Böyük şərəf və məsuliyyət hissi daşıyacaq


Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı xüsusi xidmətlərə görə veriləcək

 Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək. Bu barədə qanun layihəsi Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. 
  Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, bir konfransda Çingiz Aytmatova nə üçün Nobel mükafatı verilməməsi barədə danışıb. Konfransdan sonra Çingiz Aytmatov onu otağına çağırıb: “Bir dəfə Türkiyədə Çingiz Aytmatova həsr edilmiş məclisdə niyə Aytmatovun Nobel mükafatı almaması müzakirə olundu. Mən dedim ki, bu mükafatın fondu əslində qədim Bakı pullarının əsasında qurulub. Çingiz məni çağırdı, dedi ki, Nobel mükafatı məsələsində onu aldatdılar. O, mənə Nobel mükafatına alternativ bir mükafat yaratmağın mümkünlüyü barədə ideya verdi. Aytmatov bildirdi ki, dünya tarixində incəsənətə, ədəbiyyata, sənətkara qiymət baxımından Heydər Əliyev ilə müqayisə olunacaq adam azdır, bəlkə də yoxdur. O qeyd etdi ki, Azərbaycan Nobel mükafatına alternativ mükafat təsis etsin və mükafatın adını “Heydər Əliyev beynəlxalq mükafatı” qoysun. Bundan sonra düşündüm ki, mükafatın məbləğini Nobel mükafatından artıq qoysaq, Nobel üçün sıraya düzülənlər Bakıda sıraya düzüləcək və ədəbiyyata, sənətə qiymət vermək imtiyazı Azərbaycanın əlinə keçəcək. Bu fikri indi burada səsləndirməyi özümə borc bilirəm. Hesab edirəm ki, bu fikirlər Prezident İlham Əliyevə çatar və ola bilsin, bu mükafatın yaradılması barəsində düşünər". 
  Millət vəkili Azay Quliyev deyib ki, "Heydər Əliyev" ordeninin statusu fərqli olduğundan, bu ali mükafat xüsusi hallarda və ölkəmizin qarşısında müstəsna xidmətləri olan şəxslərə və bir qayda olaraq xarici ölkə başçılarına verilir. "Heydər Əliyev" ordeni indiyə kimi 16 nəfəri xarici vətəndaş olmaqla cəmi 26 nəfərə verilib. Deputatın sözlərinə görə, bu gün dövlətinə, xalqına və Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edən yüzlərlə, minlərlə soydaşımız var ki, onların fəaliyyətini stimullaşdırmaq və qiymətləndirmək üçün Ulu Öndərin adı ilə bağlı başqa bir təltifin təsis olunmasına çox böyük ehtiyac vardı: "Xüsusilə qeyd olunmalıdır ki, yubiley medalı ilə təltif ediləcək şəxslərin əhatə dairəsi çox həssaslıqla, dövlətçilik məfkurəsindən və prinsiplərindən irəli gələrək müəyyənləşdirilir. Əsasnaməyə əsasən, yubiley medalı Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə, dövlət quruculuğunda, azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində, beynəlxalq əməkdaşlığın inkişafında, dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına və s. məqamlara görə ölkə vətəndaşlarına, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə, beynəlxalq təşkilatlara veriləcək. Təltif olunan şəxslərinin əhatə dairəsindən də göründüyü kimi, yubiley medalının təsis olunması dövlətçilik ənənələrimizin və milli maraqlarımızın qorunmasına, ölkəmizin tərəqqisinə və güclənməsinə xidmət edəcək. İnanıram ki, bu medalla təltif olunacaq hər bir şəxs onu böyük şərəf və məsuliyyət hissi ilə daşıyacaq və hər zaman Heydər Əliyev yoluna və siyasi kursuna sadiq olacaq".