"Xocalı faciəsi zamanı 4 nəfər ailə üzvümü və 51 nəfər yaxınlarımı itirmişəm”.
Bunu "Sherg.az"a açıqlamasında “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı, publisist Səriyyə Müslümqızı deyib.O bildirib ki, Xocalının hər tərəfi erməni yaşayış məntəqələri ilə əhatə olunduğu üçün, hamı ermənilər tərəfindən belə bir hücumun olacağını gözləyirdi:
"Ümumiyyətlə, 1988-ci ildən artıq biz görürdük ki, azərbaycanlıların hüquqları tapdalanmağa başlayıb və müdəfiəsi yoxdur. Ona görə də biz hücumun labüd olduğunu bilirdik. Lakin faciənin miqyasının bu dərəcədə böyük olacağını ağlımıza gətirmirdik. Bunu bilə-bilə əhalinin oradan çıxarılmamasının səbəbi isə, o vaxtkı hakimiyyətin insanların təxliyyəsinə şərait yarada bilməməsidir. Əslində o insanlarıq Xocalıda saxlanmasının özü belə böyük bir cinayətdir. Çünki müharibənin qanunları var və buna əsasən mülki əhali döyüş zonalarından çıxarılmalıdır. Biz Xocalıda dörd il zirzəmilərdə gizlənərək, ağır şəraitdə yaşadıq. Həmçinin bizim doğmalarımız və onların məzarları Xocalıda olduğu üçün oranı tərk etməyi ağlımıza gətirmədik. Digər tərəfdən bu gün Xocalı ilə bağlı dünyada verilən statistik rəqəmlərin əksəriyyəti düzgün deyil. Orada daha çox insanın soyqırımına məruz qaldığı aşkardır".
S.Müslümqızının sözlərinə görə, 1992-ci il fevralın 27 də xarici jurnalistlər qrup düzəldərək, həmin gün Xankəndinə səfər etdilər:
"Ancaq qrupdakılar yalnız xarici media nümayəndələri idi. Azərbaycanlı və türk jurnalistləri isə özləri ilə aparmadılar. Xocalıda əsir götürülən əhali Xankəndinə aparılmışdı və orada işgəncələrə məruz qalırdı. Xarici jurnalistlər də sırf ora səfər edirdi. Onların içində doğru məlumat verən də oldu, verməyəndə. Bizim ora gedə bilmədiyimiz üçün isə Azərbaycan informasiya blokadasına düşdü və hadisələr yalnız ermənilərə sərf edəcək formada dünyaya çatdırıldı".
Sədr qeyd edib ki, aparıcı dövlətlərin Xocalı soqrımını hələ də tanımaması isə düşündürücü haldır:
“Bunun səbəbi isə Diasporla iş Komitəsinin təbliğatı düzgün aparmamasıdır. Təəssüf ki, bu gün xarici ölkələrdə Xocalı soqrımının canlı şahidi olan bir nəfər belə səfərlərə aparılmır. Ümumiyyətlə, dünya təcrübəsində soyqrımını yaymaq üçün hadisə qurbanları önə çıxarılıb dünyaya tanıdılmalıdır. Bunu üçün biz daha mütəşəkkil işləməli idik. Hətta bu 31 il ərzində hadisə şahidlərinin əksəriyyəti dünyasını dəyişib.
Heç olmasa bizim Xocalı gənclərimizi xarici səfərlərə aparılaraq, dünya qarşısına çıxarmalıyıq. Mən bəzi millət vəkillərinə dəfələrlə müraciət etdim ki, heç olmasa bizim Xocalı şahidi olan gənclərimizdən bir neçəsini təşkilatlarda çıxış etmək üçün göndərin. Ölkə rəhbərimiz Xocalı soyqırımının təbliği olunması ilə bağlı yetərincə göstərişlər verib və maliyyə ayırıb. Ancaq yanlış insanların yönləndirilməsi dövlətimiz bundan yararlanmasına mane olur. Hadisənin şahidi olmayan biri soyqrımından nə danışacaq ki?!".
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edərək soyqrımı törədiblər. Xocalı Soyqrımı nəticəsində 613 nəfər həlak olmuş, 487 nəfər yaralanmış, dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.