Ceyran Əzizova: “Erməni separatçılarının, erməni cəlladlarının başımıza nələr gətirdiyindən danışmaq biz xocalılar üçün işgəncədir”
“Ümummilli Lider Heydər Əliyev deyirdi ki, qalib gəlmək üçün bizə güclü iqtisadiyyat lazımdır. Azərbaycan iqtisadiyyatını gücləndirdi və Qarabağımızı işğaldan azad etməyimizdə bunun böyük rolu oldu”.
Bu sözləri “Şərq”ə açıqlamasında Xocalı sakini, 1992-ci ilin faciəli fevral gecəsində evini, ailə üzvlərini itirmiş, doğma evindən, obasından didərgin salınmış Ceyran Əzizova söylədi. Ceyran xanım hesab edir ki, Xocalı faciəsinin dünya miqyasında daha geniş tanıdılması, xocalıların “Ədalət!” hayqırtısını dünya dövlətlərinin eşitməsi və ədalətin bərqərar olması üçün irihəcmli layihələr həyata keçirilməlidir:
- Xocalı ilə bağlı iş görən, çalışan qeyri-hökumət təşkilatları azdır. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi bu istiqamətdə çalışır. Bilirik ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və iştirakı ilə “Xocalıya Ədalət” kampaniyası keçirildi. Xocalı faciəsinin dünyada tanıdılmasında bu kampaniya böyük əhəmiyyət daşıdı. Amma qeyri-hökumət təşkilatlarının bu istiqamətdə fəaliyyəti qənaətbəxş deyil. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Xocalı soyqırımının tanıdılması istiqamətində daha çox layihələri maliyyələşdirməlidir. Bu işə lazımi miqdarda, hətta deyərdim ki, daha çox maliyyə ayrılmalıdır. Bu, bizim ictimai təşkilatların əsas işi olmalıdır.
Dövlət də bu işlərə dəstək verməlidir. Çünki güclü maliyyə dəstəyi olmadan ictimai birliklər geniş fəaliyyət göstərə bilmir. Xarici ölkələrdə aksiyalar təşkil etmək, tədbirlər keçirmək, kitab nəşrləri, sənədli filmlərin nümayişi, xarici ölkə vətəndaşlarının, vətəndaş cəmiyyəti institutu nümayəndələrinin bu tədbirlərə cəlb edilməsi maliyyə təminatına bağlıdır. Maliyyə təminatı olmayanda fəaliyyət gərəkən formada olmur.
C.Əzizova qeyd etdi ki, Xocalı faciəsinin tanıdılması işi ölkə hüdudlarından kənara çıxmalıdır:
- Daxildə nə qədər danışacağıq Xocalıdan? Bizim səsimiz ölkə daxilində məhdudlaşmamalıdır. Biz Xocalının səsini dünyaya eşitdirməliyik. Demirəm ki, indiyədək iş görülməyib, bu, böyük ədalətsizlik olar. Lakin yenə də azdır. Xocalıda yaşananlar, erməni cəlladlarının xalqımıza, qarabağlılara, o cümlədən də xocalılara, Malıbəyli, Qaradağlı, Quşçular, Kərkicahan... bütün Qarabağın azərbaycanlı əhalisini, məhz türk olduqları üçün soyqırıma məruz qoymaları, qadın, qız, körpə, gənc demədən vəhşicəsinə qətl etmələri müqabilində bizim fəaliyyətimiz yetərsizdir. Xocalı soyqırımı unudulacaq faciə deyil. Erməni separatçılarının, erməni cəlladlarının başımıza nələr gətirdiyindən danışmaq biz xocalılar üçün işgəncədir. Amma bunu deməliyəm ki, mən Xankəndidə mühasib peşəsi üzrə təhsil almışam, İpək fabrikində çalışmışam.
Təhsilimi başa vurduqdan sonra Xocalıdakı uşaq bağçasında mühasib işləyirdim. Xocalı faciəsindən 3 il əvvəl ailə qurmuşdum, 2 övladım dünyaya gəlmişdi. Biz də digərləri kimi rahat həyat yaşayırdıq, ailəmiz, gələcəyimiz, övladımızın xoş gələcəyi ilə bağlı arzularımız vardı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qiyamətədək unudulmayacaq faciə yaşadıq. Bunu illərlə bizimlə qonşu olan, özlərini dost kimi göstərən ermənilər etdi. Həmin gecə bizim böyük nəslimizin də soyqırımı oldu. Atam, bacım, həyat yoldaşım, qayınanam, bir qaynım, digər qaynımın da 17 yaşlı oğlu, baldızıım yoldaşı, bibim uşaqları – bir nəsildən 68 nəfər ermənilər tərəfindən qətlə yetirildi. Yalnız qayınanam əsirlikdən qayıtdı, onu başqa girovlarla dəyişdirmişdilər. Həyat yoldaşıma ermənilər işgəncə verib, sonra da tankla üzərindən keçmişdilər...
Hələ də xəbər almadığımız, öldüsü-qaldısı bilinməyən qohumlarımız var. Bəlkə onlar da separatçı erməni cəlladlarının qazdığı hansısa kütləvi məzarlıqda basdırılıb... Xocalılar dünyada bənzəri olmayan işgəncələrə, soyqırıma məruz qalıb. Biz erməni cəlladlarının bu vəhşiliyini dünyaya çatdırmaqdan əl çəkməməli, bu işdən yorulmamalı, erməni cinayətkarlara ədalətli hökm çıxarılanadək mübarizəmizi davam etdirməliyik.
Dünyada ədalətin qulaqları kardır, sanki. Bilirik qulaqlarını niyə qapayırlar, həqiqəti görməzdən gəlirlər, ermənilərə havadar çıxırlar. Ona görə söhbətin əvvəlində mərhum Heydər Əliyevin güclü iqtisadiyyatla bağlı fikrini xatırlatdım. Qələbə həm də güclü maddiyyatdan keçir. Ölkəmiz, dövlətimiz gücləndikcə bizi eşitməyə başlayacaqlar, buna məcbur olacaqlar. Biz də səsimizi ucaltmalıyıq. Hər ağızdan bir səs çıxsa, nəticədə gurultuya çevriləcək. Səsimizi qaldırmalıyıq ki, qulaqları tıxanmışlara çatsın.
Bunun üçün də ictimai təşkilatları fəallaşdırmaq lazımdır. Dünyanın müxtəlif ölkələrinə səfərlər təşkil etmək, Xocalı faciəsini anladıb, ədalət tələb etməliyik.