Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Ümumilli Lider Heydər Əliyevin yüzillik yubilleyinə həsr olunmuş tədbirlər davam edir. Analoji tədbirlərdən biri də Abşeron rayonu Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə baş tutub. "Dahi" adlı tədbirdə məktəbin pedaqoji heyəti ilə yanaşı şəhid ailələri və qazilər də iştirak ediblər. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu öndər Heydər Əliyevə həsr edilən video-çarx nümayiş etdirilib.
Daha sonra Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin direktoru Fəxriyyə Hüseynova çıxış edərək, Ümummilli liderin təhsilin inkişafına verdiyi töhfələrdən bəhs edib. O bildirib ki, xeyirxah, yaradıcı, millətini daim uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar:
"Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev də xalqın böyük dəyərinə, ümid və and yerinə çevrilərək, əbədiyyətə qovuşub".
Bundan başqa, tədbirdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyev bütün müsbət xüsusiyyətləri ilə yanaşı, həm də böyük ürək sahibi idi:
"Onun üçün millət, xalq daha önəmli idi. Şübhəsiz ki, dövlətçilik, idarəçilik, regional siyasət elm, təhsil və mədəniyyət sahəsində yazılacaq sanballı kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq. Xalqımızın dahi oğlunun fəaliyyəti elmi və elmi pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcək. Bunun üçün biz təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür".
Ardınca şagirdlərin ifasında Ümummilli lider Heydər Əliyevə həsr edilən şeirlər səsləndirilib, müxtəlif musiqilər ifa olunub.
Qeyd edək ki, Azərbaycan xalqı onun ayrı-ayrı nümayəndələri Heydər Əliyevi haqlı olaraq xilaskar adlandırıblar. Bunun başlıca səbəbi isə Heydər Əliyevin daim öz xalqı ilə birlikdə olması idi. "Heydər Əliyev xalq, xalq Heydər Əliyev" birliyinin qüdrəti və qüvvəsi bu faktla isbat edilir. Hər kəsə məlumdur ki, müasir Azərbaycanın memarı və qurucusu Ümummili lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin xalqının saədəti, dövlətimizin müdafiə qüdrətinin yüksəldilməsi, dövlətçiliyin möhkəmlənməsi, milli müstəqilliyimizin əbədiyaşar olması uğrunda mübarizəsi davam edir və edəcək.