Atatürkü Azərbaycanı ruslara satmaqda, bolşeviklərə "hədiyyə" etməkdə günahlandırırlar. Əslində, həqiqəti bilmədən, XX əsrin ilk iki onluğunun tarixini oxumadan, Atatürkün irsindən, yazışmalarından, teleqramlarından xəbərsiz olanlar "Azadlıq" radiosunun bu mövzuda açdığı debata öz şərhlərini yazırlar. Olsun. Fikir bildirmək, məsələlərə fərqli münasibət sərgiləmək hər kəsin halal haqqıdır. Tarixi şəxsiyyətlərə müxtəlif rakurslardan yanaşmağın özündə də bir fayda var. Ancaq yanaşmalarda, mübahisələrdə hakimlik statusunda əlahəzrət fakt və bir də ən önəmlisi məntiq dayanmalıdır. Atatürkün Azərbaycanı ruslara "təhvil verməsini" dəstəkləyənlərin şərhləri nədənsə, əksəri rusca yazılıb. Deməli, ötən onilliklərdə rusca yazılan və yalanlarla dolu olan tarix yenə də hökmü-fərmandır.
Azərbaycan türkcəsində ilk Azərbaycan tarixi kitabı 1965-ci ildə çap olunub və elə o dönəmdən də həqiqətlər qırmızı rəngə boyanıb. Orada Azərbaycanın həqiqi tarixi coğrafiyası, siyasi mübarizə tarixi, hərb tarixi bu qırmızı yalanların içərisində itib-batıb. Rusca yazılanlarda da Azərbaycanın gerçək tarixini təhrif edib, Azərbaycanın Rusiya tərəfindən işğalına bayram əhval- ruhiyyəsi qatılıb. İndi, müstəqilliyimizin 20-ci ilində də çrx təəssüf ki, həmin yazılanlar təkrar olunur. Azərbaycanı Bakıya və əyalətlərə parçalayıb, özü üçün Bakı neftini seçib götürən Rusiyanın imperiya siyasətini bir kənara atanların Atatürkü hədəf seçmələrini anlamaq olmur. Bircə suala düzgün, obyektiv cavab lazımdır, Azərbaycanı kim istila edib, bolşevikləşdirdi? 1919-cu ildə Samsunda istiqlal savaşına çıxıb, Türkiyəni parçalanmaqdan xilas edən Atatürk 1918-ci ilin 28 mayında qurulan Azərbaycan Xalq Cümhuriyyətinin necə devirə bilərdi? Mustafa Kamal Paşanın çox çətinliklə, Sultanın nəzarətində olan İstanbul hökumətinin təzyiqi, təhdidinə baxmayaraq Anadoluda formalaşdırdığı Türkiyə Böyük Millət Məclisinin açılışı 1920-ci il aprelin 23-də baş tutdu. Cümhuriyyətin süqutu isə elə həmin il aprelin 27-də Sovet Rusiyası tərəfindən reallaşdırıldı. Vaxt fərqinə baxın. 4 gün içində Atatürk Azərbaycanı necə "sata", bolşevikləşdirə bilərdi? Hansı ki, Azərbaycan Cümhuriyyəti Türkiyənin (Osmanlıda oxuya bilərsiniz) hərbi-siyasi dəstəyi, erməni-bolşevik, ingilis birləşmələrinə qarşı apardığı 6 aylıq müharibənin nəticəsində təşəkkül etdi. Bu istiqlal savaşında Azərbaycanın igid oğullarıyla birlikdə 1160 türk əsgəri şəhid oldu. Bu şərəfli tarixi prosesdən düz iki il sonra Mustafa Kamal Paşa Türkiyənin siyasi səhnəsinə ayaq basdı.
AXC-ni öz daxilimizdəki parçalanmalar, yersiz didişmələr, "İttihad"çılar, sosial-demokratlar, "Hümmət"çilər yıxdı. Və bir də ən əsası 1914-cü il Çar Rusiyasının sərhədlərinin bərpasının beynəlxalq davasını aparan bolşevik Rusiyası. Sovet Rusiyasının xarici işlər naziri Çicerin gündə bir bəyanat yaydı, Azərbaycanın müstəqilliyini tanımadı. Təxribatlar, qarşıdurmalar, qətillər törədildi. Nəticəsi isə 70 illik hökmranlıq oldu.
