Nardaran qalasının 700 ildən çox yaşı var


Bura hər kəs tərəfindən tərk edilmiş, girişi qadağan olunan yerə çevrilib


  “Abşeronda ən çox sevdiyim abidə Nardaran qalasıdır. Hər kəs tərəfindən unudulmuş, tərk edilmiş, girişin qadağan olduğu Nardarana yalnız yerli sakinlər buraxılır”. Bu sözləri memar Elçin Əliyev özünün sosial hesabında yazıb. 

  Memarın sözlərinə görə, qala 1301-ci ildə memar Mahmud ibn Saad layihəsinə əsasən tikilib. Nardaran qülləsindəki kitabədə «Mərhəmətli Allahın adı ilə! Bu taliyanı qurmağı əmr etdi ... ana ... Barikat, Allahı sevindirmək və mükafatını qazanmaq üçün Allahın üzünü (düşünmək) məqsədilə öz təmiz vəsaiti və dirhəmlərindən istifadə etdi. Yeddi yüzüncü il olan Ramazan tarixində (1301 il)» sözləri yazılıb: “Nardaran qalası, mərkəzində dairəvi qüllə olan, dördbucaqlı böyük bir həyətdir, boşluqları olan hündür daş divarla əhatə olunub. Hər daş divarın uzunluğu təxminən 25 metr və hündürlüyü 5 metrdir. Mərkəzdəki əsas dairəvi qüllənin hündürlüyü 12 metr, divarları demək olar ki, 2 metr qalındır. 
  Hazırda qala 3 mərtəbədən ibarətdir. Bunlardan birincisi, alçaq, digər iki mərtəbə isə daha hündürdür. Mərtəbələrə keçid divarın içində tikilmiş pilləkənlər vasitəsilə olub. Hər mərtəbədə xüsusi pilləkənlər olub. Belə hesab edilir ki, hər mərtəbədə özünəməxsus pillələrin olması qalanın digər mərtəbələrinə hücumu çətinləşdirmək üçün edilib. Qalanın döşəməsində yeraltı quyuya aparan xüsusi keçid olub. Bu yeraltı quyu ilə kəndin müxtəlif hissələrinə yollar gedir. Divarın içərisində mərtəbədən mərtəbəyə və abidənin damına aparan pilləkən var. Qadağalara baxmayaraq, hər il bu gözəl və sirli memarlıq abidəsini ziyarət etməyə çalışıram. Qalanın 700 ildən çox yaşı var və bu gün qala baxımsız vəziyyətdədir. Qala divarları artıq sıradan çıxıb və qəzalı vəziyyətdədir”.