsələlər araşdırılır. 

III cilddə müstəqilliyin ilk illərində dərin iqtisadi-siyasi böhranın səbəbləri və nəticələri, Ulu Öndər Heydər Əliyevin 1993-cu ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün müəyyən etdiyi strategiyanın əsas istiqamətləri, neft strateqiyasının mahiyyəti, reallaşması və nəticələri, dövlətimizin pul-kredit siyasətinin formalaşması, ölkənin büdcə sisteminin qanunvericilik bazasının yaradılması, onun gəlir və xərclərinin strukturu,ölkənin xarici borclanma strategiyası, aqrar sektorda islahatların aparılması,  nəqliyyat kompleksinin əsas inkişaf istiqamətləri, sənaye istehsalının tənəzzülünün dayandırılması və davamlı inkişafı kimi məsələlər  araşdırılır. 

IV cilddə Prezident  İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə  regionların inkişaf strategiyasının  prioritet istiqamətləri, bu istiqamətdə proqramların  həyata keçirilməsi, respublikanın enerji sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, sahibkarlıq mühitində yeni imkanların yaradılması, əhaliyə dövlət xidmətlərinin göstərilməsində yeni dövlət  institutlarının  yaradılması  (ASAN Xidmət), özünüməşğulluq proqramlarının həyata keçrilməsi, ev təsərrüfatının inkişaf dinamikası,  təhsil və elm sahəsində aparılan  islahatların ölkənin iqtisadi tələblərinə uyğunlaşıdırılması və digər məsələlər öz əksini tapmışdır. 

V cilddə  Azərbaycanın Qarabağ bölgəsinin iqtisadi inkişaf  xüsusiyyətlərinə qısa tarixi baxış, Azərbaycan SSR-nin tərkibində DQMV –nin yaradılması və onun sosial-iqtisadi inkişaf uğurları, Ermənistanın Qarabağa  və Şərqi Zəngəzura hərbi təcavüzünün bu bölgələr üçün  ağır iqtisadi nəticələri, Ulu Öndər Heydər Əliyevin  Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində  yorulmaz fəaliyyəti, Müzəffər Ali Baş komandan, Prezident  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 2020-ci ildə 44 günlük müharibə nəticəsində  Qarabağ və Şərqi Zəngəzurun erməni işğalçılarından azad edilməsindən sonra  bu bölgələrin gələcək inkişaf perspektivlərinin  müəyyən edilməsi, işğal nətiəsində dağıdılmış iqtisadi infrastrukturun yenidən bərpası, "Böyük qayıdış” proqramı çərçivəsində həyata keçirilən sosial-iqtisadi layihələr, yeni  quru və hava nəqliyyatı  yollarının tikilməsi, Zəngəzur dəhlizinin regional və qlobal əhəmiyyəti, su və enerji sisteminin yenidən qurulması və digər məsələlər öz əksini tapmışdır.  

Daha sonra, alimlər İlqar Niftəliyev, Cəbi Bəhramov,Əsədulla Cəfərov,Hacı Həsənov, Mais Əmrahov, Müşfiq Atakişiyev, Məhiş Əhmədov öz çıxışlarında akademik Ziyad Səmədzadəni müasir Azərbaycan iqtisadiyyatının konseptual məsələlərinin araşdırıcılarından biri kimi xarakterizə edərək, alimin son əsərini də dövlətçiliyimizin iqtisadi əsaslarının möhkəmlənməsi işinə böyük töhfəəsi  kimi dəyərləndiriblər.