Müzakirələrdə ən çox hallandırılan Atatürkün Müsavat hökumətinə qarşı mübarizə aparması haqda deyilənlərin bir çoxunun heç bir əsası yoxdur. Sadəcə, Atatürkün Türkiyənin Şərq Orduları komandanı Kazım Qarabəkir Paşaya göndərdiyi teleqramda yazdığı "əlimizdə bir quruş para yox, bolşeviklərlə təmasa keçin, yardım alın" kəlamını əsas gətirirlər. Həmin teleqramın tarixinə baxılsa, görünər ki, Rusiya həmin vaxt Azərbaycanı çoxdan işğal etmişdi. Atatürkün Müsavat hökuməti ilə əlaqələrinə gəldikdə, bu Cümhuriyyətin son aylarına təsadüf edir. Hüseyn Baykara özünün "Azərbaycanın istiqlal mücadiləsi tarixi" kitabında bu barədə yazır ki, Nəsib bəy Yusifbəyli hökuməti Atatürkün rəhbərlik etdiyi Türkiyənin istiqlal savaşına öz köməkliklərini göstərəcəklərini vəd edib. 1,5 milyon fransız frankı miqdarında pul yardımı göstərən çek və neft qəbzlərini imzalayıb.
Bundan başqa, Nəsib bəy Yusifbəylinin Türkiyədən Mustafa Kamalın yaxın dostu Rauf Orbayın Azərbaycana gəlişinin lazım olduğunu söyləyərək yardımların hansı yolla göndəriləcəyiini nümayəndələrin diqqətinə çatdırıb. Bu barədə daha geniş, əsaslı şəkildə Kazım Qarabəkir Paşa "İstiqlal hərbimiz" əsərində məlumatlar verir. Müzakirələrdə, şərhlərdə deyildiyi kimi, əgər Atatürk Azərbaycan Cümhuriyyətini qəbul etmirdisə, bəs onda Cümhuriyyət qurucularını, Əhməd bəy Ağaoğlunu, Əlibəy Hüseynzadəni, M.Ə.Rəsulzadəni, Nağı bəy Şeyxzamanlını niyə öz ətrafına buraxırdı? Yaxud 1920-ci ilin mayın 25-də Gəncədə üsyan qaldıran və məğlub olaraq Qarabağa, oradan İran yoluyla Türkiyəyə adlayan və Türkiyənin istiqlal savaşına qatılan 100-lə Azərbaycan hərbçisini necə qəbul edər? Cümhuriyyət ordusunun cəsur hərbçilərindən Cavad bəy Şıxlinskini, Səməd bəy Rəfibəyovu (Sayğını), Osman Alqazağı (Gülməmmədovu), Cahangir bəyi Türkiyə ordusunun ali komandanları sırasına qatması Atatürkün Azərbaycana inamından doğurdu.
***
Atatürkün Sovet Rusiyası, konkret Leninlə yaxınlığının tək səbəbi dünya siyasətinə həlledici təsir göstərən qalib ordular komandanı İngiltərə idi. Böyük Britaniya bolşevizmi dünyanı bürüyəcək kabus kimi dəyərləndirir və bolşevik Rusiyasına qarşı Kolçakı, Denikini dəstəkləyər və onları silahlandırırdı. İngiltərənin baş naziri Lloyd Corc bolşevik Rusiyasının, Leninin düşməni idi. Türkiyədə eyni aqibətlə üzləşmişdi. İngilislər Sultan hakimiyyətini formal saxlayaraq Türkiyə ərazilərini müttəfiqlər tərəfindən zəbt olunmasını həyata keçirirdi. Artıq yunanlar ingilislərin dəstəyi ilə İzmiri işğal etmişdi. Türkiyənin əksər bölgələrinə ingilislər öz əsgərlərini yerləşdirmişdi. Beləliklə də, Atatürkün Anadoluda yaratdığı Milli Müqavimət Hərəkatı hədəf alınmışdı. Belə bir tarixi situasiyada Atatürk Leninlə yaxınlaşmalı oldu. Yəni bu iki tarixi şəxsiyyəti birləşməyə düşmən məcbur etdi. Leninin göstərişi ilə Türkiyəyə Atatürklə danışıqlara nümayəndə heyəti göndərildi. Sovet Rusiyası Türkiyəyə bir neçə dəfə hərbi və maliyyə yardımları etdi. Bu barədə son illər Türkiyədə M.Perençikin çap edirdiyi tarix kitablarında yetərincə məlumatlar var.
O da doğrudur ki, Türkiyəyə göndərilən yardımların çoxunu Nəriman Nərimanov Azərbaycanın imkanları hesabına edirdi. İkinci İnönü Savaşından öncə Mustafa Kamal Paşa Türkiyənin Azərbaycandakı səfiri Məmduh Şövkət bəy vasitəsilə Nərimanova borc üçün müraciət etdi. Ankaraya 500 kq. qızıl və xeyli sayda silah-sursat göndərən Nərmanov Atatürkə yazırdı: "Qardaş qardaşa əl tutar, borc verməz".
Rusiya etdiyi köməkliyin müqabilində Türkiyədə öz ideoloji siyasətini həyata keçirməyə çalışır, Türkiyəni bolşevikləşdirdiyi əsas məqsədlərindən biri kimi qəbul edirdi. Məsələ bundadır ki, Bakıda Türkiyə Kommunist Partiyası elan olunmuş,Azərbaycanda yaxşı tanınan yazar, əqidəcə solçu Mustafa Sübhi fəal mübarizəyə qoşulmuşdu. Mustafa Kamal bu ideoloji basqılara sinə gərir, zahirən Rusiyanı qıcıqlandırmır, davamlı olaraq öz siyasətini həyata keçirirdi. Moskva etdiklərinin müqabilində Ənvər Paşanı Atatürkə qarşı qoyurdu.
Ənvər Paşanın 1920-ci ilin sentyabrında Bakıya Şərq xalqlarının qurultayına qatılması da bu səbəbdən idi. Bəzi tarixçilər Bakını ruslara təhvil verən türk ordusu zabitlərindən Xəlil Paşanın adını çəkirlər. Xəlil Paşa Ənvər Paşanın əmisi idi. 1918-ci ildə Azərbaycanın İstiqlal savaşına qatılan, Qafqaz İslam Ordusunu formalaşdıran, ordu komandanı kimi döyüşlərə komandanlıq edən Xəlil Paşa müəyyən təsirlərin nəticəsində və əmisinin Moskvada olma səbəbindən bolşeviklərin tərəfindəndəydi. Bəli, həqiqət odur ki, Bakıya yeridilən XI Qızıl Ordunun komandanlarından biri kimi şəhərə daxil oldu. Guya, bu ordu Türkiyəyə Anadoluda başlayan Milli Müqavimət Hərəkatına dəstək üçün gedəcəkdi. Rusiya Atatürk-Ənvər Paşa qarşıdurması yaratmaq, onları zəiflətmək və sonra Türkiyəni bolşevikləşdirmək istəyirdi. Bütün bu oyunların qarşısını isə Atatürkün iradəsi aldı.
***
Nəriman Nərimanov kimi Müstəqil Sovet Azərbaycanı ideyasını qəbul edən Atatürkün əsas səylərindən biri sovet Rusiyasının Azərbaycana qarşı istifadə etdiyi "mübahisəli ərazilər" məsələsinə qətiyyətli müqavimət göstərmək idi. Buna bir örnək olaraq Mustafa Kamal Paşanın Türkiyə-Rusiya danışıqları aparan nümayəndə heyətinə və Şərq orduları komandanı Kazım Qarabəkir Paşaya göndərdiyi direktivi göstərmək olar. 1920-cim ilin 1 dekabr tarixli şifrəli təlimatında Mustafa Kamal Paşa müzakirələrdə Azərbaycanla bağlı konkret mövqe ortaya qoyulmasını şərt kimi irəli sürdü. Direktivin 13-cü maddəsində göstərirdi ki, Azərbaycanın tamamən və həqiqətən müstəqil bir dövlət olmasına tərəfdarıq: "Bunun üçün Rusiyanı gücləndirməmək və əndişə yaratmamaq şərtilə təşəbbüslər göstərmək lazımdır. Bu cəhətdən məmləkətin öz təbii sərvətlərinə, neft və başqa istifadə qaynaqlarına sahib olması üçün çalışmaq gərəkdir".
Stalinin təkidi, Orcenikidzenin səyi ilə 1920-ci ilin dekabrın 1-də Zəngəzurun, Naxçıvanın, Qarabağın Ermənistana verilməsi barədə bəyanat səsləndirən N.Nərimanovu çıxılmaz vəziyyətdən yenə də Atatürk çıxardı. Türkiyə-Rusiya danışıqlarında Türkiyənin nümayəndə heyəti Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasında təkid etdilər. Atatürkün direktivində danışıqlarda iştirak edən nümayəndələrə Azərbaycanın parçalanmasına yol verməmək üçün konkret tapşırıqlar vardı: "10 sentyabr 1920-ci ildə ruslar və ermənilər arasında imzalanan atəşkəs anlaşmasında Azərbaycana zərər verəcək maddələrin çıxarılmasına çalışılacaq və hər millətin müqəddəratına hakim olması düsturuna əsasən Qarabağ kimi türk əksəriyyəti ilə məskun yerlərin Azərbaycana bağlı olması təmin ediləcəkdir".
Göründüyü kimi Atatürk Naxçıvanın, Qarabağın Azərbaycanın tərkibində olmasında israrlıydı. Və danışıqlarda da bu iddianı təmin etdi.
Mustafa Kamal Paşa nümayəndə heyətinə, ordu komandanlığına tapşırırdı ki, Azərbaycanın bütövlüyü məsələsində ruslara qarşı diplomatik gedişlər edilməlidir. Başlıcası isə, rusları inandırmaq lazımdır ki, onların Azərbaycana qarşı həyata keçirəcəkləri siyasət "İslam aləminin bolşevikləri sınamaq üçün" yetərlidir. Yəni Azərbaycana qarşı hər hansı haqsızlıq əski Çar Rusiyasındakı müsəlmanları, türkləri qıcıqlandıracaq və bolşeviklər bundan ziyan çəkəcəklər.
Atatürkün hələ bu sayaq şifrəli teleqramları çoxdur. Təəssüf ki, geniş tədqiqata cəlb olunmayıb. Yuxarıda qeyd olunan tək bu direktiv yetər ki, Atatürkün Azərbaycan sevgisinə kölgə salınmasın.
***
Azərbaycan bolşevikləşəndən sonra Pankratovun qanlı baltasından, repressiya maşınından xilas olmaq üçün Azərbaycan ziyalılarının, milli burjuaziya nümayəndələrinin tək sığınacaq yeri Türkiyə idi. Rusiya ilə dostluq, əməkdaşlıq müqavilələrinə baxmayaraq Atatürk bolşevizmin öz doğma torpaqlarından, vətənlərindən qovub-çıxardığı Azərbaycan türklərini qorudu. Türkiyədə böyük mühacirlər ordusunu qoruyub saxlamağın özü böyük bir sevginin, türk qardaşlığının təcəssümüdür.
... Bir gün Atatürk Türkiyə məktəblərinin birini ziyarət edir. Məktəbin önündə bu böyük şəxsiyyəti qarşılayan, ona xoş gəldin deyən Azərbaycanın mühacir balası balaca Dilarə idi. Şirin Azərbaycan türkcəsini dinləyib, gözləri yaşaran Türk dünyasının Atası Dilarənin başını sığallayıb ona təhsilində uğurlar arzuladı və bu balaca məktəbliyə "gələcək üçün hazır ol, sən Azərbaycana lazımsan" - dedi.
...Və bir də 1933-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 10 illiyində Atatürk Azərbaycanın istiqlal arzusunu dilə gətirdi: "Bütün imperiyalar yaranır, yaşayır və parçalanır. Bu gün imperiyalar içində çırpınan qan və din qardaşlarımız var. Vaxt gələcək onlar öz müstəqilliklərinə qovuşacaqlar. Siz buna hazır olmalısınız".
Atatürkün Azərbaycan sevgisinə bələnən bir deyimi də var: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir".
Budur böyük Atatürkün müstəqil Azərbaycan sevgisi. Kimsə bu sevgiyə kölgə sala bilməz…